Adi rüşvət ocağı - AVROPA - RAKURS

Avropa parlamenti növbəti rüşvət qalmaqalı ilə üz-üzə qalıb. Belçika polisi parlamentin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparır. Hesab edilir ki, Avroparlamentin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə aparılmasına görə rüşvət verilirmiş. İddialara görə, araşdırma mərkəzləri Avropa Parlamentinin deputatlarına “Avropanın Səsi” internet saytı vasitəsilə Rusiya təbliğatını təşviq etmək üçün pul alıblar. Polis reydləri Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində keçirilib.
Digər mənbənin verdiyi məlumata görə, Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində aparılan axtarışlar “Avropanın Səsi” internet saytında Rusiya təbliğatını təbliğ etmək üçün Avropa Parlamentinin deputatlarına müraciət edildiyi və onlara pul ödənildiyi iddia edilən “Russiagate işi” ilə bağlıdır. "Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var" deyə Belçika hüquq-mühafizə orqanları bildirib. Həssas məsələni müzakirə etmək üçün anonimlik icazəsi verilmiş istintaqla tanış olan iki nəfərin sözlərinə görə, Belçika polisi mübahisəli siyasi partiya olan “Almaniya üçün Alternativ” (AfD) üçün çalışmış deputat köməkçisinin əlaqələrini araşdırır. Həmin şəxs hollandiyalı Avropa Parlamentinin üzvü, ifrat sağçı Marsel de Qraaffın yanında çalışıb.

AfD son aylarda bir sıra qalmaqallarla üzləşib və aprel ayında Avropa Parlamentinin yüksək rütbəli deputatı Maksimilian Krahın köməkçisinin həbsi ilə nəticələnib. Alman səlahiyyətliləri Jian G. adlı köməkçinin “Çin məxfi xidmətinin əməkdaşı” olduğunu bildiriblər. Bundan qısa müddət sonra Almaniyanın Drezden dövlət prokurorları Krahın “Avropa Parlamenti deputatı kimi fəaliyyətinə görə” Rusiya və Çindən ödənişlər qəbul etməsi ilə bağlı ilkin araşdırmalara başlayıb. Bu ayın əvvəlində Belçika və Almaniya polisi casusluq təhqiqatı ilə əlaqədar Krahın Avropa Parlamentinin ofisində axtarış aparıb. AB seçkilərində AfD-nin əsas namizədi olan Krah casusluq və korrupsiya iddiaları, habelə nasist dövründən qalma Waffen-SS ilə bağlı son qızışdırıcı ifadələrdən sonra kampaniyanı dayandıracağını və partiyasının liderlik şurasından istefa verəcəyini açıqlayıb. Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib, lakin səlahiyyətlilərə ofisə giriş imkanı verildiyini təsdiqləyib.

Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir. Avropa ölkələrində kifayət qədər siyasi korrupsiya faktları mövcuddur. Əminliklə demək olar ki, araşdırmalar yeni faktları üzə çıxaracaq. Bu hal Avropa Parlamenti ilə yanaşı bir çox ölkələrin parlamentlərində də mövcuddur. Bəzi qüvvələr eyni üsullardan istifadə edərək öz istəklərinə nail ola bilirlər. Məsələn, ABŞ-da bunun adı lobbiçilikdir və qanuni fəaliyyət hesab edilir. Ancaq eyni vəziyyət Avropa üçün keçərli deyil. Fransa parlamentində olan zəngin erməni diasporu ölkənin siyasi qərarlarına öz təzyiq və təsirini rüşvətlə göstərir. Hazırda Avropanı ağır vəziyyətə salan enerji layihələri ilə bağlı qərarlar məhz sözügedən üsullarla qəbul edilir.

Bəzi Avropa banklarında məhz siyasi elitanı ələ almaq üçün müəyyən vəsaitlərin aşkarlandığı barədə də məlumatlar var. Postsovet ölkələrindəki ənənəvi korrupsiyadan fərqli olaraq, Avropa ölkələrində bu cür hallar çox məharətlə həyata keçirilir. “Qoca qitə”də korrupsiya bataqlığında olan nüfuzlu medianı da unutmaq olmaz. Hazırda baş verən olaylarların üzərindən sükutla keçmək onların üzərindəki ciddi şübhələri daha da artırır. Bəzi ölkələrdə siyasi institutlara, beynəlxalq təşkilatlara inamın itməsi də məhz bu qurumlarda mövcud olan korrupsiya şəbəkəsidir.

Qeyd edək ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli Belçikanın paytaxtı Brüsseldə Qətərdə keçirilən dünya çempionatı ilə əlaqəli korrupsiyaya görə saxlanılmışdı. Daha öncə isə Belçika prokurorluğu polisin xüsusi əməliyyat keçirməsi və bu zaman keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı. Avropalılar demokratiyadan ağız dolusu danışırlar, amma cibləri rüşvətlə doludur. Avropa Parlamentində korrupsiya qalmaqalı bu gün də davam edir. Belçika və Almaniya polis orqanlarının nümayəndələri korrupsiya iddiası ilə bağlı təhqiqat aparmaq üçün Avropa Xalq Partiyasının (AXP) Brüsseldəki qərargahında olublar. Həmin yoxlamaların Almaniyanın Türingiya şəhərində davam edən araşdırma ilə bağlı olduğu bildirilir. Almaniya mediası bu araşdırmaların korrupsiya və rüşvətxorluqda şübhəli bilinən Almaniya Xristian Demokratlar Birliyinin Türingiya vilayəti üzrə lideri Mario Voigta qarşı yönəldiyini deyib. Belə ki, Voigt 2019-cu il seçkiləri dönəmində Avropa Xalq Partiyasında çalışıb. Bildirilib ki, müstəntiqlər Voigtin bu müddət ərzində nə qədər vəsait aldığını və ya mənimsədiyini müəyyənləşdirməyə çalışırlar.

Avropa İttifaqının əsas qanunverici orqanı olan Avropa Parlamenti korrupsiya içində çabalayırsa, gör ittifaqın özü nə gündədir. Bundan əvvəl Yunanıstandan olan parlamentin sədr müavini Eva Kalli ilə yanaşı korrupsiyaya görə daha iki deputat da həbs olunub. İtaliya, Almaniya, Fransa və Belçikadan olan deputatların bu işdə adları hallanır. Görünən odur ki, Avropa Parlamentində qalmaqal daha da böyüyür. Başqalarını ittiham edən orqan öncə özü təmiz olmalıdır. Korrupsiya elə bir bəladır ki, dünyanın heç bir ölkəsi hələ ondan qurtula bilməyib. Amma onun da bir həddi var. Ən azından qanunverici orqan ondan uzaq olmalıdır. Görünən odur ki, AŞ PA-nın Azərbaycanla bağlı çıxardığı qərar da rüşvətlə əldə edilən haqsız qərar olub.

Əslində avropalı siyasətçilərin rüşvət qalmaqalları ilə gündəmə gəlməsi sözügedən qurumun və ümumiyyətlə, Avropa İttifaqının reputasiyasına ciddi zərbədir. Çünki Avropa İttifaqı sosial-iqtisadi institut kimi böyük coğrafiyanı əhatə edən mexanizmdir. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Parlamentində İslamafob, türkofob, Azərbaycanofob deputatların yer alması təəssüf doğuran məqamlardan biridir. Xüsusilə, Vətən müharibəsindəki qələbəmizdən sonra Avropa Parlamenti ölkəmizə qarşı qərəzli olaraq çoxsaylı qətnamə qəbul etdi. Avropa parlamentariləri bir çox hallarda irəli sürülən qanun layihələri ilə tanış olmadan, onun mahiyyətinə varmadan, regional spesifikasını təhlil etmədən bu qətnamələrin lehinə səs verirlər. Bu isə səriştəsiz siyasətçilərin işidir. Belə bir qurumun Azərbaycan haqqında çıxardığı qətnamələrin hüquqi təsir qüvvəsi yoxdur və onlar sadə kağız parçasından başqa bir şey deyil. Gündəmə gələn rüşvət qalmaqalı da məhz erməni lobbisinin maliyyəsi ilə korrupsiyaya bulaşmış parlamentarilərin qəbul etdiyi qətnamələrlə bağlıdır.

Bəs AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailin etdiyi konkret hansı cinayətdə ittiham olunur? Məlum olub ki, Kaili də daxil olmaqla, saxlanılanlar rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla Qətərin xeyrinə qanunsuz lobbiçilik edərək Avropa Parlamentində qəbul edilən qərarlara təsir etməyə çalışıblar. İşlə əlaqədar 16 müxtəlif nöqtədə axtarış aparılıb və 600 min avro nağd pul aşkarlanıb. Növbəti axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapılıb. Bu, bir daha onu göstərir ki, rüşvətxorluq və korrupsiya Avropa institutlarında artıq sistemli xarakter alıb. “Transparency İnternational”ın əməkdaşı AP-də korrupsiyanın miqyasının “dəhşət” adlandırıb.

Araşdırmalar onu göstərir ki, Eva Kaylinin rüşvət məsələsi sadəcə aysberqin yalnız görünən tərəfidir. Bu qadının işi sadəcə vasitəçilik olub, “ilanın başı” isə daha dərindədir. AP-də fəaliyyət göstərən anti-Azərbaycan qrupu da bu çetenin tərkibindədir. Ermənistana dəstək əldə etmək istəyən, həmçinin qanunsuz biznes fəaliyyətini davam etdirmək niyyətində olan erməni oliqarxlardan, mafiya başçılarından külli miqdarda rüşvət qəbul edənlər də onlardır. İşğal dövründə Qarabağda qanunsuz biznes fəaliyyətləri göstərmiş həmin oliqarxlar əldə etdikləri qanunsuz sərvətin bir hissəsini digər qurum və institutlarla yanaşı Aİ məmurlarına da yönəldiblər. Avropa Parlamentinin komitəsinin Azərbaycanla bağlı sanksiya təklifləri də rüşvətlə əldə edilən bir qərardır. Avropa Fransa başda olmaqla hələ korrupsiyadan xilas ola bilmir. Onilliklər ərzində Avropada müxtəlif qurumların içinə qədər sızmış erməni və yunan lobbiçiləri Azərbaycanın əldə etdiyi uğurları, bərpa etdiyi suveren hüquqları həzm edə bilmir, reallıqlarla barışmaq istəmir.

Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalından başqa, bir sıra Avropa ölkələrində siyasi korrupsiya faktları kifayət qədərdir. Bunlar araşdırmalar nəticəsində üzə çıxarılacaq. Amma Avropa ölkələri məsələni bir o qədər də açılmasını istəmir, lobbiçiliyin cinayət sayılmadığı barədə utopiyalar tirajlamaqla sudan quru çıxmağa çalışırlar. Məsələn, ABŞ-da bunu tam olaraq qanuni fəaliyyət hesab edirlər. Avropa üçün isə eyni vəziyyət keçərli deyil. Fransa parlamentində də varlı erməni diasporunun pulu gücünə mandat əldə edən deputatlar var. Avropa banklarında məhz siyasi elitanı ələ almaq üçün müəyyən vəsaitlərin aşkarlandığı barədə də məlumatlar dolaşır. Keçmiş sovet ölkələrindəki ənənəvi korrupsiyadan fərqli olaraq, Avropada bu cür hallar çox məharətlə və ustalıqla həyata keçirilir. Qərb mediası da korrupsiyanın girdabında çapalayır. Sifarişli məqalələrin dərci ənənəsi Avropadan gəldiyini çox adam bilir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə