"BRİCS-in tərkibində bəzi ölkələr arasında müəyyən rəqabət var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Prezidenti Kazana səfər edərək BRİCS toplantısında iştirak etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu səfər Rusiya Prezidentinin dəvəti əsasında həyata keçirildi: "Belə ki, Vladimir Putin avqust ayında Bakıda olanda ev sahibi olaraq Azərbaycan Prezidentini bu tədbirdə iştirak etmək üçün dəvət etdi. Bununla bərabər Azərbaycan özü də BRİCS-də təmsil olunmaqla bağlı müraciətini təşkilata təqdim edib. Bu baxımdan bu görüşdə iştirak əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, BRİCS-də təmsil olunan ölkələr və onların ümumdaxili məhsulu dünya iqtisadiyyatının 37%-ni təşkil edir. Geniş ərazi, zəngin ehtiyatlar, insan resursu və əlverişli coğrafi imkanlar və inkişaf etməkdə olan ölkələr qrupu üçün məhz bu təşkilat vasitəsilə gələcəkdə dünyada ikinci qlobal güc formalaşa bilər.

Faktiki olaraq BRİCS həm də Qlobal Cənub Formatı adlanır. Doğrudur, hələlik bu təşkilat hansısa siyasi bloka çevrilməyib. Çünki onun tərkibində bəzi ölkələr arasında müəyyən anlaşılmazlıq və rəqabət var. Amma bütün hallarda BRİCS gələcəkdə dünya siyasətində olduqca əhəmiyyətli bir rol alacaq təşkilatdır".

"Azərbaycanın da bu təşkilatda təmsilçiliyi o deməkdir ki, Azərbaycan gələcəkdə özünün yerini harada gördüyü ilə bağlı seçimini etməkdədir. Xüsusilə də Qərbdən son illər Azərbaycana qarşı yönələn haqsız və qərəzli təzyiqlər Azərbaycanın da siyasətində bir çox faktorları nəzərə almağı vadar edir. Azərbaycan da bunları nəzərə alır, eyni zamanda məhz Azərbaycan BRİCS ölkələrinin Avropa ilə bağlantısı üzərində yerləşən Orta dəhlizin əsas düzəngahıdır. Azərbaycan ərazisindən qlobal Cənub formatının iki böyük nəqliyyat qovşağı keçir. Biri Şimal-cənub nəqliyyat dəhlizi, biri də Şərq-qərb nəqliyyat dəhlizidir. Azərbaycan infrastruktur baxımından da buna hazırdır. Bu baxımdan BRİCS-də təmsilçilik və əlaqələrin qurulması həm də Azərbaycanın gələcəkdə ticarət dövriyyəsinin ciddi şəkildə artmasına gətirib çıxaracaq hadisədir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə