Tramp seçiləcəyi təqdirdə Ukraynanın taleyi TƏHLİL

Son həftələrdə baş verənlər, xüsusilə, Trampa edilən sui-qəsd cəhdi, seçimlərdə kimin qalib gələcəyini bəlli edir. Belə ki, artıq Baydenə seçkilərdən namizədliyini geri çəkməsi yönündə təzyiqlər də var. Ukrayna prezidenti Vladimir Zelenski isə təbbi olaraq bu vəziyyətdən narahatdır. O, BBC-yə eksklüziv müsahibəsində deyib ki, Respublikaçı namizəd Donald Tramp yenidən prezident seçilərsə, onunla işləmək “çətin iş olacaq”.

Londonda keçirilən şəxsi müsahibəsində Zelenski ABŞ-da vəzifəyə gələcək hər bir kəslə birlikdə işləməyə hazır olduğunu bildirib. Zelenski “biz çətin işlərin öhdəsindən gəlməyə alışmışıq”, - deyərək əlavə edib və hər vəziyyətdə ABŞ ilə əməkdaşlıq etməli olduqlarını vurğulayıb. Tramp administrasiyasının Ukrayna məsələsinə gəldikdə bir çox əsaslı nümunələr görə bilərik. Belə ki, Trampın vitse-prezidentliyə namizədi kimi elan etdiyi Ohayo senatoru Vance: “Ukraynada nə baş verdiyi məni maraqlandırmır” fikri yenidən gündəmdədir. Beləliklə, Trampın prezident seçiləcəyi təqdirdə vitse-prezident olacaq Vansın münasibəti ABŞ-ın gələcəkdə Ukraynadakı vəziyyətə necə yanaşacağı suallarını ortaya qoyub.

Son müsahibəsində Vansın sözlərini xatırladan Zelenski - "bəlkə də o, Ukraynada baş verənləri başa düşməyib. Amma biz ABŞ-la işləməliyik",- deyib. Beləliklə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdarsa, Rusiyaya qarşı daha mülayim mövqe yarana bilər. Bu vəziyyətin Ukrayna müharibəsindəki tarazlığa təsir edəcəyi dəqiqdir. Hazırda davam edən müharibədə itkilər verməyə davam edən Ukrayna qüvvələri bu həftə Dnepr çayı boyunca bəzi kritik əhəmiyyətli nöqtələrdən geri çəkilib. Son aylarda Rusiya qüvvələrinin işğal etdikləri bölgələr sayca məhdud da olsa, irəliləyiş müşahidə edilir. Hazırda Ukrayna ərazisinin təqribən 20%-nə nəzarət edən Rusiya ordusu Xarkov ətrafına hücumlara davam edir. Rusiya həmçinin digər şəhərlərə, o cümlədən paytaxt Kiyevə raket zərbələri endirməyə davam edir. Bəzi mənbələrə görə, Rusiya ordusu sistemli şəkildə Ukraynanın bütün elektrik şəbəkəsini məhv edib.

Zelenski qeyd edib ki, bu yay Ukraynaya F-16 təyyarələrinin verilməsi ilə bağlı verilən vədlərə baxmayaraq, təyyarələr hələ də gəlməyib. Digər tərəfdən iki ildən çoxdur davam edən müharibənin tezliklə bitəcəyi gözlənilmir. Bununla belə, ölkələrin diplomatik yolla razılığa gələ bilməyəcəyi ilə bağlı fikirlər artmaqdadır. Onu da qeyd edək ki, ötən ay İsveçrədə Rusiyanın dəvət olunmadığı sülh sammiti keçirilib. Buna baxmayaraq, Zelenski Rusiyanın noyabrda keçiriləcək ikinci sammitdə iştirak etməli olduğunu vurğulayıb. BBC-yə verdiyi açıqlamada Zelenski bildirib ki, əgər dünya ölkələri müharibəni bitirmək istəyirsə, Rusiyanı masaya oturtmaq üçün təzyiqi artırmalıdır. Onu da qeyd edək ki, 2019-cu ildən Ukraynaya rəhbərlik edən Zelenskinin prezidentlik müddəti başa çatsa da, ölkədəki hərbi vəziyyətə görə seçkilər keçirilə bilmədiyi üçün o, vəzifəsini davam etdirir.

Nəticə olaraq görünən odur ki, onsuz da əvvəlki kimi dəstək görməyən Ukrayna tərəfi, respublikaçıların qalib gələcəyi təqdirdə tamamilə çətin vəziyyətə düşəcəklər. Rusiya tərəfi isə bu vəziyyəti yetərincə analiz etdiyi üçün müharibəni davam etdirmək fikrindədir. Sülh danışıqları üçün alçaldıcı şərtləri olan təkliflər bunun əsas göstəricisidir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə