"Bu gün məqsədimiz Qərbi Azərbaycandır" - ŞƏRH EDİLDİ

"Bu gün Azərbaycan Prezidentinin adı Zəfərlə anılır. Bu, bu gün də belədir, sabah da belə olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, illər, qərinələr keçəcək yenə Azərbaycan Prezidentinin adı Azərbaycan xalqının yaddaşında, dövlətçilik tarixində zəfərlə birgə çəkiləcək: "Bu, siyasi taleyin xoşbəxtliyidir. Azərbaycan Prezidenti bütün milli resurslarımızı, milli, iqtisadi imkanlarımızı səfərbər edərək Azərbaycan xalqını tarixi Zəfərə çatdıra bildi. Diqqət etsək görəcəyik ki, 2003-cü ildə hakimiyyətə gələn Azərbaycan Prezidenti Ulu Öndərin fundamentini qoyduğu müstəqil dövlətimizi tamamilə yenidən, yeni tələblər istiqamətində yenidən inşa etməyi bacardı, hərbi sənaye yaratdı, ordu quruculuğunu başa çatdırdı. Ən əsası Azərbaycan Prezidentinin də dediyi kimi iqtisadiyyat da güclü ola bilər, güclü maliyyə resurslarımız ola bilər, güclü müasir silahlar almaq olar, amma bu silahı daşıyan əsgərin ruhu yoxdursa, o qələbə əlçatmaz olar. Məncə, Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə yaranan mənəvi təhsil mühiti, ictimai münasibətlər sistemindəki sağlam mühit, mənəvi dəyərlərin önə çəkilməsi bizə yüksək səviyyəli vətənpərvərlik imkanları da yaratdı. Nəticə etibarilə biz bu tarixi qələbəyə gəlib çatdıq. Ona görə də, növbəti ili başa vurub qalib xalq kimi qələbəmizin 4 ili arxada qaldı. İndi isə Azərbaycan Prezidentinin qeyd etdiyi kimi "xalqımıza yeni ideyalar lazımdır". Yeni çağırışlar var, yeni milli vəzifələr var. Bunların hamısını Azərbaycan Prezidenti yaratdı və yeni şərtlər təmin edib. Ona görə də, bu cür toplantılarda müzakirə olunan məsələlər həm ötən ilin yekunları, həm də gələcəkdə qarşıda duran vəzifələr baxımından aktualdır".

Ən ümdə məsələrdən biri bu gün Ermənistan və Azərbaycan arasında sülh məsələsidir. Qərbi azərbaycanlılarin öz tarixi torpaqlarına qayıtması məsələsi ikinci əsas məsələdir. Bu yaxınlarda Azərbaycan Prezidentinin Rusiya mediasına verdiyi müsahibədə hər iki məsələyə toxundu. Sülhün olmazsa olmazını dilə gətirdi, bu, konstitusiyanın dəyişilməsidir. İkincisi isə keçmişdə qalmış süni Qarabağ probleminin həll olunması üçün yaradılan ATƏT-in MİNSK qrupunun ləğv edilməsi məsələsidir. Bu, mənə elə gəlir ki, Azərbaycan Prezidentinin verdiyi mesaj olmaqla bərabər yenə də sülh çağırışı idi. Ona görə düşünürəm ki, ermənilər bir daha düşünməlidirlər.

Qərbi Azərbaycana qayıdış isə milli vəzifələrimizdən biridir. 2020-ci ilə qədər hər bir Azərbaycan cəmiyyətinin hər bir fərdin fəaliyyətinin cazibə mərkəzi Qarabağ idisə, bu gün məqsədimiz Qərbi Azərbaycandır. Artıq ictimai rəy bu qayıdışa köklənib. Beynəlxalq hüquqla bağlı müəyyən məsələlər yenidən aktuallaşdırılıb. Azərbaycanlıların səsi bu gün Avropadan, ABŞ Baş Assambleyasından gəlir. Azərbaycan Prezidentinin konseptual əsaslardan müəyyənləşdirdiyi siyasi yox, hüquqi hadisə olaraq Qərbi azərbaycanlıların vətəndaş kimi öz tarixi torpaqlarına qayıtması məsələsi yenə də Azərbaycan Prezidentinin dediyi kimi Ermənistanın gözardı edəcəyi məsələ ola bilməz. Ona görə də, ümid edirik ki, ən çətin milli vəzifələrimizi həll etdik. Bu, ərazi bütövlüyümüzün bərpa olunması idi. Milli maraqlarımızın diktə etdiyi vəzifələr də Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçiriləcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə