MM qanunvericilikdə "ərazi müdafiəsi" anlayışının təkmilləşdirilməsini qəbul edib
Milli Məclis "Müdafiə haqqında" qanunda təsbit olunan "ərazi müdafiəsi" anlayışının təkmilləşdirilməsini ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, "ərazi müdafiəsi" dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.
Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.
Layihədə həmçinin vurğulanıb ki, ərazi müdafiəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir.
Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə