“Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsi (OCCRP), eyni zamanda "Mikroskop Media" məqsədli şəkildə Azərbaycanı, onun dövlət başçısını və ayrı-ayrı məmurlarını hədəfə alır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ilk dəfə deyil ki, onlar belə “araşdırma” ortaya qoyurlar: "Bir qayda olaraq Azərbaycana hansı yolla qara yaxa biləcəklərini düşünərək hərəkət edirlər. Əslində, həmin layihənin maliyyə mənbələri şübhəlidir. Doğurdanmı onların məqsədi korrupsiyanı, cinayətkarlığı araşdırıb üzə çıxarmaqdır?
Əli Kərimli istinad edərkən əvvəlcə bu şübhəli sualların cavablarını araşdırıb öyrənsin və bundan sonra həmin layihənin “araşdırmaları”na əsaslanaraq fikirlər səsləndirsin. Biz birmənalı olaraq bilirik ki, bu layihə Azərbaycan dövlətini hədəfə alıb. Uzun illərdir ki, onlar bu işlə məşğuldurlar. Onların qarşısına qoyulan vəzifə Azərbaycanı bir dövlət olaraq gözdən salmaq, ona hücumlar üçün “əsaslar” yaratmaqdır. Əgər Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa, əvvəlcə həmin layihənin özünü araşdırsın. Prezident İlham Əliyev dünyanın gözü qarşısındadır. Hər tərəfdən bədxahlarımız Ona hücum edirlər. Çünki dövlət başçısı İlham Əliyev Qarabağ torpaqlarını işğaldan azad edib, yüzillərdir Azərbaycanın bacarmadığı bir işi görüb, rus sülhməramlılarını ərazimizdən çıxarıb və Ermənistanla sərhədlərimizin dəqiqləşdirilməsi prosesini başladıb. Bütün bunların fonunda bədxahların Prezident İlham Əliyevin üzərinə gəlməsi təbiidir. Amma azərbaycanlı olan Əli Kərimlinin də həmin xorda yer alması əlbəttə ki, əlavə suallar doğurmaya bilməz”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB