"Dünyada bu tip dövlət bayramlarının sayı olduqca azdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu Azərbaycan dövlətinin rəsmi bayram günlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, dünyada bu tip dövlət bayramlarının sayı olduqca azdır: "Hesab edirəm ki, belə bir bayramın Azərbaycanda təsis edilməsi və 30 ildən çoxdur ki, bunun həm dövlət, həm də cəmiyyət səviyyəsində qeyd edilməsi bizim bir uğurumuz sayıla bilər. Bu gün xeyli sayda azərbaycanlı öz ana vətənindən kənarda yaşayır. Amma bununla belə, onların hər biri ana vətənə, tariximizə, mədəniyyətimizə və kökümüzə bağlıdır. Xaricdə nüfuzlu Azərbaycan diasporu formalaşıb. Yeni nəsil Azərbaycan dilini bilir, sevgisini bildirir və xaricdə Azərbaycan ruhunun qorunub saxlanmasında yaxından iştirak edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyinin Yeni İl ərəfəsində qeyd edilməsi dünyanın harasında yaşamasından asılı olmayaraq dünya üçün vahid bir Yeni İl bayramı ərəfəsində Azərbaycanla bağlı məsələlərin hər bir diaspor təşkilatında, azərbaycanlı ailəsində gündəmə gəlməsi əlbəttə, vətənpərvərlik və torpağa bağlılıq hissini gücləndirir.
Vaxtilə Ulu Öndərin təşəbbüsü ilə belə bir bayramın təsis edilməsi Azərbaycan dövlətçiliyi üçün çox böyük bir rol oynadı. Bu bayramın milli birliyin yaranmasında, sağlam milli düşüncəyə hər bir kəsin sahib olmasında böyük rol oynadı. Onun təşəbbüsü ilə sonradan hökumət tərkibində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da bu həmrəyliyin həyata keçməsində, onun hər bir kəs üçün yaxın və doğma hiss olmasında böyük rol oynayır.
Bu gün Azərbaycan dövləti özünün intibah dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurula davam etdirməsi Azərbaycanın milli maraqlarına uyğun olaraq qərarlar qəbul edilməsi Azərbaycandövlətini möhkəmləndirən şərtlərdən biridir. Cənab Prezidentin apardığı düşünülmüş daxili-xarici siaysət Azərbaycanın itirilmiş torpaqlarının geri qaytarılmasına, suverenliyimizin bərpa olunmasına səbəb oldu.
Bu gün Azərbaycan regionda lider dövlətdir, beynəlxalq birlikdə tanınmış və nüfuz sahibi olan ölkələrdən biridir. Bir ay bundan əvvəl Bakıda COP29 kimi nüfuzlu beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın artan nüfuzunu göstərdi. Bu günlərdə isə Azərbaycanın nüfuzlu D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ölkəmiz qarşısında böyük perspektivlər açır.
Dünya Azərbaycanın Həmrəyliyi Günü ətrafında həm Azərbaycan azərbaycanlıları, həm xarici ölkə vətəndaşı olan azərbaycanlılar dövətimizin inkişafına, onun güclənməsinə, xalqın maraqlarına uyğun inkişaf etməsinə ürəkdən sevinir. Bu bayram münasibətilə hər kəsi, xüsusilə xaricdə yaşayan azərbaycanlıları ürəkdən təbrik edirəm, onlara uğurlar, yaşadığı ölkənin layiqli vətəndaşı olmağı arzu edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə