“Bu görüşlər yaratdığımız yeni reallıqlara münasibətin dayanıqlılığının təminidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün Konstitusiyası ilə altı ali niyyətindən biri kimi müəyyən edib. Bu ali niyyətin realizəsi üçün biz bütün mümkün mexanizmlərə fürsət kimi baxır, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarında nəzərdə tutulan prinsiplər əsasında mümkün qədər əlaqələrimizin daha çoxşaxəli formatda qurulmasına çalışırıq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi"nin 4-cü Zirvəsində iştirak üçün Böyük Britaniyaya səfəri də ilk növbədə məhz bu ali niyyətlərin realizəsinə töhfə kimi qiymətləndirilməlidir: “Bildiyiniz kimi, səfər çərçivəsində cənab Prezident Lüksemburqun Baş naziri Lyuk Friden, İsveçrə Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiyanın Baş naziri Petr Fiala və Almaniyanın Kansleri Olaf Şolts ilə görüşərək istər qlobal, istər regional, istərsə də ikitərəfli münasibətlər baxımından mühüm müzakirələr keçirib. Bu görüşlər istər Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı yeni reallıqlara münasibətin dayanıqlılığının təmini, həmçinin noyabr ayında keçiriləcək COP29-la bağlı müzakirələrin keçirilməsi və tədbirə ev sahibliyi edəcək dövlətin başçısı kimi cənab İlham Əliyevin həmin liderləri şəxsən Bakıya dəvət etməsi anlamında mühüm əhəmiyyətə malikdir. Yayılan məlumatlardan da göründüyü kimi, Azərbaycan Prezidentinin bütün görüşləri müsbət məcrada davam etmiş, dövlət başçısı Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar, habelə COP29-a hazırlıqlarla bağlı, həmçinin Azərbaycanın bu çərçivədə irəli sürdüyü konsepsiyanın, Şimal və Cənub qütbləri arasında konsensusun əldə edilməsi istiqamətində təklif etdiyi modellərin təqdimatı baxımdan mühüm əhəmiyyətə malik oldu”.

Bəhruz Məhərrəmov sözlərinə davam edərək qeyd edib ki, "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvəsi çərçivəsində Fransanın yenidən qeyri-praqmatik və regionda sülhə xidmət etməyən mövqe sərgiləməsi, 30 ildən artıq işğalı sürdürmüş Ermənistanın sülhsevər dövlət kimi təqdim edilməsi və Azərbaycanın ünvanına əsassız ittihamlar yağdırması bir daha göstərir ki, bu kimi tədbirlərdə iştirak və yüksək səviyyədə təmsilçilik, həmçinin ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi Fransa və onun orbitində olan digər beynəlxalq subyektlərin əsassız davranışlarının qarşısının alınması və cavablandırılması baxımından çox mühümdür: “Azərbaycan dəfələrlə bəyan edib ki, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Belə bir məqamda, Azərbaycanı hərbi ritorikada ittiham etmək və yaxud Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin edərək öz ərazi bütövlüyü və suverenliyini bərqərar etməsini fərqli müstəvidə təqdim etməyə cəhd göstərmək yolverilməzdir, keçirilən görüşlərin və cənab İlham Əliyevə ikitərəfli görüş üçün müraciətlərin məzmunu da göstərir ki, əslində Fransa bu platformadan da Cənubi Qafqaz üzrə niyyətlərinə çatmadan məğlub kimi ayrıldı”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə