Azərbaycanda seçki mühiti necə təmin olunub? - EKSPERT RƏYLƏRİ

Azərbaycanda seçki mühiti necə təmin olunub? - EKSPERT RƏYLƏRİ

“Azərbaycanda seçki mühitini normal hesab etmək olar. Çünki burada həm seçkidə iştirak edən namizədlər, həm də müşahidəçilər də seçki mühiti ilə bağlı müsbət fikirdədirlər. Ölkəmizdə fəaliyyətdə olan xarici müşahidəçilər tərəfindən də heç bir mənfi reaksiya yoxdur. Bu da ondan xəbər verir ki, seçki prosesi normal şəraitdə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, təbliğat-təşviqat işində sosial şəbəkələrdən fəal şəkildə istifadə olunur: “Eyni zamanda digər vasitələrdən də təbliğat-təşviqat prosesində istifadə olunur ki, bu da seçicilərə namizədlərilə tanışmaq olmaq imkanı yaradır”.

Politoloq Tural İsmayılov seçki mühiti ilə bağlı fikirlərini bölüşüb: “Sentyabrın 1-nə təyin edilmiş seçkilərin Azərbaycan üçün həm siyasi, həm tarixi, həm də mənəvi əhəmiyyəti var. Bu, müstəqillik illərində Milli Məclisə keçirilmiş digər seçkilərdən fərqlənəcək. İndiki seçkilər ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda keçiriləcək. Bu mənada seçkilər tarixi əhmiyyət daşıyır. Belə bir ölkədə yeni formalaşacaq Milli Məclisin üzvləri Azərbaycanın mövqeyini qanunvericilik müstəvisində mükəmməl formada ifadə edəcəklər. Bu mühüm siyasi hadisə ölkəmizin milli maraqlarının, suverenliyinin daha da güclənməsinə təsir göstərəcək”.

Tural İsmayılov seçkilər ərəfəsində Azərbaycanın qarşısında bir sıra qlobal çağırışların durduğunu söyləyib: “Bu baxımdan yeni formalaşacaq Milli Məclis seçkilərdən sonra beynəlxalq əhəmiyyətli siyasi proseslərdə maksimum şəkildə iştirak edəcək. Yeni heyətin Azərbaycanın gələcək siyasi mənzərəsində xüsusi rolu olacaq. Azərbaycan hazırda mühüm beynəlxalq proseslərdə layiqli formada iştirak etməyə çalışır. Milli Məclis isə ölkənin həyata keçirdiyi siyasətə adekvat addımlar atacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə