"AXC bugünkü müstəqil Azərbaycanın təməlini atmış oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikasının Müstəqillik Günü 1918-ci il 28 May günü olaraq tarixə keçib. Bu günün əhəmiyyəti hər şeydən əvvəl onunla ölçülür ki, həmin gün bizim dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, Azərbaycan Respublika olaraq yeni bir quruluşda formalaşdırıldı: "Üstəlik Çar Rusiyasından azad olaraq müstəqil bir dövlət kimi bəyan edildi.
1800-cü illərin əvvəllərindən başlayaraq Çar Rusiyası hazırkı Azərbaycan Respublikası ərazilərini işğal etdi. 100 ilə yaxın bir müddətdə torpaqlarımız işğal altında qaldı. Bu işğal nəticəsində bizə millət olaraq, eyni zamanda torpağımıza, dövlətimizə çox böyük zərbələr vuruldu. Rusiyanın qaniçənliyi nəticəsində Azərbaycanın bütün təbii sərvətləri daşındı. İnsanları kütləvi şəkildə soyqırıma uğradıldı. Hər cür zülm gördük. Məhz bunları nəzərə alan bizim qurucu babalarımız 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə yeni bir dövlətin qurulmasına imza atmış oldular. Amma təəssüflər olsun ki, həmin dövlət uzun müddət yaşaya bilmədi. 1920-ci il aprelin 28-də Rusiya bu dəfə Sovet Sosialist Respublikaları İttifaqının başlanğıc dönəmində yenidən Azərbaycanı işğal etdi. Sonra da SSRİ qurulmaqla Azərbaycan daha 70 il Rusiyanın işğalı altında qaldı. Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi "qısamüddətli - 23 ay fəaliyyət göstərən Respublika Azərbaycan xalqına azadlığı az da olsa daddıra bildi". Məhz onun üzərində davam edən xalqımız 1991-ci ildə yenidən müstəqillik əldə etdi. Bu gün artıq müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulmaqla bugünkü müstəqil Azərbaycanın təməlini atmış oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə