Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qurbanlının SİA-ya müsahibəsini təqdim edirik:
- Azərbaycana Avropa Şurası lazımdırmı?
- Azərbaycanın Avropa Şurasına daxil olmasının tarixinə nəzər yetirək. Bu dövr ərzində Avropa Şurası Azərbaycan əlaqələri məsələlərinə toxunaq. Biz bu tarixə ekskursiya edəndə Avropa Şurasının bütövlükdə Azərbaycana qarşı qərəzli olduğu məqamları görəcəyik. Bundan sonra isə "Proses necə gedir?, Hazırda hansı səviyyədədir?, Azərbaycan Avropa Şurası əlaqələri hansı istiqamətdə gedə bilər?" bu məsələləri də müzakirə edə bilərik. Birincisi, Avropa Şurası məşvərətçi bir qurumdur. İkinci dünya müharibəsindən sonra Avropa ölkələrinin arasında əlaqələr və Avropa məkanında bu və digər məsələləri müzakirə etmək üçün 1949-cu ildə yaradılmış bu təşkilat tədricən genişlənib. Bu təşkilatın genişlənməsi nəticəsində sonra Sovetlər İttifaqının dağılmasından keçən dövr ərzində Sovetlər İttifaqının tərkibində olan, müstəqillik qazanan ölkələr də Avropa Şurasına daxil oldu. Azərbaycan 1996-cı ildən faktiki olaraq danışıqlar prosesinə daxil olub. Təbii ki, əvvəl müraciət edilmişdi, bu müraciətdən sonra Azərbaycan prosedur qaydalarına uyğun olaraq danışıqlar aparıb. Azərbaycan prosesin gedişində Avropa Şurasının tərkibində aparılan danışıqlarda nəhayət orada qoyulan bütün şərtləri yerinə yetirdikdən sonra 2001-ci il yanvar ayının 25-də rəsmi şəkildə Avropa Şurasının üzvü qəbul edilib. 1996-cı ildən gedən proses zamanı Avropa Şurasına qəbulla bağlı Azərbaycana nümayəndə heyəti gəlirdi, danışıqlar gedirdi. Bu danışıqlar zamanı da Avropa Şurasının rəhbərliyində olan və bu ayrı-ayrı ölkələrin qəbulu ilə bağlı məsələləri müzakirə edənlər gələrkən bəzən hiss olunurdu ki, bunlar çox məsələləri həddindən artıq qabardırlar. Azərbaycan gənc ölkədir, təcavüzə məruz qalıb, ərazisinin 20 faizi işğal altında, milyon qaçqını var idi. Belə bir şəraitdə Azərbaycana qarşı bəzən elə iddialar irəli sürülürdü ki, bu iddialar əsaslı, hüququ deyildi. Bu dövrdə də hiss olunurdu ki, qərəzlilik var. Ümumiyyətlə, Avropa strukturlarında islamofob düşüncə tərzi həmişə özünü göstərib. Ona görə Ulu Öndər Heydər Əliyev bu danışıqlar zamanı da Azərbaycanın qətiyyətli mövqeyini hər zaman nümayiş etdirib. Hətta danışıqların birində Ulu Öndər Heydər Əliyev Avropa Şurası nümayəndə heyətinin danışıqlar zamanı bir növ üstdən getmə, təzyiq formasında çıxışlar edərkən Ulu Öndər bildirdi ki, siz bizə çox da minnət qoymayın, biz Avropa Şurası olmadan da yaşaya bilən ölkəyik: "Lakin biz istəyirik, Avropa Şurasının da üzvü olaq, inteqrasiya edək". Hətta qətiyyətli mövqeyini ortaya qoydu. Onlar geri çəkildilər. O iddialar ki var idi, hüquqi cəhətdən də düz deyildi, ondan sonra geri çəkildilər. Ona görə də, cənab Prezident İlham Əliyevin Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq oradakı fəaliyyəti dövründə də biz Avropa Şurası ilə səmimi olduq, Avropa Şurası Parlament Assambleyasında bütün prosedur qaydalarına əməl etdik. Azərbaycan nümayəndə heyəti müzakirə olunan məsələlərdə hər zaman obyektiv oldular. Ancaq biz orada hər zaman Azərbaycana qarşı ikili standartlar, islamofobiya gördük.
- Uzun müddət Azərbaycan qarşı fərqli baxışların olması nədən qaynaqlanıb?
- Avropa Şurasının üzvü olan ölkələr müəyyən üzvlük haqları da ödəyirlər. İkincisi, Azərbaycan orada olduğu dövrdə Azərbaycanın əsas problemi Ermənistanın Azərbaycana qarşı təcavüzü idi, torpaqlarımızın azad edilməsi məsələsi idi. Bu məsələlərin müzakirəsində Avropa Şurasının bir sıra ölkələrinin Azərbaycanın haqlı mövqeyini müdafiə etmədiyini görmüşdük. Eyni zamanda Avropa Şurasında Azərbaycana təzyiq etmək üçün uydurma insan haqları, demokratiya, yalançı hesabatlarla bağlı məlumatlar gedirdi. Əlbəttə, bu da istər-istəməz Azərbaycan nümayəndə heyəti tərəfindən həmişə tənqid olunub. Bu münasibətlərimizə xələl gətirdi. Ümumiyyətlə, Amerika, Qərb başqa ölkələrlə münasibət qurarkən öz hakimiyyət modellərinin bu ölkələrdə də olmasını təlqin edirlər. Axı sivilizasiyalararası fərqlər var, xalqların, millətlərin özünəməxsusluğu var. Xalqların hər biri bir tarixi yol keçib. Azərbaycan da tarixi yol keçib. Biz onların keçdiyi yola hörmətlə yanaşdığımız kimi onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, dövlət quruluşu ilə bağlı seçdikləri yola da hörmətlə yanaşmalıyıq. Bizim seçdiyimiz yol respublika yoludur. Amma Avropada 10 ölkədə hələ də monarxiya qalır. 10 dövlətdə irsən hakimiyyəti ötürürlər. Arxaik şey mövcuddursa, niyə bu arxaikliyi saxlamısınız?
- Niyə "Human Rights Watch" təşkilatı iş qrafikini Azərbaycana qarşı nifrət üzərində qurmaqla nəyə nail olmaq istəyir?
- Avropa Şurası başqa bir strukturdur. Azərbaycan da onun üzvüdür. Buradakı hadisələr dövlətlərarası münasibətlərlə bağlı məsələdir. "Human Rights Watch" kimi təşkilatlar dünya miqyasında təşkilatlar yaradıblar. İddia edirlər ki, dünyada insan hüquq və azadlıqları, demokratiya və sair kimi məsələlərdə hegemon rol oynayırlar. Əslində belə deyil. Bu cür təşkilatları başqa ölkələrdə də yaradıblar. Məsələn, Çində də bu cür adlarda belə təşkilatlar mövcuddur. Başqa ölkələrdə də mövcuddur. Yəni Qərb ölkələrinin dünyada insan hüquq və azadlıqlarının özlərinin monopoliyasına almaq cəhdləri doğru deyil. İnsan hüquq və azadlıqları universal xarakter daşıyır. İnsan hüquq və azadlıqları ilə bağlı 1948-ci il Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi pakt vardır. Bu paktda irəli sürülən müddəalar hamı üçündür. Bu cür təşkilatlar yarandığı vaxtdan ayrı-ayrı ölkələrdə məsələləri qabartmağa çalışır. Həmin məsələləri təzyiq vasitəsi kimi istifadə edir. Bu təşkilatlar yerləşdiyi ölkələrin siyasətinin reallaşması üçün alət rolunu oynayır. Azərbaycan hər hansı təşkilatın, qurumun üzvü deyilsə, onun qarşısında heç bir məsuliyyəti də yoxdur. Təbii ki, bu cür təşkilatların üzvlük məsələsindən söhbət getmir. Qərb araşdırmaları göstərir ki, burada güclü surətdə maliyyə pozuntuları var. Hansısa qruplaşmalar aldıqları vəsaitləri müxtəlif formada mənimsəyirlər. Bu təşkilatlardan birində işçilərə qarşı irqi ayrıseçkiliklə bağlı faktlar var. Ona görə də, bu təşkilatların yaydıqları məlumatlar yalnız Azərbaycana qarşı yox, başqa ölkələrə, xüsusilə Türkiyəyə, müsəlman ölkələrinə qarşıdır. Hansı ölkələr ki, Qərb dövlətlərinin hegemonluğunun əleyhinədir, öz müstəqil siyasətini həyata keçirir, bu ölkələrə qarşı bu təşkilatlardan alət kimi istifadə olunur.
- Davamlı olaraq erməni faktorundan istifadəni hansı amillərlə izah etmək olar?
- Burada erməni amili, ermənipərəstlik, ermənilərin aldıqları vəsait öz rolunu göstərir. Eyni zamanda bu təşkilatların mənsub olduğu ölkənin Azərbaycanla, bu və ya digər məsələlərlə bağlı həll etmək istədiyi hansısa məqamlar olur. Təbii ki, Azərbaycan öz milli maraqlarını heç kimə güzəştə getmir. Bizim təşkilata üzv olmağımızın önəmi budur ki, biz də beynəlxalq təşkilatlara üzv olmalıyıq, oluruq, sözümüzü də deməliyik. Amma o təşkilatlar bizə qərəzlilik nümayiş etdirirsə, həm təşkilata üzv olub, həm üzvlük haqqı ödəyəcəyik, həm də əleyhimizə istifadə olunacaqsa, biz o təşkilatda oturmayacağıq. O təşkilata qayıtmaqla əlaqədar körpülərimizi yandırmamışıq. Əgər orada qərəzlilik dayanacaqsa, bərabərhüquqlu münasibətləri təmin edəcəklərsə, Azərbaycan o təşkilatda yenə də fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirib. Erməni lobbisi ilə bağlı təşkilatlar faktlarla sübut ediblər ki, vəsait alırlar. Amma digər səbəblər də var. Digər səbəblər o ölkələrin Azərbaycana bu yolla təzyiq göstərmək cəhdidir. Azərbaycan Prezidenti dəfələrlə demişdir ki, biz təzyiq, təhdidlə hər hansı siyasətimizdən geri çəkilməyəcəyik.
- Azərbaycan üzərinə edilən davamlı hücumlarla nəyə nail olmaq istəyirlər?
- Dünyada Azərbaycanın dostlarının sayı onun əleyhinə olanlardan qat-qat çoxdur. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın böyük dayağı var. Azərbaycanın beynəlxalq təşkilatlarda dost sayının çox olmasınan bir neçə göstəricisini qeyd etmək istəyirəm. Birincisi, Azərbaycan postsovet məkanında ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iki illik keçici sədrliyini qazanıb. Bunu da səsvermə ilə qazanıb. Birləşmiş Millətlər Təşkilatı baş məclisində həll olunub. Azərbaycan orada 155 ölkənin dəstəyini qazanmışdı. COP-un Azərbaycanda keçirilməsi müzakirə edilərkən demək olar ki, dünyanın bütün ölkələri bu tədbirin Azərbaycanda keçirilməsi üçün səs verib. Avropa İttifaqının ən azı 10 ölkəsinə enerji ixrac edirik. Bu ölkələrin siyasi hakimiyyətində dəyişiklik baş verir. Əlbəttə, Azərbaycan müstəqil siyasət yeridir. İstəyirlər ki, Azərbaycan da hansısa qrupların təsir dairəsində, onların siyasətinə uyğun siyasət yürütsün. Azərbaycan beynəlxalq miqyasda bütün səsvermələrdə ancaq müstəqil qərar verir.
Bütün xəbərlər Facebook səhifəmizdə