“Rusiyada bir sıra mərkəzlər və medianın Azərbaycan kampaniyası davam edir. Bu da ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin bizim sərnişin təyyarəsinin vurulması ilə bağlı Kremlə konkret tələbləri var. Üzrxahlıqdan sonra kompensasiya ödənilməli və günahkarlar cəzalandırılmalıdır. Nə kompensasiya, nə də günahkarların cəzalandırılması barədə Rusiyanın siyasi dairələrində heç bir müzakirə getmir. Bunun əksinə sanki Kremldən komanda verilib ki, Azərbaycan və Azərbaycanın dövlət başçısı əleyhinə qara təbliğat kampaniyası başlasın. Lakin bu qara təbliğat kampaniyası ikitərəfli münasibətlərə təsir edəcəyini anlamır”. Bu sözləri politoloq Elxan Şahinoğlu SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrlə, o cümlədən Rusiya ilə gərgin münasibətlərdə maraqlı deyil, amma bizim haqlı tələblərimiz, ortada vurulan sərnişin təyyarəmiz, güllə və mərmi izləri var: “Bu barədə Rusiyada kimlərsə cavabdehlik daşımalıdır. Bu məsələnin üstünü örtməyə çalışacaqlarsa, Azərbaycan və dövlət başçısı əleyhinə kampaniya aparacaqlarsa münasibətlər normallaşmayacaq və heç bir tərəfdaşlıqdan danışmaq mümkün olmayacaq.
Rusiya çıxış yolu axtarmalıdır, kompensasiya və günahkarların cəzalandırılması məsələsinə aydınlıq gətirməlidir. Əgər aydınlıq gətirilməsə, bu suallar ortadan qaldırılmayacaq. Tərəfdaşlıq və ikitərəfli dialoq, iqtisadi əlaqələr davam edə bilər, lakin bu məsələ həll olunmasa münasibətlərə daim kölgə salacaq”.
Həmçinin politoloq Aytən Qurbanova məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, son günlərdə intensiv şəkildə Rusiya mediasında Azərbaycan əleyhinə əsassız və absurd iddialar əsaslanan kampaniyanın aparılması halı müşahidə edilməkdədir: “Hadisələrin manipulyasiya edilməsi və reallıqdan uzaq iddiaların səsləndirilməsi rəsmi Kremlə, xüsusilə də Federal Təhlükəsizlik Xidmətinə bağlı media qurumları və “bloggerlər” tərəfindən paylaşılmağa davam edir. Bu da onu deməyə əsas verir ki, Rusiya təyyarəmizin vurulması ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyinin qarşısında belə qeyri-adekvat addımlar atmağa və məsuliyyətdən yayınmağa davam etmək niyyətini bu formada ifadə edir. Çünki rəsmi Kreml çox gözəl anlayır ki, Prezident İlham Əliyev dövlətimizə və vətəndaşlarımıza qarşı olan bu təxribat addımın cavabsız qalmasına heç bir halda icazə verməyəcək. Artıq tələblərimiz və qətiyyətli mövqeyimiz dövlət başçımız tərəfindən aydın şəkildə ifadə olunub və onlar yerinə yetirilməlidir”.
Politoloq həmçinin bildirib ki, belə bir məqamda bizə müttəfiq və tərəfdaş olduğunu düşündüyümüz dövlətdən gözləntimiz xoşniyyətli və praqmatik addımlar olduğu halda, Rusiya tamamilə əks mövqe nümayiş etdirərək Azərbaycan ilə münasibətlərə zərbə vuracaq yanaşmaları davam etdirir: “Xüsusilə də, informasiya məkanında fəal anti-Azərbaycan təbliğatının aparılması buna bariz nümunədir. Düşünürəm ki, bu kampaniyanın rəsmi Kremlin qeyri-rəsmi mövqe nümayişi olaraq ifadə edilməsi faktı heç bir halda istisna edilə bilməz. Belə olan halda ikitərəfli münasibətlərdə bir çox məqamlar yenidən nəzərdən keçirilə bilər ki, bunun arzuolunmaz nəticələri məhz Rusiya üçün qaçınılmaz olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə