Bir müddət idi ki, 5 aprel tarixli Brüssel görüşünün keçiriləcəyi, onun nəticələri ilə bağlı müzakirələr gündəmi zəbt etmişdi və ələlxüsus erməni cəmiyyətində buna görə bərk sevincək olanlar, hətta sevindiyindən çaşqınlıq içərisinə düşənlər də kifayət qədər idi. Guya həmin görüşdən sonra hadisələrin tamamilə başqa bir məcrada dəyişəcəyi iddiasında olan, hətta bu görüşlərlə bağlı əvvəlcədən hamıya hədə kəsən haylar da az deyildi. Hər dəfə bir görüş öncəsi hayların öz xislətlərinə uyğun olaraq, xülyalara düşmək ənənələrinə onlar bu dəfə də sadiq qaldılar, amma görüşün nəticələri fonunda üzlərinə vurulan gözlənilməz tərs sillə nəinki məyusluqlarına, hətta bədbinliklərinə də səbəb oldu.
Hayların bu arzuları da ürəklərində qaldı və daha bir zərbə almış oldular
Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında üçtərəfli görüş baş tutmazdan əvvəl yaranan mənzərə tamamilə fərqli idi və bunun da səbəbləri var idi. Beləki, məsələn, Rusiya hesab edirdi ki, bu format İrəvanı Moskvadan ayırmağa yönəlmiş açıq cəhddir. Kremlin görüşdən öncəki qiymətləndirməsinə görə, Brüsseldə keçirilməli olan görüşün məqsədi ancaq Ermənistanı birdəfəlik olaraq Rusiyadan ayırmaq və hətta İrəvanı Moskvaya qarşı qoymaq olub. Lakin Brüssel formatının iştirakçılarının özləri bunun başqa ölkələrə qarşı yönəlmədiyini lap əvvəldən bəyan edirdilər. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edirdi ki, Brüssel görüşü “Ermənistanda islahatlara, onun demokratiyasına, iqtisadiyyatına və davamlılığına həsr olunub”. Bir sözlə, rusların düşündüyünün əksi bildirilirdi, halbuki, haylar özləri də görüşdən əvvəl lovğalanırdılar ki, Brüssel görüşündən sonra yaxaları rusların əlindən xilas olacaq. İş o yerə çatmışdı ki, ermənilər ruslarla aralarında olanın 5 aprel tarixinə qədər yaşayacağını böyük pafosla bildirirdilər. Bəzən erməni cəmiyyətində ruslara qarşı ültimatum dili ilə danışıldığı da müşahidə olunurdu və haylar açıq şəkildə bəyan edirdilər ki, ruslar 5 aprel tarixindən sonra onların yaxalarını buraxmalı olacaqlar və buraxacaqlar. Amma hadisələrin gedişi göstərdi ki, hayların elə bu arzuları da ürəklərində qaldı və istədiklərinə nail ola bilmədiklərində daha bir zərbə almış oldular.
Bakının regional maraqlarının nəzərə alındığı, Prezidentimizin beynəlxalq münasibətlər sistemindəki siyasi çəkisinin yüksək olduğu göz önündədir
Sözsüz ki, region ölkələri sözügedən görüşə heç də biganə, laqeyid yanaşa bilməzdilər. Çünki regionun bir ölkəsi olan Ermənistanın hansısa bir istiqamətdə regionun təhlükəsizliyinə təhdid olacaq şəkildə dəstəklənməsi heç də qəbulolunan sayılmır. Xüsusən də regionun təhlükəsizliyini təmin edən Azərbaycan belə bir görüşə laqeyid yanaşa, həmin görüşü nəzərə, hesaba almaya bilməzdi. Üstəlik, həmin görüşə Azərbaycanın dəvət olunmaması fonunda rəsmi Bakının haqlı olduğu öz təsdiqini tapırdı. Bunu elə Brüsseldə iştirak edən tərəflər də başa düşürdülər, anlayışla qarşılayırdılar. Təsadüfi deyildi ki, şəxsən Blinken özü belə Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etmişdi və bununla bağlı bir növ izahat verirdi. O, öz telefon zəngi və danışığı zamanı ölkə rəhbərimizi əmin etməyə çalışırdı ki, Brüssel görüşü Azərbaycana qarşı yönəlməyib, çünki orada əvvəlcədən Ermənistanın iqtisadi inkişafı məsələlərinin müzakirə olunması planlaşdırılıb. Heç şübhəsiz ki, Amerika dövlət katibinin diplomatik jesti ABŞ-ın Bakının reagional maraqlarını nəzərə aldığını və Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycanla qurulmuş əlaqələrin saxlanmasına sadiq olduğunu, eləcə də bunu açıq şəkildə bəyan etməyə ehtiyac duyduğunu göstərir. Bu həm də Azərbaycan Prezidentinin beynəlxalq münasibətlər sistemindəki siyasi çəkisinin və ölkəmizin regional siyasətdə aparıcı rolunun hansı həddə yüksək olduğunu göstərir, hansıki bu reallıq özü də haylar üçün tərs sillə hesab olunur. Azərbaycanın uğurlarını həzm edə bilməyənlərlə birlikdə ermənilər bu uğurumuzu da görüb hansı hala düşdüklərini təsəvvür etmək çətin deyil.
Sözsüz ki, ölkə rəhbərimizin də öz fikirlərini bildirməsi və işğalçı bir ölkənin dəstəklənməsinin qəbuledilməz olduğunu diqqətə çatdırması, xatırlatması tamamilə yerinə düşən idi və bu təkcə indiki zaman üçün deyil, bundan sonra üçün də bir ciddi mesaj sayılır. Bu mesaj onu özündə ehtiva edir ki, hərhansı bir görüş zamanı işğalçını dəstəkləmək sülhün, təhlükəsizliyin təmin edilməsinə bir təhdid hesab olunur və buna da Azərbaycan laqeyid qala bilməz. Heç şübhəsiz ki, qarşı tərəf bu mesajı çox gözəl anlamış olub və görüş zamanı, görüşdən sonra hadisələrin gedişi zamanı müşahidə edilənlər bunu təsdiq edir. Onu da nəzərə çatdıraq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Azərbaycanın bu görüşə dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, “sülh prosesi bu görüşün mövzusu deyil. Bu, iqtisadi diversifikasiya, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanın demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlarını müzakirə etmək üçün ABŞ, Aİ və Ermənistanın görüşüdür. Bu regional görüş deyil”. Bir sözlə, ermənilərin başlarının ağrısının səbəbi bəlli olub. Bəlli olub ki, regional görüş olmadığı bəyan edilməsindən sonra hayların yekə burunları buna görə sallanıbmış. Çünki əvvəlcədən onlar həmin görüşü özlərinin revanş addımlarına start kimi qələmə verirdilər, amma bunun əksini görəndə başlarına daş düşmüş, sifətlərinə də tərsinə bir sillə dəymiş oldu.
Ermənistana az miqdarda vəsair ayrıldığını biləndən sonra haylar özlərini təhqir olunmuş hesab edirlər
Belə məlum oldu ki, Brüssel görüşündən haylar böyük məbləğdə yardım gözləyirlərmiş. Həmin yardıma da ümid olub ağıllarına gələni edəcəklərini düşünürlərmiş. Amma bu dəfə dişləri daşa dəymiş oldu. Brüssel görüşündən sonra Ermənistana milyardlarla, hətta 10 milyardlarla vəzait ayrılacağına ümid edən haylar onlar üçün cəmi 350 milyon avro ayrıldığını, özü də həmin məbləğin düz 4 il müddətinə qranlar şəklində veriləcəyini biləndə özlərini təhqir olunmuş hesab etməyə başladılar. Həmin məbləği özləri üçün dilənçi payı kimi gördülər. Əlbəttə ki, bu da səbəbsiz deyil. Ermənilər elə hesab edirdilər ki, Ukraynaya 100 milyardlarla vəsait ayıran Qərb üçün onlara milyardlarla pul ayırmaq elə də çətin olmaz. Əslində, həqiqətən də həmin vəsaitlərin ayrılması Qərb üçün heç də çətin olmazdı, amma sual oluna bilər ki, niyə ayrılmalı idi axı? Ona görə ayrılmalı idi ki, Ermənistan yetərincə silah-sursat alsın və regionda münaqişələr yaratsın? Ona görə ayrılmalı idi ki, heç bir iqtisadiyyat, əməkdaşlıq, layihələr barədə düşünmədən rəsmi İrəvan ölkəni ancaq iyanələr hesabına idarə etsin və heç bir razılığa da gəlməsin? İndi öz yekə burunlarını aşağı sallayan haylar başa düşürlər ki, artıq maliyyə yardımına bel bağlaya, ümid edə bilməyəcəklər və ən azından səfalətdən yaxa qurtarmaq üçün, ölkə iqtisadiyyatı üçün, regional layihələr üçün, əməkdaşlıq üçün səy göstərməlidirlər və bunun üçün də region ölkələri ilə, ələlxüsus da Azərbaycanla razılığa gəlməli, sülh təşəbbüsünə razı olmalıdır. Belə bir çıxılmaz yol qarşısında qalan haylar belə bir vəziyyəti başlarına düşən daş kimi başa düşürlər və elə hesab edirlər ki, Brüsseldən onlara əməlli-başlı sərt bir sillə vuruldu.
Haylara, ümumiyyətlə, Ermənistana nəyə görə yardım edilməlidir və onlara yardım edilməsi marağı ola bilərmi?
Hayların nəyə görə yardıma belə ümid etmələrini də başa düşmək çətindir. Axı Cənubi Qafqazın kiçik bir toplumuna, özü də sonradan məskunlaşdırılmış topluma, müharibədə məğlub olmuş, rəzalət və səfalət içərisində olan, heç bir təbii ehtiyatlara malik olmayan, heç bir ixrac potensialına malik olmayan ölkəyə nəyə görə yardım edilməlidir? Ümumilikdə dünya üçün heç bir maraq kəsb etməyən ölkəyə edilən yardımda hansı maraq ola bilər? Düzdür, ermənilər iddia edirlər ki, əgər Ukraynaya böyük məbləğdə, 10 milyardlarla vəsait ayrılırsa, deməli, Ermənistana da ayrılmalıdır, axı ermənilər də Qərb yönülü olduqlarını açıq-aşkar bəyan edirlər. Sözsüz ki, onların hansı məntiqlə belə iddia etdikləri bəllidir və haylar elə hesab edirlər ki, Qərbin çaldığı havaya ukraynalılar kimi onlar da oynayırlar deyə onlara da eyni həddə vəsait ayrılmalıdır. Amma bir neçə şeyi başa düşə bilmirlər. Əvvəla, başa düşə bilmirlər ki, Ermənistan Ukrayna deyil və həmin ölkə qədər nə Qərb, nə də Avropa üçün maraqlı ola bilməz. Digər tərəfdən, Ukrayna az qala Avropanın düz ortasında yerləşən ölkədir və məhz Qərbin aləti olduğuna görə artıq illərdir ki, onun ərazisində müharibə gedir, şəhərləri darmadağın edilir, əhalisi qırılır, itgilər verməkdə davam edir, hətta dünya üzündən bu ölkə silinmək təhlükəsi qarşısındadır və həmin ölkəyə nə qədər yardım edilsə də hələ azdır. Bəlkə ermənilər ancaq pul, vəsait müqabilində öz ölkələrinin də Ukraynaya çevrilməsinə razıdırlar? Onsuz da onlara məxsus olmayan ərazilərdən çox pul, vəsait onları maraqlandırır. İş orasındadır ki, hayların belə bir marağa sahib olduqlarını Qərb də, Avropa da yaxşı bilir və istənilən halda hayların məqsədinin onlardan vəsait qoparmaq olduğunun artıq fərqindədirlər. Bunu bilərəkdən haylara ayrılan yardımı azaltmaq özü də bir sillədir ermənilərə. Çünki əvvəlcədən alacaqları vəsaitlərə görə yerə-göyə sığışmayan ermənilər milyardlar gözlədikləri halda, ondan onlarla dəfə az vəsait vəd edilməsi tərs sillə sayıla bilər.
Ermənilərə vəsaitin az miqdarda ayrılmasında rəsmi Bakının mövqeyi nəzərə alınıb
Daha bir məqamı diqqətə çatdıraq ki, ermənilərə az miqdarda vəsait ayrılması məsələsində Azərbaycanın nəzərə alındığı da günün reallığıdır. Heç şübhəsiz ki, Ermənistana yardımların edilməsinə qarşı öz etirazını bildirən rəsmi Bakının mövqeyi mütləq şəkildə nəzərə alınıb. Əlbəttə ki, Blinkenin ölkə rəhbərimizə zəng etməsi, görüşün təşkilinin regional məsələlərə, xüsusən də Azərbaycana aid olmadığını bildirməsi ilə yanaşı, haylara az miqdarda vəsait ayrılması rəsmi Bakının nəzərə alındığını, ölkəmizlə hesablaşıldığını göstərən məqamdır. Bu barədə ermənilər arasında spekulyasiyalar dolaşır. İndi Ermənistana məxsus mətbuat səhifələri açıq-aşkar şəkildə yazırlar ki, az miqdarda vəsait almalarında Azərbaycanın da nəzərə alınması əsaslı rol oynayıb. Təsəvvür etmək çətin deyil ki, bunu düşünmək belə erməni cəmiyyəti üçün necə ağrılıdır. Hər halda güvəndiklərinin Azərbaycanı nəzərə alması, Azərbaycanla hesalaşması haylar üçün həzm olunması mümkünsüz olan bir məsələdir. Amma istəyirlər həzm etsinlər, istəyirlər etməsinlər, məsələ burasındadır ki, real vəziyyət budur. Real vəziyyət ölkəmizə, ölkə rəhbərimizə olan sayqını, ölkəmizlə hesablaşıldığını, söz sahibi olduğumuzu göstərir və bu reallıqlar daha bir tərs sillə kimi hayları bərk tutmuş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB