"Prezidentin zaman-zaman səfərlər etməsi təsadüfi deyil" - ŞƏRH EDİLDİ

"Azərbaycan Respublikasının Prezidentinin ölkənin müxtəlif bölgələrinə zaman-zaman səfərlər etməsi təsadüfi deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ işğaldan azad olundu və ölkənin bütün diqqəti bu bölgənin bərpasına yönəldi: "Hazırda orada genişmiqyaslı quruculuq və dini tikinti işləri aparılır. Bu da təbiidir, çünki həmin torpaqlar uzun illər baxımsız qalıb və yenidən canlandırılmasına ehtiyac var. Bu proses başladıqda cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, dövlətin əsas resursları Qarabağa yönəldiləcək və digər bölgələrdəki abadlıq, yenidənqurma işləri müəyyən qədər ləngiyəcək. Lakin son beş ildə müşahidə etdik ki, Azərbaycan Prezidenti təkcə Qarabağın azad olunması və bərpası ilə kifayətlənmədi, ölkənin digər bölgələrini də diqqət mərkəzində saxladı. Bu, bir daha onu göstərdi ki, regional inkişaf balanslı şəkildə aparılır. Eyni qaydada, Prezident ölkənin müxtəlif bölgələrinə səfərlər etməklə, təkcə paytaxt və ya mərkəzi bölgələrə deyil, ümumilikdə ölkənin hər bir bucağına diqqət göstərildiyini nümayiş etdirir. Bu da artıq bir faktdır. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının bütün bölgələrinin bərabər şəkildə inkişafına nə qədər böyük maraq göstərdiyini göstərir. O, ölkənin iqtisadi gücünü artırmağa qətiyyətlidir və diqqətini heç bir bölgəni ayrı-seçkilik etmədən, hətta çətinliklərə baxmayaraq, bu cür mühüm layihələrin icrasına yönəldir.

Xüsusilə qeyd etmək lazımdır ki, Yevlax kimi ölkənin mərkəzində yerləşən və strateji əhəmiyyətə malik bir bölgədə, eləcə də Mingəçevir kimi digər bölgələrdə belə layihələrin həyata keçirilməsi Azərbaycan dövlətinin bütün rayonlara bərabər diqqət ayırmasının bariz nümunəsidir.

Ölkəmizin iqtisadi inkişafına yeni bir güc qatılmışdır. Azərbaycan iqtisadi potensialını daha da artırmışdır. Bütün bu uğurların arxasında Prezident İlham Əliyevin böyük zəhməti və liderliyi dayanır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə