"Ədalət və təhlükəsizliyin təmini İlham Əliyev siyasətinin ana xəttini təşkil edir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident İlham Əliyevin qlobal sülh siyasəti bəşəriyyətin təhlükəsizliyi ilə yanaşı, həm də ekoloji təhlükəsizliyə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov bildirib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasəti üçün xarakterik olan mühüm xüsusiyyətlərdən biri heç şübhəsiz, milli maraqların müdafiəsi ilə yanaşı, həm də bütün bəşəriyyətin rifahı və təhlükəsizliyini nəzərə almaq, planetin istənilən yerində müharibə və zorakılığın acı nəticələrini dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub: "Yalnız Cənubi Qafqazda deyil, bütün dünyada ədalət və təhlükəsizliyin təmini İlham Əliyev siyasətinin ana xəttini təşkil edir. Məhz bu səbəbdən də dövlət başçımız hər zaman planetin harasında baş verməsindən asılı olmayaraq, bütün münaqişə və konfiliktlərin sülh yolu ilə həlli təşəbbüsü ilə çıxış edib, müharibələrə qarşı çıxıb.

30 illik erməni işğalı dönəmində Ermənistan Qarabağ və ətraf ərazilərdə ağır ekoloji cinayətlər törədib, təbiətin məhvi istiqamətində silsilə addımlar atıb. Məhz İlham Əliyevin liderliyi altında gerçəkləşən 44 günlük Vətən müharibəsi bütün bu ekoloji cinayətlərə son qoydu, vətən torpağının azadlığı ilə yanaşı, həm də təbiətin xilasına nail olundu.

Azərbaycan bu gün də bölgədə yeni hərbi qarşıdurmaların qarşısını almaq üçün ciddi diplomatik səylər ortaya qoyur ki, bu da bütün digər amillərlə yanaşı, ekoloji təhlükəszilik baxımından da önəmlidir. Çünki müharibələrin təbiətə, ekloloji mühitə ciddi ziyan vurduğu heç kimə sirr deyil. Ancaq təəssüflər olsun ki, bu gün özünü “mədəniyyətin beşiyi” hesab edən bəzi qlobal güclər Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq etməyə, təbiəti ölümcül silahlarla zəhərləməyə çalışır. Müharibə ilhamvericisi olan bu ölkələrdən biri Fransadır.

Fransa Ermənistana külli miqdarda silah-sursat, raket sistemləri verməklə onu müharibəyə təhrik edir ki, bu da insan həyatı ilə yanaşı, həm də ekosistem üçün ciddi təhdiddir. Fransa keçirdiyi nüvə sınaqları ilə də təbiətə böyük ziyan vurur, onu ölümcül hala salır. Hansı ki, Fransanın təbiətə qəsd siyasətinin dünya ictimaiyyəti tərəfindən daha ciddi və daha sərt şəkildə qınanmasına ehtiyac var".

"Dünya birliyi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizəsini alqışlamaqla yanaşı, Ermənistan, Fransa kimi dövlətlərin təbiətə qəsd siyasətini tənqid etməli, onların ekoloji tarazlığı pozan siaysətlərinin qarşısını almaq üçün həmrəylik sərgiləməlidir. Bu, planetimizin xilası baxımından ən vacib addımlardan biridir” - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə