"Gündəmimiz çox əhəmiyyətli hadisələrlə, uğurlarla zəngindir" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Jalə Əliyevanın SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycan Prezidenti İlham Əliyev bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı 218 nəfərə şamil olunub. Sərəncama münasibətinizi bilmək istərdik.

- Hal-hazırda çox aktual məsələ ətrafında müzakirə aparırıq. Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyev əfv sərəncamı imzaladı. Bu sərəncamla 218 nəfər, 16-sı əcnəbi olmaqla vaxtından əvvəl azadlığa buraxıldı. Bu sərəncam cənab Prezident tərəfindən imzalanan ilk əfv sərəncamı deyil. Hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində, əhəmiyyətli bayramlar ərəfəsində cənab Prezident tərəfindən əfv sərəncamları imzalanır. Bir az da geniş yanaşsaq, bilirik ki, Azərbaycanda son dövrlərdə bir neçə dəfə amnistiya aktları həyata keçirilib. Bu aktlarda birinci vitse-prezident Mehriban xanım Əliyeva hələ Milli Məclisin deputatı olan zaman irəli sürdüyü təşəbbüslər əsasında həyata keçirilib. Bu sərəncam, aktların hər birinin arxasında sadəcə bir imza, sərəncamdan irəli gələn addımlar dayanmır. Bu sərəncamların arxasında birbaşa insan taleyi, humanizm ideyaları dayanır. Ölkəmizin hər bir ölkə vətəndaşına eyni şəkildə yanaşdığının, kimliyindən asılı olmayaraq vətəndaşların hüquqlarını qoruduğunun və hər bir vətəndaşına daha yaxşı həyat arzu etdiyinin bariz nümunəsinə çevrilib. Bu gün məhkum olan şəxslərin belə həm şəxsi əmin-amanlığı, sağlamlığı, gələcək həyatı, ailəsinin təminatını həyata keçirmək üçün dövlət tərəfindən həyata keçirilən addımdır ki, biz bunu yüksək qiymətləndiririk və yüksək də qiymətləndiririk. Azərbaycan Prezidenti ilk dəfə hakimiyyətə gələndə, and içəndə " hər bir azərbaycanlının Prezidenti olacağam" demişdi. Bu, ötən illər ərzində atdığı bütün addımlarda, imzaladığı fərman, sərəncamlarda, həyata keçirdiyi layihələrdə həqiqətən də, hər bir Azərbaycan vətəndaşına yaxşı Prezident olmağı bacardığını sübut edir. Hətta cəmiyyətdən qanunlar çərçivəsində müəyyən məhdudiyyətlər tətbiq olunan insanların belə azadlığa çıxmasına şərait yaratması çox böyük humanizm dəyərlərindən xəbər verir. Bu, onların ailələrinin sevincinə səbəb olub. Bu sərəncama görə Prezidentimizə təşəkkür edirik.

- Prezidentin humanistliyini, qəlbindəki incə hissləri deyəndə nəyi nəzərdə tutursunuz?

- Bizi 2003-cü ildən 22 ilə yaxın müddət ayırır. Bu illər ərzində biz Prezidentin ilk dəfə verdiyi sözün arxasında nə qədər ciddi şəkildə dayandığını onun hər bir addımında şahid olduq. Cənab Prezident ölkədə bütün təbəqələrə, istər uşaq olsun, istər yaşlı, qadın, kişi olsun, hər bir vətəndaşına qarşı çox böyük diqqət və qayğı ilə yanaşdı. Ümumilikdə yanaşanda, əlbəttə ki, ayrı-ayrılıqda hər bir fərdə xitab edən sərəncamlara ümumi məzmunda baxanda bir anlıq sosial sahədə həyata keçirilən islahatlara baxaq. Bu, artıq bütün dünyada da təkzibolunmaz faktdır ki, Azərbaycan sosial islahatlar sahəsində inqilabi addımlar atdı. Həmin günə qədər mövcud olmayan layihələr həyata keçirildi. Bu islahatlarla Azərbaycanın bütün vətəndaşlarına xitab edildi. Hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün, ailəsinin daha rifah halında yaşaması üçün addımlar atıldı. Azərbaycan iqtisadi layihələrə imza atdı. Bu iqtisadi layihələrin hər birinin arxasında insan amili dayanır. Heç təsadüfi deyil ki, cənab Prezidentin ilk irəli atdığı aspektlərdən biri "insan amili ən əhəmiyyətli amildir, insan potensialı ən əhəmiyyətli potensialdır. Biz bütün addım, fəaliyyətimizdə bu amili gücləndirməyə çalışacağıq" olub. Biz keçdiyimiz illər ərzində bir-bir buna şahid olduq. Azərbaycan eyni zamanda bu gün, sadəcə, daxili siyasətini deyil, həm də xarici siyasətini balanslı şəkildə qurur. Xarici ölkələrlə beynəlxalq aləmlə qurulan balanslı siyasətin arxasında yenə də Azərbaycan vətəndaşı dayanır. Ölkənin sabitliyi demək vətəndaşın həyat şəraitinin daha da yaxşı olması deməkdir. Verilən əfv sərəncamlarının hər birinin arxasında insan taleyi dayanır. Bu insan taleyi sadəcə bir nəfərlə məhdudlaşmır, hər bir insanın aid olduğu ailələr də sevinir. Cənab Prezidentin əfv sərəncamı əslində Azərbaycanda bütün təbəqələrə xitab edən sərəncam olaraq qiymətləndirilməlidir.

- Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Bu gün müstəqil dövlətimizin inkişafı, beynəlxalq müstəvidə tutduğu mövqe ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Müasir müstəqil Azərbaycan Respublikası bundan 107 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz bu tariximizi yaşadırıq, bu tarixlə qürur duyuruq. Şərqdə ilk demokratik Cümhuriyyətin qurucularını bu gün ehtiramla yad edirik. Heç təsadüfi deyil ki, cənab Prezidentin sərəncamı, tapşırığı ilə Cümhuriyyətin qurucularının xatirəsini əbədiləşdirmək üçün Bakımızın mərkəzində xatirə kompleksi inşa edilib. Hər il ənənə halını alıb. Ölkə Prezidenti, birinci xanım bu abidəni ziyarət edirlər. Onların ruhu qarşısında ehtiramlarını ifadə edirlər. Bu yerdə Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevin bir kəlamını da mütləq xatırlamaq lazımdır. Heydər Əliyev deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. Bu, təkzibolunmaz faktdır. Ən azından özümüz də ötən əsrdə bunu yaşadıq. Bundan 107 il əvvəl qurulan amma çox təəssüflər olsun ki, daxili, xarici təzyiqlərlə, o zamanın şərtləri altında bu Respublika sadəcə 18 ay yaşadı. Ötən 70 il ərzində insanımız müstəqil olmaq arzusunu heç zaman itirmədi. Nəhayət, ötən əsrin sonlarına doğru Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdi. Lakin yenə də həmin andan etibarən Azərbaycanın qarşısına sədlər, problemlər, ölkənin vətəndaş müharibəsinə sürükləbməsi, xaos, hərc-mərclik, işğalla qarşılaşmağımız, öz torpaqlarımızda qaçqın vəziyyətinə köçməyimiz, Azərbaycana uzanan məkrli əllər, Azərbaycanı dünya xəritəsindən silmək təşəbbüsləri - bütün bunların qarşısında ancaq dahi bir lider dayana bilərdi. Azərbaycan xalqı öz seçimini etdi, Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Onun zamanında Azərbaycan məhv olmaqdan tamamilə xilas oldu. Yeni bir Azərbaycan quruldu. Azərbaycanın təməlləri həmin dövrdə atıldı. Ötən illər ərzində isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə Azərbaycan möhkəmləndi, daha da gücləndi. Azərbaycan dünyada çox güclü iqtisadi tərəfdaşlar qazandı. Bu gün sözün əsl mənasında özümüzün özümüz qarşısındakı etirafımız deyil, artıq bütün dünyanın da qəbul etmək məcburiyyətində olduğu bir fakt var ki, Azərbaycan bölgənin və dünyanın çox əhəmiyyətli, nüfuzlu ölkəsidir.

- Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidentinin Macarıstana qeyri-rəsmi işgüzar səfəri, bu səfər çərçivəsində həyata keçirdiyi görüşlər, eyni zamanda Türk Dövlətləri Təşkilatının dövlət başçılarının növbə Zirvə görüşündə iştirakı baş verib. Ötən il Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilmişdi. Bu estafeti bu gün Macarıstanın ələ alması həm də rəmzi məna daşıyır. Macarıstanın Azərbaycana verdiyi diqqət, əhəmiyyəti bir daha ortaya qoyur. Bu ölkədə olarkən cənab Prezidentin həm mətbuata verdiyi bəyanat, həm də dövlət başçılarının Zirvə toplantısındakı toxunduğu aspektlərin hər birində dəyişən dünya nizamı doğrultusunda Azərbaycanın yeri, atacağı addımlar, Azərbaycanın dəyişməz mövqeyi bir daha açıq şəkildə bəyan edildi. Burada ikinci Qarabağ müharibəsindən başlayaraq BMT nizamnamələrinə əməl edərək Azərbaycanın həyata keçirdiyi müharibə, sülh danışıqları ilə bağlı verdiyi məlumat, bu proseslərə Ermənistanın qərəzli şəkildə hər vəchlə mane olmağa çalışması faktlarının ortaya qoyulması, Azərbaycanın Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq haqqında fikirləri, Macarıstanın bu gün əhəmiyyətli olan Azəri-Çıraq-Günəşli yataqlarının təbii qaz ixracatı sahəsində əməkdaşlıq etməsi, bütün bu addımların arxasında iki dost və qardaş ölkə kimi göstərdiyimiz fəaliyyətin önə çəkilməsi faktları diqqət çəkdi. Zirvə toplantısı sırasında isə Prezidentin Türk Dövlətləri Təşkilatının bu günü və gələcəyi ilə bağlı fikirləri çox əhəmiyyətli idi. Gəlin, bir anlıq cənab Prezidentin Parlamentdə andiçmə mərasimində söylədiyi fikri yada salaq: "Bizim ailəmiz türk ailəsidir". Bu, çox əhəmiyyətli mesaj idi. "21-ci əsr türk dünyasının əsridir" deyilən ifadənin cənab Prezident tərəfindən bariz şəkildə bir daha ortaya atılan, öz təsdiqini tapan, eyni zamanda müdafiə edilən fikir idi. Ölkəmizdə keçirilən beynəlxalq toplantı olan İslamofobiya ilə mübarizə sahəsində həyata keçirilən toplantı və bu toplantıya cənab Prezidentin verdiyi bəyanat özlüyündə bir daha göstərir ki, bu gün bütün dünyanı narahat edən bəzi ünsürlər var ki, biz onunla mübarizə aparmalıyıq. Birlikdəlik nümayiş edilməlidir. Bu mübarizə əsla silahlı mübarizə deyil, müharibənin, silahların dili ilə aparacağımız mübarizə deyil. İllərdən bəri irəli sürdüyümüz və sadiq qaldığımız tolerantlıq, sülh missiyamızı bu gün də həyata keçiririk. Bütün dünyanı da həmin missiyaya sadiq qalmağa, onu həyata keçirməyə dəvət edirik. Çünki qlobal şəkildə yanaşaraq düşünməliyik ki, dünya sadəcə bizdən, bizim ölkələrimizdən ibarət deyil. Hər bir dünya insanı bərabərhüquqludur və insanın hüquqlarına hörmətlə yanaşılmalıdır. Necə ki, Azərbaycan yanaşır, Azərbaycan sadəcə öz ölkəsi, xalqı üçün ədaləti, haqqı tələb etmir. Eyni zamanda bu gün ikili standartlarla yanaşılan, hüquqları tapdalanan bütün ölkələrə, bütün xalqlara qarşı Qərbdən və bəzi dairələrdən haqq və ədalət tələb edir. Bizim yanaşmamız bundan ibarətdir. Düşünürük ki, Macarıstanda da həmin aspektlər bir daha irəli sürüldü. Türk dünyasının birliyi, ittifaqının nə qədər vacib olduğu bir daha cənab Prezident tərəfindən bütün dünyaya bəyan edildi.

- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Sizcə, sülh müqaviləsi nə zaman imzalana bilər?

- Bizim gündəmimiz çox əhəmiyyətli hadisələrlə, uğurlarla zəngindir. Bir daha qeyd etməliyik ki, Azərbaycan çox əhəmiyyətli addımlar atır, bütün dünyaya mövqeyini, kimliyini isbat edir. Azərbaycan bu gün dünyanın güclü ölkəsidir. Azərbaycan dövlətinin rəhbərinin nüfuzu fenomen nüfuza çevrilir. Biz bunu görürük. Biz verilişdə bir aspektə toxunmadıq. Qərbi Azərbaycan məsələsi qaldı. Qərbi Azərbaycan bu gün Azərbaycanın əhəmiyyətli hədəflərindən biridir. Azərbaycan hansı addımı atırsa-atsın o addımların hər birində tolerant, sülhpərvərdir. Azərbaycan dünyada əmin-amanlıq istəyir. Qərbi Azərbaycan ideyasında da tarixi ədalətin bərpa edilməsi arzusu, istəyi, tələbi ilə yola çıxaraq heç bir dünya ölkəsinin, insanının haqqını çeynəmədən öz xalqının ədalətini, tarixinin bərpasını tələb edir. Bu yolda da diplomatik, siyasi cəhdlərini davam etdirəcək. Mənəviyyat, siyasi danışıqlar yolu ilə Azərbaycan niyyətlərinə çatmaq üçün böyük yola çıxıb. Düşünürük ki, gələcək Azərbaycanındır, cənab Prezidentlə birlikdə irəlilədiyimiz yoldadır.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə