Prezident İlham Əliyev: "Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır"
Son dövrün hadisələrinə nəzər salsaq görərik ki, Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib. Dünya dövlətləri ilə qurduğu əlaqələr əmkdaşlığın daha da dərinləşməsinə töhfəsini verir.
"KONQO İLƏ AZƏRBAYCAN ARASINDA GÜCLÜ DOSTLUQ ƏLAQƏLƏRİ YARADILACAQDIR"
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının daha bir göstəricisidir. Vurğulayaq ki, Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış "Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike" əsasında qurulmuşdur.
Bu gün Azərbaycan ilə Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mövcud münasibətlərin davamlığına əsaslanır. Belə ki, hər iki dövlətin prezidentləri tərəfindən "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" imzalanıbdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışlarında dövlət başçımız əməkdaşlıq haqqında imzalanan Bəyannamənin çox önəmli və sanballı bir sənəd olduğunu bildirib və bunun əməkdaşlığı perspektivlərini müəyyən edəcəyini diqqətə çəkib: "Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.
Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu"nun, "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nın, "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu"nun imzalanması bu və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsində mühüm sənədlərdir.Səfər çərçivəsində eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə edilib.
"BƏRPAOLUNAN ENERJİ SAHƏSİNDƏ, ENERGETİKA SAHƏSİNDƏ, MƏDƏNÇİLİK VƏ DİGƏR SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN ÇOX GÖZƏL PERSPEKTİVLƏR VAR"
Ölkələr arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söylədiyi kimi, "Səfəriniz gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir". Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib: "Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm".
Səfər çərçivəsində iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. "Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var", - deyən dövlətimizin başçısı bildirib ki, bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.
Karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialı vardır. Ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda əməkdaşlıq üçün imkanlar vardır.
"BAKI TƏŞƏBBÜS QRUPU BU GÜN DÜNYA MİQYASINDA BÖYÜK HÖRMƏTƏ MALİK OLAN QURUMDUR"
"Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir" – deyən Prezident bizim təşəbbüslərimizə Konqonun hər zaman öz dəstəyini verdiyini bildirib: "Bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq".
Bildiyimiz kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə neokolonializmə qarşı mübarizə məsələləri prioritet olaraq qarşıya qoyulmuşdur. Bu Azərbaycan xarici siyasətində mühümyer tutur. "Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır" – deyə Prezident bildirib.
"BİZ ÖZ SİYASİ İRADƏMİZİ ORTAYA QOYMUŞUQ"
Bildiyimiz kimi, Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcək. Azərbaycan COP29-a hazırlıq çərçivəsində məsuliyyətlə addımlar atır.
"Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər" – deyə Pbildirib.
Səfər çərçivəsində bir sıra məsələrlə yanaşı, vaxtilə sovet dövründə Konqodan olan tələbələrin Azərbaycanda ali məktəblərdə təhsil almalarına toxunulub. "Biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi" - deyə Prezident bildirib. Cənab Prezident bu səfəri tarixi səfər kimi dəyərləndirib və qeyd edib ki, sadəcə, ilk səfər kimi deyil, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar: "Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB