"Suqovuşanın yerləşdiyi ərazi strateji əhəmiyyətə malikdir - ŞƏRH OLUNDU

“İyirmi altı il davam edən işğaldan sonra kifayət qədər üstün mövqedə yerləşən işğalçı Ermənistan ordusunun Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdə darmadağın edilməsi bir daha qəhrəman Azərbaycan ordusunun nə qədər böyük döyüş potensialına malik olduğunu nümayiş etdirdi. Suqovuşan Qarabağın şimal istiqamətində azad etdiyimiz ilk yaşayış məntəqəsi idi, mənəvi və psixoloji baxımdan bu ordumuz üçün çox vacib və əhəmiyyətli addım idi. Digər tərəfdən isə Suqovuşanın yerləşdiyi ərazi bizim üçün strateji əhəmiyyətə malik idi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, ilk növbədə Azərbaycan ordusu Suqovuşanın müdafiəsini təşkil edən düşmənin altıncı dağıdıcı alayını daha üstün mövqedə olmasına baxmayaraq, darmadağın etdi: “Alayın şəxsi heyətinin böyük bir hissəsi məhv edildi, anbar və sursat ehtiyatları, həmçinin qərargahları külə çevrildi. Suqovuşanın azad edilməsi ilə Azərbaycan bir çox mühüm əhəmiyyətə malik yol qovşaqlarını, o cümlədən Basarkeçər rayonundan gəlib Ağdərədən keçməklə, Xankəndinə qədər uzanan və Ermənistanın “ikinci dəhliz” adlandırdığı magistral yolun bir hissəsini atəş nəzarətinə aldı. Bu düşmənin həm şimal istiqamətində əlavə qüvvələr yeritməsinə, həm də həmin müdafiə rayonunda manevrlərini kifayət qədər məhdudlaşdırdı.

Suqovuşanın azad edilməsi böyük bir su anbarının nəzarətimizə keçməsi və sonradan da bu su anbarından ətraf rayonların su təchizatında istifadəsinə mühüm imkanlar yaratdı. Suqovuşan qəsəbəsinin Azərbaycanın nəzarətində olması paralel olaraq Ermənistan ordusuna şimal istiqamətindəki qoşunları daha çox məğlubiyyətə məruz qaldığı cənub istiqamətinə köçürməyə imkan vermədi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə