"Laçın Azərbaycanın ən gözəl yaşayış və turizm məkanlarından birinə çevriləcək" - MÜNASİBƏT BİLDİRİLDİ
"Laçın rayonu ilə bağlı tariximizdə acılı-şirinli əlamətdar günlər olub. Ötən əsrin 30-cu illərindən başlayaraq Laçının müstəqil bir rayon kimi fəaliyyəti və yaşaması dövrüdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Aydın Quliyev sözlərinə belə davam edib: "Laçın həmişə Azərbaycanın gözəl guşələrindən biri olub. Laçının çox dəyərli övladları yetişib və Laçın həmişə Ermənistanla Azərbaycanın sərhədində düşmənlərin qarşısında bir qala rolunu oynayıb. Amma təəssüf ki, ötən əsrin 90-cı illərində bu ölkənin taleyi səriştəsiz əllərdə olduğu vaxtlarda Laçın alınmaz qala rolunu, gücünü müvəqqəti olaraq itirdi və 1992-ci ilin may ayının 15-də Laçının işğal olunması ilə əslində Azərbaycana təcavüzkarların ayaq açması üçün geniş bir qapı açıldı. Bu bizim üçün çox ağır bir tarixi gün idi. Heç vaxt unudulmayacaq ağır bir gün idi. Çünki məhz Laçının bir təcavüz qapısı olaraq açılmasından sonrakı 30 illik dövr bizim torpaqlarımızın elə Laçının özünün də işğal altında qaldığı dövr idi.
Əlbəttə, Laçının taleyində 1992-ci il 15 may gününün yazılması, onun məsuliyyəti heç bir halda Laçınlıların üzərində deyil. Bu bütün Azərbaycan xalqının yaddaşında həmişəlik yaşayacaq ağır bir gündür. Bu ağır günü bizim taleyimizə, eləcə də Laçınlıların taleyinə yazılmasının bütün məsuliyyətini o dövrdə ölkəyə rəhbərlik etmiş şəxslər daşıyır və daşımalıdır.
30 ildən sonra ilk dəfə olaraq 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qələbəsi digər rayonlarımız kimi Laçının da azad olunması üçün geniş imkanlar yaratdı və Laçın demək olar ki bəzi əraziləri istisna olmaqla düşmən əsarətindən azad oldu. Laçının tarixində 15 may 1992-ci il nə qədər kədərli gündürsə, 2020-ci ilin noyabr-dekabr günləri də bir o qədər şərəfli gündür. Çünki həmin günlərdə Azərbaycan Ermənistana imzalatdığı kapitulyasiya aktına uyğun olaraq Laçının dinc şəkildə azad olunmasına nail oldu.
2023-cü ilin 23 apreli Laçının tarixində ayrıca bir gündür. Çünki Laçında ilk dəfə olaraq Azərbaycanın sərhəd keçid buraxılış məntəqəsinin qoyulması bizim ərazilərimiz üzərində suveren nəzarətimizin tam şəkildə bərpa olunmasına doğru çox böyük bir addım oldu. Hətta mən deyərdim ki, aprelin 23-də Laçında postun qurulması Azərbaycanın suverenliyinin ilk dəfə olaraq əldə olunmasına doğru böyük yolun başlanğıcı idi. Bu da Laçınlıların tarixində şərəfli günlərdən biri kimi yazıldı.
Beləliklə 1992-ci ilin 15 may acı xatirə günü, 2020-ci il noyabr-dekabr günləri şərəfli qələbə tarixidir. 2023-cü ilin aprelin 23-ü isə Laçının tarixində əlamətdar zəfər günlərindən biri kimi qeyd olunmalıdır. Eləcə də avqust ayında Laçına ilk qayıdışın başlanması, Laçında məskunlaşmaya start verilməsi də Laçının tarixində əlamətdar gündür. Fikrimcə, bu günlərin arasında illər keçsə də amma onların hamısını bir-birinə bağlayan bir sistem, bir əlaqə var. Bu əlaqə də odur ki, Laçın artıq Azərbaycanındır, Laçınlılar artıq Laçındadır, Laçın azad olunub, Laçın bərpa olunur və Laçın Azərbaycanın ən gözəl yaşayış və turizm məkanlarından birinə çevriləcək. Nə yaxşı ki, Laçın azaddır və avqus ayının 26-sı Laçının tarixində eləcə də Laçınlılar üçün heç vaxt unudulmayacaq bir şərəf günü tarixi olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB