"ABŞ tərəfindən Rusiyaya da müəyyən təzyiqləri gözləyə bilərik" - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya və Ukrayna arasında mövcud vəziyyətin təhlili onu deməyə əsas verir ki, rəsmi Moskva Ukrayna ilə sülhün əldə edilməsində maraqlı deyil və ya bu sülhü ancaq Ukraynanın kapitulyasiyası olaraq görür. Yəni, başqa sözlə Putin istəyir ki, sülh işğal edilmiş bütün Ukrayna ərazilərinin Rusiyanın tərkibində olması faktının tanınması ilə əldə edilsin. Bu isə təbii olaraq Ukrayna tərəfindən heç bir halda qəbul edilən deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, əslində Rusiyanın bu şəkildə maksimalist mövqeyi, hər hansı güzəştə getmək istəməməsi ABŞ-ın Rusiyaya lazımi təzyiqi göstərməməsinin nəticəsidir: "ABŞ-ın yeni adminstrasiyası uzun müddət ərzində ancaq birtərəfli şəkildə Ukraynaya təzyiq edərək nəyəsə nail olmağa çalışırdı. Təbii ki, burada ən önəmli məsələ Ukraynanın təbii sərvətləri və əsas strateji nöqtələrə çıxış imkanı əldə etməkdən ibarət idi. Nəticədə buna da nail oldu. Artıq ABŞ və Ukrayna arasında müvafiq saziş imzalanıb.
Amma bu sazişin işləməsi üçün mütləq şəkildə müharibənin bitməsi lazımdır. Çünki heç bir normal şirkət mütəmadi olaraq bombalanan əraziyə investisiya yatıraraq orada fəaliyyət göstərmək istəməz. Yəni, başqa sözlə ABŞ Ukraynanın təbii sərvətlərindən yararlanmaq istəyirsə, mütləq şəkildə atəşkəsin dayanmasına nail olmalıdır. Elə ABŞ-ın irəli sürdüyü 22 bəndlik sülh sazişinin birinci bəndinin qeyd-şərtsiz atəşkəs olması da onu sübut edir ki, sülh olmasa belə, atəşkəsin olması və münaqişənin dondurulması ABŞ üçün proiritet təşkil edir.
Odur ki, bundan sonrakı mərhələdə biz artıq ABŞ tərəfindən Rusiyaya da müyyən təzyiqləri gözləyə bilərik. Son bir neçə gündə ABŞ və Avropa liderləri arasında aparılan intensiv danışıqlar, birgə sanksiyalarla bağlı müzakirələrin aparılması, ABŞ-ın Rusiyaya tətbiq olunmuş sanksiyaların müddətini uzatması ilə bağlı qərar verməsi, eləcə də Aİ ölkələrinin Ukraynaya silah-sursat və texnika təchizatı ilə bağlı fəaliyyəti intensivləşdirməsi də bunun göstəricisi hesab oluna bilər.
İndi hadisələrin necə cərəyan edəcəyi də əslində ABŞ və Avropanın Rusiyaya qarşı birgə atacağı addımlardan asılı olacaq. Əgər ABŞ Ukraynaya təzyiq etmək yerinə Avropa İttifaqı ilə birgə addımlar atacaqsa, Ukraynaya dəstəyin arıtrılması istiqamətində addımlar atacaqsa, o zaman Rusiyanın atəşkəs təkliflərini qəbul etməkdən başqa yolu qalmayacaq. Əks halda biz hələ uzun müddət Rusiya-Ukrayna müharibəsinə şahidlik edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə