“Köç prosesi güclü Azərbaycanın dünyada da nümayişidir“ - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər ay işğaldan azad olunmuş vətənimizin dilbər guşəsi olan Qarabağda köç proseslərinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Deputat bildirib ki, vaxtı ilə yurd-yuvasından didərgin düşmüş insanlar o nisgili ürəklərində yaşayaraq bu gün öz doğma ata-baba yurdlarına qayıdırlar: "Bu insanların qayıtması və əvvəl yaşadıqları evlərdən də gözəl mənzillərlə təmin olunması, azad vətənimizin dilbər guşəsi Qarabağa qayıtması Azərbaycan dövlətinin gücü, qüdrəti və möhtərəm Prezidentimizin qaçqınlara, məcburi köçkünlərə hələ prezidentliyin ilk günündə verdiyi sözə əməl etməsidir. Liderin xalqın sevgisini qazanması üçün verdiyi hər sözün, etdiyi əməlin nəticəsini insanlar görməlidirlər. Ali Baş Komandan İlham Əliyevin verdiyi söz Qarabağın işğaldan azad olunması sözü idi. Bu siyasət uğurla həyata keçirildi. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması, keçən 3 il ərzində antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam təmin olunması və qısa müddətdə insanların məskunlaşması üçün işlərin görülməsi güclü Azərbaycanın dünyada da nümayişidir. Ölkəmizin iqtisadi gücü ona imkan verdi ki, qısa müddətdə qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün onlara lazım olan şərait yaradılsın. Böyük Qayıdışın tərkib hissəsi olan məskunlaşma prosesi çox sürətlə davam edir. Paralel olaraq digər şəhər və kəndlərimizin bərpası da baş verir. Prezidentimiz Qarabağa hər səfərində bu məskunlaşmanın anonsunu verir, konkret vaxtları göstərir. Həmin vaxtlarda insanlar öz torpaqlarına qayıdırlar".

O əlavə edərək deyib ki, bu insanlar torpaqlarımızın əvvəlki vəziyyətinə qayıtması, torpağımızın oyanması, işləməsi, Qarabağın inkişafına töhfə verəcək nəslin yetişməsinin başlanğıcıdır: "Bu işdə uğurlar arzu edirəm, qısa müddətdə yenidənqurma işlərini həyata keçirən insanların hamısına xalqımız adından təşəkkürümüzü bildirirəm. Başda cənab İlham Əliyev olmaqla Azərbaycan dövləti, icra strukturları bütünlüklə Azərbaycanın, azad edilmiş torpaqlarımızın bərpası üçün çalışırlar. Qarşıdan gələn prezident seçkilərində də məhz bu məskunlaşma nəticəsində yeni seçki məntəqələrinin açılması və ilk seçkinin prezident seçkisi olması yeni dövrün başlanğıcının da simvoludur. Paralel olaraq köçkünlərin qaytarılması Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə