“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydən öncə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, iki ölkə liderinin qarşılıqlı münasibətlərindən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin Moskva səfəri həm də Ermənistan-Rusiya qarşıdurması fonunda diqqət çəkir: “Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir və bu, Rusiyanın bölgədəki maraqlarına ciddi təhlükə yaradır. Bu kontekstdə Azərbaycanın bölgədəki əhəmiyyəti Rusiya üçün daha da artıb.

Bildiyimiz kimi, Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl Azərbaycanı tərk etdilər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi siyasət, bütün torpaqlarımızın azad edilməsi ilə bərabər, eyni zamanda Azərbaycan-Rusiya münasibətləridir. Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var və bu münasibətlər davamlı inkişaf edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik”.

Deputat vurğulayıb ki, Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərini yaşamağa davam edir: "2020-ci ildə torpaqlarımızı azad etdik. 2023-cü ildə suverenliyimizi tam bərpa etdik. Bir neçə gün bundan öncə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər. Bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal və qətiyyətli siyasətinin nəticəsidir.

Prezidentin Rusiya səfərində daha bir əlamətdar hadisə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyinin keçirilməsi oldu. BAM dedikdə təkcə Rusiyada yox, bütün post-sovet məkanında ulu öndər Heydər Əliyev yada düşür. Bu görüşdə Rusiya prezidenti Vladimir Putinin ulu öndər Heydər Əliyevi hörmətlə yad etməsi, Prezident İlham Əliyevə xitabən, “sizin atanızın bu layihədə mühüm rol oynadığının hər kəsə yaxşı məlum olduğunu qeyd etməsi, Rusiyada ümummilli liderə yüksək hörmətin əlamətinin göstəricisidir. Bu da Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın genişləndirilməsini deməyə əsas verir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə