"Azərbaycan dövləti hadisənin ədalətli və obyektiv araşdırılmasının tərəfdarıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və onların hüquqlarını həmişə müdafiə edir. Bu gün Prezident İlham Əliyevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçilərlə görüşməsi də bunun növbəti təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti hadisənin ədalətli və obyektiv araşdırılmasının tərəfdarıdır: “Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə də bu məsələyə toxundu və söylədi ki, “qara qutu”ların Braziliyaya göndərilməsi ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Xatirinizdədirsə, dövlətimizin başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində də bildirmişdi ki, bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz olunub. Çünki Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən “qara qutu”lar açılsaydı, burada obyektivlik sual altına düşə bilərdi. Ona görə hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə “qara qutu”ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanılıb. Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik”.

Deputat bildirib ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının fəaliyyətini, cəsurluğunu və qəhrəmanlığını layiqincə qiymətləndirib: “Dövlətimizin başçısının dekabrın 29-da imzaladığı Sərəncamla sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəman” adı verildi. Sağ qalan iki ekipaj üzvü - Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olundu. Bütün bunlar bir daha sübut edir ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Prezident İlham Əliyev təyyarə qəzasında həlak olanların ailə üzvlərinə, eləcə də ekipaj üzvlərinə bu yüksək mükafatları şəxsən təqdim edəndə də bəyan etdi ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə