"Azərbaycan Türkiyə və Orta Asiya ölkələri arasında körpü rolunu oynayır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidentinin Macarıstana səfəri və Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi Zirvə toplantısında iştirakı əhəmiyyətli bir hadisə kimi dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı son illərdə daha da inkişaf edərək üzv ölkələr arasında inteqrasiyanı gücləndirən mühüm regional platformaya çevrilməkdədir: "Təşkilatın yaradılmasından bu günə qədər keçən 16 il ərzində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub.

Toplantı çərçivəsində Azərbaycan Prezidenti geniş çıxış edərək müxtəlif istiqamətlərdə mühüm məsələlərə toxundu. İlk olaraq Azərbaycan–Macarıstan əlaqələrindən bəhs edən Prezident, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və hər il daha da möhkəmləndiyini vurğuladı. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının fəaliyyəti, Azərbaycanın bu təşkilata verdiyi töhfələr və gələcək perspektivlər barədə ətraflı məlumat verdi.

Qeyd olundu ki, Azərbaycan Türkiyə və Orta Asiya ölkələri arasında bir körpü rolunu oynayır. Orta Dəhlizin əsas hissəsi məhz Azərbaycanın ərazisindən keçir. Bu konteksdə Azərbaycanın logistik sahədə atdığı mühüm addımlar sadalandı. Bildirildi ki, Bakı–Tbilisi–Qars dəmir yolunun daşımalar üzrə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. Ələt Beynəlxalq Dəniz Limanının yükötürmə qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona qədər artırılacaq. Ümumilikdə, Azərbaycan ərazisindən keçməklə Orta Asiyadan Türkiyəyə daşınan yüklərin həcmi artıq 10 milyon tonu ötüb. Bu isə regional nəqliyyat və ticarət baxımından ciddi göstəricidir".

"Azərbaycan Prezidenti eyni zamanda Türk Dövlətləri Təşkilatının növbəti Zirvə toplantısının bu il Azərbaycanda keçiriləcəyini və bununla bağlı dövlət başçılarını ölkəyə dəvət etdiyini bildirdi. COP29 konfransına hazırlıq məsələləri də gündəmdə idi və Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyi qeyd olundu.

Toplantıda qəbul edilən mühüm qərarlardan biri də Novruz bayramının Türk Dövlətləri Təşkilatına üzv bütün ölkələrdə ortaq milli bayram kimi qeyd olunması oldu. Bu, ortaq mədəniyyət və dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır.

Bütün bu məsələlər və irəli sürülən təşəbbüslər bir daha göstərir ki, Azərbaycanın həm regionda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində rolu getdikcə güclənir və strateji əhəmiyyət kəsb edir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə