"Hadisələr təkcə rəmzi xarakter daşımır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa prosesi sürətlə davam edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu çərçivədə bir gün öncə Laçın şəhərində iki mühüm tarixi hadisə baş verdi: "Birincisi, Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. İkincisi isə bu açılış mərasimində və sonrakı tədbirlərdə Azərbaycanın ən yaxın müttəfiq və qardaş ölkələrinin – Türkiyə və Pakistanın liderlərinin iştirakı idi. Bu hadisələr təkcə rəmzi xarakter daşımır, eyni zamanda regional əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı vurğuladı ki, bu tədbir dünya ictimaiyyətinə ünvanlanmış aydın və güclü mesajdır. Üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistan liderlərinin işğaldan azad edilmiş ərazilərdə birgə iştirakı, bölgədə sülh, təhlükəsizlik və davamlı inkişaf naminə atılan addımların nə qədər geniş miqyasda dəstəkləndiyini göstərir.

Laçın hava limanının açılması və bu formatda keçirilən tədbir yalnız infrastruktur baxımından deyil, geosiyasi və iqtisadi baxımdan da əhəmiyyətlidir. Bu, Azərbaycanın artan iqtisadi potensialının və milli gücünün konkret təzahürüdür. Həmçinin, regionda sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və sülh təşəbbüslərinin reallaşması istiqamətində atılan strateji addımlardan biridir".

"Qeyd etmək lazımdır ki, 5 il əvvəl müharibə meydanı olan, yüksək dərəcədə militarizasiya olunmuş bir ərazi bu gün sülhün, inkişafın və əməkdaşlığın mərkəzinə çevrilir. Turizm infrastrukturunun inkişafı, beynəlxalq logistika imkanlarının yaradılması və regional iqtisadi inteqrasiyanın təşviqi bu ərazilərin gələcəyinə yönəlmiş sistemli yanaşmanın tərkib hissəsidir. Bu mənada, Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlığı yalnız bu ölkələr üçün deyil, bütün region üçün dayanıqlı sülhə, rifaha və iqtisadi yüksəlişə xidmət edən bir platformadır. Laçında baş verən bu hadisələr bu əməkdaşlığın yeni və daha dərin mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə