Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTOLAR

Azərbaycanın Belçika Krallığındakı səfirliyində 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, rəsmi qəbulda Belçika XİN-in və Avropa İttifaqının nümayəndələri, Brüsseldəki diplomatik korpusun üzvləri, elm və incəsənət xadimləri, media nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov çıxış edərək müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən oğullarının fədakarlığından danışıb.

Səfir geostrateji gərginlik və beynəlxalq nizamın parçalanması fonunda Azərbaycanın etibarlı və fəal ölkə kimi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sülhə, dialoqa və qarşılıqlı etimada söykənən təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırıb. Azərbaycanın əməkdaşlıq və çoxtərəflilik istiqamətlərində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söyləyən Vaqif Sadıqov ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyindən söz açıb. Diplomat 2024-cü ildə Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) uğurlu ev sahibliyi etməsini və iqlim maliyyəsinə dair razılığın əldə edilməsini önəmli beynəlxalq proseslərə Azərbaycanın töhfəsi olduğunu bildirib. Səfir 2026-cı ildə Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu və İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini qeyd edib. Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Belçika münasibətlərinin artan dinamika ilə inkişaf etdiyini vurğulayıb.

Diplomat Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən söz açaraq, cari ilin mart ayında iki ölkə arasında sülh müqaviləsinin razılaşdırılması ilə sülhün əldə edilməsinin daha yaxın olduğunu və bunun Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra Avropa ölkələrində yaşayan peşəkar azərbaycanlı musiqiçilər və rəqqaslar milli musiqimizi ifa ediblər və rəqslərimizi təqdim ediblər. Bu il Belçikada təsis edilmiş Avropada ilk Azərbaycan internet radiosu – “RadiOcto” kanalı rəsmi qəbulu canlı efirdə işıqlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə