“Təəssüflər olsun ki, Rusiya Ukrayna ilə açıq müharibəyə başlayandan sonra şovinst əhval-ruhiyyə güclənib və qonşu ölkələrə yekəxana münasibət, hansısa iddialardan çıxış etmək, günahlandırmaq çox geniş yayılıb. Bu təkcə Azərbaycana qarşı deyil, həmçinin Qazaxıstana qarşı da kobud ifadələr, qiymətləndirmələr mövcuddur. Həmçinin bu kimi fəaliyyət yalnız aparıcı, jurnalistlər tərəfindən yox, Rusiya Dumasının hakim partiya üzvləri tərəfindən də həyata keçirilir. Təbii ki bu hərəkət qəbulolunmazdır”. Bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda, o cümlədən mənim tərəfimdən bu cür yanaşmaya çox sərt cavab verilir: “Həmçinin biz bu halları Qazaxıstandan da müşahidə edirik. Ukrayna və Moldova isə Rusiya ilə demək olar ki, açıq münaqişədədirlər. Ermənistan rəhbərliyi Rusiya tərəfindən yekəxana yanaşmanı rədd edir. Biz Rusiya ilə süni münasibətlərimizi korlamaq, ya da gərginlik gətirmək istəyində deyilik. Ancaq suverenliyimizə toxunan, qəbul olunmayan hər hansı yanaşmanı rədd edirik və adekvat cavab verməyə hər zaman hazırıq. Rusiya qarşısında hansısa ödənilməmiş öhdəliyimiz, borcumuz yoxdur. Biz bərabər münasibətləri qurmaq, hörmətlə yanaşmağa hazırıq. Lakin düşünürəm ki, hər hansı bir cinayət törədilibsə, ona göz yummaq və yuxarıdan aşağı münasibətlə heç vaxt Azərbaycanda heç kim razılıq verməyəcək. Gərginliyin səbəbkarı və günahkarı bəllidir. Zəhmət çəkib mövzu ilə bağlı özləri araşdırma edib həll yolları axtarsınlar, bu zaman Azərbaycan bunu hər daim qiymətləndirər”.
Məsələ ilə bağlı həmçinin politoloq Elxan Şahinoğlu fikirlərini bildirib. Onun sözlərinə görə, Rusiya vurulan Azərbaycan sərnişin təyyarəsinə görə üzərinə düşənləri etməsə təbii ki, münasibətlərin normallaşması problematikdir: “Prezidentin üzrxahlıq, konpensasiya ödəmək və cinayətlərin cəzalandırılması kimi tələbləri var. Bu istiqamətdə Moskva heç bir addım atmır, əksinə bizə qarşı qara-piar başlanılıb. Azərbaycan isə bu məsələ ilə bağlı adekvat addımlar atır. Rusiya evi bağlandı, çünki qeydiyyatda yox idi və kəşfiyyat mərkəzinə çevrilmişdi, bu isə bizim milli təhlükəsizlik maraqlarımıza tamamilə zidd bir hərəkətdir. Lakin bütün hallarda münasibətlərin normallaşması aktualdır, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsini istəməz. Amma buna baxmayaraq birinci addımı Rusiya atmalıdır. Rusiya təyyarə ilə bağlı məsələyə aydınlıq gətirməli və Azərbaycana qarşı qara-piarı dayandırmalıdır. Bu məsələlər həll olunmasa münasibətlərin normallaşması çətin olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə