"Tramp müharibənin dayandırılmasında israrlıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp hələ seçki öncəsi kompaniyalarda çıxışları zamanı bəyanatlarında dünyada tamamilə yeni siyasi xəttin yeridilməsi ilə bağlı öz baxışlarını və planlarını açıqlamışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Tramp yaxşı anlayır ki, Amerika Birləşmiş Ştatlarının bundan əvvəlki hakimiyyəti dünyanın bir çox nöqtələrində münaqişə və müharibə ocaqlarının yaradılması və onun daha da qızışdırılması istiqamətində yalnış siyasi xətt yürüdüb: "Bu, həm dünyada nizamın pozulmasına, geosiyasi proseslərin təhlükəli məcraya aparılmasına, eyni zamanda Amerika Birləşmiş Ştatlarının özü üçün də çox böyük mənfi tendensiyalar yaratmışdı. Bu, ilk növbədə Amerika Birləşmiş Ştatlarının iqtisadi baxımdan gücünün zəifləməsinə gətirib çıxarmışdır. Çünki müharibə olduğu, dünyanın bir çox ölkələrində münaqişə olduğu təqdirdə müharibələrin yönəldilməsində Amerika həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan böyük dəstəklər verirdi. Bu maliyyə yardımları, tətbiq olunan iqtisadi sanksiyalar Amerikanın özü üçün də bir Bumeranq effekti yaradırdı. Tramp artıq hakimiyyətə gəldikdən sonra biz Trampın ilk addımlarında verdiyi vədlərə müəyyən qədər əməl etməsinin şahidi oluruq".

Onun sözlərinə görə, bu gün İsraillə Həmas arasındakı atəşkəsin əldə olunması məsələsində, son günlər Rusiya ilə Ukrayna arasında gedən müharibənin həlli istiqamətində ilk addımlar atılıb: "Artıq Tramp Vladimir Putinlə telefonla danışıb. Detalları müəyyən olmasa da, təbii ki, Donald Tramp müharibənin dayandırılmasında israrlıdır. Əgər Amerika kimi böyük super dövlətin Prezidenti bu istiqamətdə çox ciddi səylər göstərirsə, bu o deməkdir ki, biz tezliklə Ukrayna və Rusiya arasında atəşkəsin imzalanmasının, müharibənin dayandırılmasının şahidi olacağıq. Əlbəttə, buna ilk növbədə həm Rusiya, həm də Ukrayna tərəfinin sülhə cəlb olunması, danışıqlar masasına əyləşdirilməsi, bundan sonra da Amerikanın özünün də maraqlarını təmin edəcək bir sülh müqaviləsinin imzalanması olmalıdır. Məlumdur ki, Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, Ukraynaya böyük yardımlar göndərib. Tramp bu yardımların qarşılığını Ukraynadan tələb edəcək və bu barədə öz bəyanatlarında da səsləndirib. Biz burada Amerika Birləşmiş Ştatlarının da öz maraqlarının təmin olunmasının şahidi olacağıq. Bu baxımdan hesab edirəm ki, tezliklə Tramp nail olacaqdır ki, Ukrayna və Rusiya arasında sülh müqaviləsi bağlansın və müharibə dayansın".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə