"ABŞ prezidenti Donald Tramp Ukrayna savaşının dayandırılması ilə bağlı bəyanatları seçki kampaniyası dövründən vermişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloqun sözlərinə görə,Tramp bəyan etmişdi ki, o, hakimiyyətə gələrsə, bir gün içində bu savaşı bitirəcək: "Amma, təbii ki, bunlar seçki təbliğatı idi. Reallıq tamamilə fərqlidir. Artıq seçkilərdən üç ay keçib. Proses hələ də davam edəcək. Hələ bu il ərzində danışıqlar davam edə bilər və savaş o zaman dayanacaq.
Dünən Vladimir Putinlə Tramp arasında saat yarımlıq telefon danışığı aparılıb. Tərəflər razılaşıblar ki, Moskvada və Vaşinqtonda görüşlər keçirilsin. Savaşın dayandırılması ilə bağlı həmfikir olduqlarını açıqlayıblar. Amma bu savaşın dayandırılmasının qarşılığı nə olacaq, nəticələr necə olacaq, bunu indidən demək çətindir. Amma böyük ehtimal Amerika tərəfi daha çox bu prosesdən Rusiyadan müəyyən güzəştlər qoparmaq üçün istifadə edəcək. Şübhəsiz ki, verilən açıqlamalar həm də onu göstərir ki, Ukraynanın ərazi itkiləri ilə bu proses yekunlaşacaq. Amerika Müdafiə nazirinin "Ukrayna 2014-cü il sərhədlərinə qayıtmayacaq" kimi ifadələri məhz buna hesablanıb. Trampın planlarının nədən ibarət olduğunu söyləmək çox çətindir. Çünki çox müxtəlif iddialar səslənməkdədir. Biz sadəcə olaraq bu prosesin gizli aparıldığını görməkdəyik. Artıq bir neçə aydır ki, Trampın komandası ilə Rusiya tərəfi görüşlər aparmaqdadır. Srağagün də Trampın təyyarəsi ilə xüsusi nümayəndəsinin Rusiyaya gəldiyi məlum olub. Dünən də telefon danışığı aparıldı. Görünən odur ki, proses olduqca ciddi şəkildə, məxfi şəkildə aparılmaqdadır. Amma Ukrayna tərəfinə, təbii ki, bununla bağlı məlumat verilib. Görüşün detalları ilə bağlı məlumat verilib. Çünki dünən Putinlə danışdıqdan sonra D.Tramp həm də Ukrayna Prezidenti Zelenski ilə bir saatlıq telefon danışığı aparıb".
Bütün xəbərlər Facebook səhifəmizdə