"BRİCS üzvü olan ölkələr Azərbaycanla əməkdaşlıqdan məmnun qalacaqlar" - ŞƏRH EDİLDİ

"BRİCS formatı Azərbaycanın öz imkanlarını nümayiş etdirmək, töhfə vermək və fayda götürmək baxımından əhəmiyyətli bir platformadır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan bu platforma ilə təşkilati olaraq əməkdaşlığı ilə bağlı yaxınlarda rəsmi müraciət edib: "Azərbaycan aylar öncə belə müraciətlə çıxış etmişdi. Ancaq bir neçə ay keçəndən sonra Azərbaycanın müraciətinə reaksiya verilərək Azərbaycanın sammitə dəvət olunması ölkəmizin hər halda bütün potensialına, mövqeyinə, siyasətinə və nüfuzuna verilən dəyərdir.

Çox vacib olan budur ki, Azərbaycanın belə çoxtərəfli platformalarda zəngin iş təcrübəsi var. Həm də bütün belə çoxtərəfli platformalarda Azərbaycan bəzi ölkələr kimi yük olmur. Əksinə həmin platformalara töhfələr verir. Məsələn, Azərbaycanın Qoşulmama Hərəkatında, sonra Qarşılıqlı Fəaliyyət Müşavirəsində, digər beynəlxalq çoxtərəfli platformalarda böyük iş təcrübəsi var. Töhfə vermək və fayda götürmək təcrübəsi var. Bu təcrübə ölkəmizə BRİCS-də də faydalı əməkdaşlıq tərəfinə çevriləcəyini deməyə əsas verir.

Üstünlüklərdən biri budur ki, Azərbaycanın da bu gün güclü iqtisadiyyatı var. Bu iqtisadiyyat istər investisiya, istər ticarət, istərsə də digər əməkdaşlıq sahələrində ölkəmizə böyük meydan açır. Eyni zamanda Azərbaycanın BRİCS təşkilatında çox üstün olacaq xüsusiyyətlərindən biri də bu təşkilata üzv ölkələrin çoxu ilə ayrı-ayrılıqda yaxşı münasibətlərə malik olmasıdır. O cümlədən, Rusiya, Braziliya, Çin, BƏƏ, Misir və digər ölkələrlə yaxşı münasibətlərin olması bu format çərçivəsində də özünü daha yüksək səviyyədə təsdiq edəcəyini söyləməyə əsas verir".

"Bu ölkələrin böyük iqtisadi imkanları və insan resursları var. Böyük ticarət və investisiya imkanları var. Azərbaycanın da bu cəhətdən geniş imkanlara malik olması arada əməkdaşlıq üçün böyük meydan və arena aça bilir. Bir sözlə, BRİCS platformasında Azərbaycanın fəaliyyəti ölkənin xarici siyasətinin yeni mühüm istiqamətlərindən birini təşkil edəcək. Yəqin ki, BRİCS üzvü olan ölkələr Azərbaycanla əməkdaşlıqdan məmnun qalacaqlar. Çünki bu ölkənin töhfə vermək, fayda götürmək və qarşılıqlı mənafelərə yüksək səviyyədə hörmətlə yanaşmaq təcrübəsi var" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə