Parlamentlərin savaşı - RAKURS

Paşinyan İrəvanla Moskva arasında münasibətlərdəki böhran fonunda reytinqini itirir

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan Milli Assambleyasından spikeri Alen Simonyanın Avropa İttifaqına üzv dövlətlərin parlament sədrlərinin konfransındakı çıxışı ilə bağlı mövqeyinə aydınlıq gətirilməsini istəyib. Xüsusən də erməni həmkarının Moskva haqqında danışması onu qəzəbləndirib. Bu hadisə müttəfiqlik münasibətlərində daha bir fəsadın epizodu olub. İspaniyada çıxış edən Alen Simonyan bəyan edib ki, “Ermənistan Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir”. Eyni zamanda, o vurğulayıb ki, İrəvan hər gün təhlükəsizlik təhdidləri ilə, o cümlədən Azərbaycan və Rusiyanın “hibrid hücumları” ilə üzləşir. Simonyanın fikrincə, Bakı Ermənistanı xoşagəlməz şəkildə göstərmək üçün müxtəlif KİV-lərdən istifadə edir və Rusiya Ermənistan əhalisi arasında dezinformasiya kampaniyasına başlayıb.

“Yuxarıda göstərilənlərin bariz nümunəsi aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri, Avropa Komissiyasının sədri və ABŞ katibinin iştirak etdiyi üçtərəfli görüşlə bağlı Rusiya və Azərbaycanın Ermənistana hibrid hücumudur. Bu görüşün qarşısını almaq üçün dezinformasiyadan istifadə edilib və bu, uğursuzluğa düçar olduğu üçün görüşün nəticələrini təhrif etməyə cəhd edilib”, - Simonyan bildirib.

Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin həmkarlarının diqqətini erməni siyasətçinin çıxışına yönəltmək qərarına gəlib. Xüsusilə, o, Simonyanın sözlərində “Kiyevdəki rejimlə birbaşa həmrəylik” notlarını gördüyünü deyib. Karasin hesab edir ki, Ermənistan Milli Assambleyasının spikeri Rusiyanın suverenliyinə şübhə ilə yanaşıb və “Federasiyanın yeni subyektlərinin sakinlərinin referendumlar zamanı açıq şəkildə ifadə olunmuş vətənləri ilə birləşmək istəyinə” məhəl qoymayıb. O, həmçinin vurğulayıb ki, Rusiyanı Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim etmək cəhdləri heç bir çərçivəyə sığmır, çünki iki ölkə 1997-ci ildə imzalanmış müvafiq saziş və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük əsasında müttəfiqdir. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir.

Rusiya-Ermənistan Universitetinin dosenti Anton Evstratov hesab edir ki, baş verənlər indi çətin günlərini yaşayan indiki Rusiya-Ermənistan münasibətlərinin məntiqinə tamamilə uyğundur. “Ermənistandan belə görünür: Rusiya və KTMT ermənilərin Qarabağdan köçünün qarşısını almayıb, Rusiya mətbuatı isə mütəmadi olaraq Ermənistan hakimiyyətinə hücum edir. Buna cavab olaraq İrəvan bütün mümkün vasitələrlə ABŞ və Aİ ilə yaxınlaşmağa çalışır”, - ekspert bildirib. Evstratov hesab edir ki, Simonyanın İspaniyada çıxışına gəlincə, bu, təkcə Ermənistanın hakim elitasının deyil, həm də erməni cəmiyyətinin mühüm hissəsinin hisslərini nümayiş etdirir. Eyni zamanda, onun fikrincə, bu səviyyəli siyasətçi harda danışırsa, İrəvanın Moskvadan nə qədər asılı olduğunu həmişə xatırlamalıdır.

Erməni politoloqu Boris Navasardyan hesab edir ki, Simonyanın çıxışının rusiyalı senatorların bəyənmədiyi hissəsi ümumilikdə Ermənistan cəmiyyətində ölkənin Rusiya ilə münasibətlərinin xarakterindən məyusluğunu əks etdirir. Bu, ilk növbədə, təhlükəsizlik və informasiya siyasəti məsələlərinə aiddir. Buna baxmayaraq, o qeyd edib ki, Ermənistanda ictimai rəyin qütbləşməsi şəraitində bu və ya digər siyasətçinin bəyanatının bütün vətəndaşlar tərəfindən dəstəkləndiyini söyləmək mümkün deyil. Amma o, şübhə etmir ki, rəsmi olaraq İrəvanın strateji müttəfiqi statusunu saxlayan Moskvanın siyasətindən narazılığın artması tendensiyası var.

Qeyd edək ki, sadə ermənilərin hakimiyyətin hərəkətlərinə reaksiyası həqiqətən də birmənalı deyil. Qondarma “soyqırımı” günü bu, xüsusilə nəzərə çarpırdı. Belə ki, soyqırıma həsr olunmuş Çiçernakaberd memorial kompleksinin yaxınlığında toplaşanlar baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın oraya gəldiyini görəndə “Nikol türkdür” şüarları səsləndiriblər. Amma bu, birinci ledini çox da narahat etməyib. Akopyan sadəcə gözlərini yumub və bununla da onu tənqid edənlərin fikirlərinə əhəmiyyət vermədiyini nümayiş etdirib.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhdarları cəmiyyətdə mümkün qədər çox siyasi xal toplamaq üçün matəm tarixlərindən istifadə etməyə çalışırlar. Yerli KİV-lər respublikanın keçmiş hakimiyyət dairələrindən olan müxalifətçilərin Paşinyanın “öz vətəninin bir parçasını bir-birinin ardınca düşmənə verməsi, İrəvan küçələrində onların tərəfdarlarının polislə toqquşması” barədə bəyanatları ilə dolub. Təhlükəsizlik qüvvələri isə müxalifləri dağıtmaq üçün xüsusi vasitələrdən istifadə ediblər və qalxanla, dəbilqə ilə hərəkət ediblər. Bunun məntiqi nəticəsi olaraq, polis 100-ə yaxın adamı saxlayıb.

Rusiya Federasiya Şurasının nümayəndəsinin Ermənistan parlamentinə müraciəti Moskva ilə İrəvan arasında münasibətlərin pisləşməsinə səbəb olub. Onlar arasında böhranın hər keçən gün bir az daha dərinləşdiyini nümayiş etdirir. Hələlik bu, siyasi və hərbi təmaslara təsir edir, lakin gələcəkdə Aİİ daxil olmaqla, ticarət-iqtisadi əməkdaşlığa da təsir göstərə bilər. Bu, qismən geosiyasi vəziyyətin dəyişməsi ilə bağlıdır. Amma əsas səbəb Paşinyanın hakimiyyətdə qalmaq istəyidir. Bu məqsədlə o, Ermənistanın düşdüyü vəziyyətə görə məsuliyyəti özündən Rusiyanın üzərinə atmağa çalışır. Eyni zamanda, erməni cəmiyyəti üçün əsas məsələ Moskva ilə münasibətlər deyil, öz hakimiyyətlərinə inamdır. Aprelin sonundan bəri müşahidə etdiyimiz etirazlara görə, Paşinyanın populyarlığı görünməmiş aşağı səviyyəyə düşüb.

V.VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə