Aberdində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şotlandiyanın Aberdin Universitetində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA xəbər verir ki, Azərbaycan Tələbələr Cəmiyyətinin təşkilatçılığı və “BA Cultural Center”in maliyyə dəstəyi ilə keçirilən tədbir çərçivəsində universitetin “Sir Duncan Rice” kitabxanasında xüsusi informasiya stendi qurulub və Xocalı soyqırımına dair materiallar tələbələrə təqdim edilib.

Stenddə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğının real görüntüləri nümayiş etdirilib. Tədbir iştirakçıları Xocalı faciəsinin tarixi və nəticələri barədə daha ətraflı məlumat almaq imkanı əldə ediblər.

Tədbirdə tanınmış fotoqraf Reza Deqatinin Xocalı soyqırımına həsr olunmuş kitabı təqdim edilib. Nəşr Xocalıda baş verən dəhşətli hadisələrin canlı şahidlərinin hekayələrini və faciəni əks etdirən nadir fotoşəkilləri özündə cəmləşdirir.

Bundan əlavə, Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış tarixi faktlar, hadisələrin zaman cədvəli və soyqırımın beynəlxalq səviyyədə tanınması ilə bağlı məlumatları əhatə edən kitabçalar və flayerlər universitet tələbələri arasında paylanıb.

Azərbaycan Cəmiyyəti, bu cür tədbirlərin tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət daşıdığını vurğulayaraq, gələcək illərdə də Xocalı faciəsini anmaq üçün müxtəlif maarifləndirici layihələr həyata keçirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə