Boçorişvili: Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir
Gürcüstan üçün dinc və təhlükəsiz Cənubi Qafqaz ən vacib prioritetdir. SİA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.
"Etiraf edirik ki, regionumuz böyük potensiala malikdir. Və bu potensialdan tam istifadə etmək üçün regionumuzda həqiqətən davamlı və uzunmüddətli sülhə ehtiyacımız var. Buna görə də biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq. Mən həqiqətən hesab edirəm ki, bu, böyük nailiyyətdir", - xarici işlər naziri qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan hər iki ölkə ilə möhkəm və mehriban qonşuluq münasibətlərinə malikdir.
"Azərbaycanla bizi onilliklər boyunca dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq bağlayır. Bu, regionda malik olduğumuz çox vacib aktivdir. Ermənistanla da ənənəvi olaraq çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər son vaxtlar strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da Gürcüstanın indiki vəziyyətdə malik olduğu çox vacib aktivdir.
Biz regionumuzda sülh və sabitliyin möhkəmləndirilməsində səmimi şəkildə maraqlıyıq. Məhz buna görə də həmişə deyirik ki, həm Ermənistan, həm də Azərbaycan regionumuzda dialoqa kömək etmək üçün bütün mümkün vasitələri təqdim etməyə hazır olan Gürcüstana güvənə bilər", - o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə