"2025-ci il başlar-başlamaz Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması əslində bu ilin mümkün sülh ümidlərinin atəşə tutulması idi. İki həssas nöqtə olan Laçın və Gori istiqamətlərindən bu atəşlər edildi. Hər ikisi açılması gözlənilən yol-nəqliyyat kommunikasiyasıdır. Bununla da Ermənistan tərəfi kommunikasiyaları atəşə tutdu ki, onlar açılmasa sülh olmayacaq. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhə yox, müharibəyə hazırlaşır". Bu sözləri deputat Hikmət Babaoğlu SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti yerli mətbuata verdiyi müsahibəsində də bu məsələyə toxundu: "Ermənistanın hücum silahları almasından və israrla silahlandırılmasından, eyni zamanda birdaha sülh üçün şərtlərinin nələr olduğunu sadaladı. Ermənistan isə bu şərtlərdən uzaqdır. Qərbi Azərbaycanlıları öz torpaqlarına qəbul etmək istəmir və bu mövzunu manipulyasiya edir, Ermənistan silahlar alır, ATƏT-in Minsk Qrupu məsələsinin ləğv olunması barədə Azərbaycanın mövqeyi ilə öz mövqeyini uzlaşdırmır, həmçinin Azərbaycan sərhədləri boyu səngərlər qazır. Belə olan halda əlbəttə ki, 2025-ci ildə sülhdən danışmaq çox çətindir. Amma hazırki şərtlər daxilində Ermənistanın mövqeyi get-gedə zəifləyir.
Azərbaycan Prezidenti yerli mətbuata müsahibəsində bunları bir-bir sadaladı, yəni diktaturların timsalında müttəfiqlərini itirir. Prezident qeyd etdi ki, Ermənistan müttəfiqi olan Suriya diktatura rejimini itirmiş oldu. Ermənistana ən çox dəstək verən Kanadanın Baş naziri Trüdo istefa verməli oldu. Ermənistanı himayə edən cənub qonuşumuzun imkanları Yaxın Şərqdən və Körfəz ərazisindən geriyə çevrilib sıxışdırıldı. Azərbaycan Prezidenti ABŞ-də Ermənistana dəstək verən və bugünkü hakimiyyətin layihə rəhbəri olan "Soros"un artıq Tramp dövründə fəal ola bilməyəcəyi məsələsinə toxundu".
"Beləliklə bəlli oldu ki, Ermənistanın beynalxalq havadarlarının gücü zəifləməkdədir, şərtlər Azərbaycanın leyhinə yenidən dəyişməkdədir. Belə vəziyyətdə Azərbaycan sülhün əldə edilməsi üçün yumşaq, diplomatik güc vasitələri ilə sülhə məcbur etmə addımları ata bilər. Sülh mümkün olacaqsa Azərbaycanın bu mövqeyi ilə izah oluna bilən sülh olacaqdır. Hal-hazırda isə Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır"- deyə, deputat fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə