Aİ Parlamentinin Avropa İttifaqına üzvlüyə Ermənistana namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif etməsi bütün dünyanın diqqətini cəlb edib. Başqa cür olacağı ağıla da gələ bilməzdi, çünki söhbət işğalçı ölkə olan Ermənistandan gedir. Ən təəccüb doğuran məqam odur ki, guya Avropa Parlamenti hesab edir ki, Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamağın vaxtı artıq çoxdan çatıb. Maraqlıdır, niyə, nəyə görə və nə səbəbə axı? Gülünc olan isə odur ki, Avropa Parlamenti Ermənistanın Aİ ilə əlaqələrini gücləndirmək və prioritetləşdirmək üçün güclü istəyini alqışlayır və hesab edir ki, Avropa İttifaqı guya “bu potensial geosiyasi dəyişiklikdən istifadə etməli və Ermənistana demokratiyalar cəmiyyətində daha güclü mövqe tutmağa kömək etməlidir”. Repressiyalar ocağı olan Ermənistandanmı söhbət gedir, yoxsa, hələ də demokratiyanı yuxularında belə görməyənlərin ölkəsindən?
Təcrübədən də dəfələrlə görmüşük ki, avropalılar Azərbaycana daha böyük güclə hücum etməzdən əvvəl Ermənistanın “demokratik mahiyyəti” pafosunu maksimum dərəcədə şişirtməyə cəhd ediblər və şişirdiblər də. Sonra da bu şişirtmələri guya rəhbər tutaraq, öz yalanlarına özləri inananlar kimi, ağıllarına gələn qərarı da qəbul edilərlər. Absurd məqamlardan biri də odur ki, Parlamentarilər həmçinin qərara gəliblər ki, Avropa İttifaqı Ermənistanla müdafiə sahəsində əməkdaşlığı gücləndirməli və ona Avropa Sülh Fondu vasitəsilə hərbi yardım belə göstərməlidir. İkrah doğuran hal isə ondan ibarətdir ki, o, bir sıra Aİ ölkələrinin Ermənistana göstərdiyi müdafiə xarakterli hərbi dəstəyi alqışlayır və hətta digər dövlətləri də oxşar təşəbbüslər göstərməyə təşviq edir. Avropa parlamentariləri bildirirlər ki, Aİ-nin Ermənistandakı kəşfiyyat və monitorinq missiyası genişləndirilməli və onun mandatı 2025-ci ildən sonra da uzadılmalıdır. “Aİ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə hazır olmalıdır”, bəyanatı isə həddin aşılması deməkdir. “Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən şəxslər” dedikdə isə, görünür, Azərbaycan tərəfi nəzərdə tutulur. Həqiqətən də Aİ, sadəcə olaraq, öz imkanlarından və boyundan da hündürə tullanmaq arzusunda, istəyində olduğunu göstərmək istəyir. Həmin istəyə ə alət isə Ermənistan seçilib. Məhz həmin alətdən istifadə edilərək, hətta Rusiya da hədəfə alınır. “Rusiya Federasiyası Ermənistanın demokratik əsaslarını sarsıtmağa çalışır, daimi müdaxilə cəhdləri, o cümlədən dezinformasiya kampaniyaları vasitəsilə xaos və sabitliyi pozmağa çalışır”, deyə Avropa Parlamentinin qətnaməsində qeyd olunur. Hələ bir üstəlik, avropalı parlamentarilər “Moskva İrəvanı müstəqil siyasi və strateji seçimlərinə görə cəzalandırmaq üçün ona qarşı müxtəlif təhdidlərdən istifadə etməyə cəhd edə bilər”, deyə utnamadan yalançı proqnozlar da verirlər. Bütün bunları guya nəzərə alaraq, belə olan halda, elə bir görüntü yaradılır ki, elə bil Aİ “mənfi nəticələrin yumşaldılması üçün Ermənistana operativ yardım göstərməyə” hazır olmalıdır. Əslində isə, məsələnin mahiyyəti tamamilə başqadır və heç də hayların və erməni cəmiyyətinin düşündüyü kimi deyil, baxmayaraq ki, bu onlara şirnikləndirmə kimi görünür və bərk də şirnikləndikləri müşahidə olunur.
Bir tərəfdən də görünən odur ki, guya Avropa Parlamenti İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması məqsədi ilə bütün həll olunmamış məsələlər üzrə danışıqların bərpasını tam dəstəkləyir. Yaxından araşdırdıqda, burada da qeyri-adekvatlıq dərhal gözə dəyir. Bəli, həqiqətən də Strasburqun təkəbbürünün qarşısını almaq mümkün deyil. Bütün yuxarıda deyilənlərə əlavə olaraq qeyd edək ki, Avropa Parlamenti Bakını “Qarabağ erməniləri ilə onların hüquqlarına hörməti və onların təhlükəsizliyini təmin etmək, o cümlədən öz evlərinə qayıtmaq, təhlükəsiz və layiqli şəraitdə yaşamaq hüquqlarını təmin etmək üçün dialoq açmağa çağırır.” Burada əlbəttə ki, İrəvan və onların kuratorlarının Qarabağ erməniləri mövzusunu ayaqda saxlamağa ümumi meyil görünür. Elə bir görüntü yaratmaq istəyirlər ki, guya onların Ermənistana könüllü köçürülməsi ilə bağlı olan proses zamanı hansısa humanitar fəlakət kimi bir şey müşahidə ediblər. Bundan əlavə, “Dağlıq Qarabağın bütün sakinlərini və Ermənistan vətəndaşlarını” həbsdən azad etmək barədə Azərbaycana çağırış edən deputatlar tamamilə başlarını itirmiş kimi görünürlər. Çünki bu, artıq Azərbaycana qarşı nəinki saxta ittihamlar, hətta ölkəmizin daxili işlərinə qarışmaq kimi çıxır. Hər hala bir süveren, müstəqil ölkənin işlərinə burun soxulduğunun fərqində olmalı idilər. Yəqin ki, parlamentarilər də başa düşməli idilər ki, cinayətkarlarla, terrorçularla necə davranmaq barədə Azərbaycana nə isə deməyə haqları yoxdur. Əgər onlar bunu başa düşmürlərsə, onlara külli ayıb olsun, yox əgər başa düşürlərsə və başa düşərək belə iddiadadırlarsa, deməli, suveren, müstəqil bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində separatizmi dəstəkləyirlər və buna görə onlara xüsusən ar olsun.
Ermənistana özünü guya dost kimi göstərmək, elan etmək üçün paralel addımların atılması fonunda Azərbaycana qarşı hücumlar nümayişkaranə şəkildə güclənir. Ermənistan artıq heç bir əsas, heç bir səbəb olmadan rəsmi olaraq, sevimli və ərköyün elan edilir. Avropa da ərköyününə hər zaman dəstəkçi olacağını mütəmadi olaraq, nümayişkəranə şəkildə bəyan edir. Sanki, Avropa İttidaqı özünü bir qayğıkeş ana kimi göstərməyə çalışır, amma haylar hələ dərk edə bilmirlər ki, Avropa qayğıkeş ana ola bilməz. Olsa-olsa ögey ana ola bilər və məhz elə ögey ana kimi də özünü gözə soxan olar, qayğıkeş yox. Bu gün də Avropa İttifaqı ilə bağlı Ermənistana verilən yağlı vədlər də elə uzaq başı, ögey ananın dadsız qoğalları kimi olar. Bayağı nəvazişi də, əlbəttə ki, kimlərə isə göstərmək üçün qondarıla və səhnələşdirlə bilər. Başqa nə isə gözləmək sadəlövhlük olar...
Haylar başa düşməkdə çətinlik çəkirlər ki, onlar hər zaman olduğu kimi, yenə də alət olaraq istifadə edilməkdədirlər. Başa düşə bilmirlər ki, Ermənistanın Qərblə flört etməsi bütövlükdə region üçün yaxşı heç nə vəd etmir. Onu da dərk etməkdə çətinlik çəkirlər ki, bu şəkildə atılıb-düşməyin acısını və əziyyətini çəkən haylar özləri olacaqlar, digərləri yox. Anlaya bilmirlər ki, indi Qərbin Azərbaycana qarşı silaha sarıldığını düşünüb təskinlik tamaq, axmaqlığın son həddidir, çünki Qərb “Ermənistan üçün”, Ermənistan naminə “Azərbaycana qarşı” çıxış etmir. Qərb, həmişə olduğu kimi, öz mənafelərini güdür və bu oyunda da ermənilərin əlinə deyil, öz əlinə oynayır. Özü də bu oyunu Qərb hamıya qarşı oynayır və haylar burada marionet kimi istifadə edilir və alət olaraq ortaya atılıblar. Əvəzinə yağlı tikələr, qızıl dağlar vəd edilən ermənilər də sadəcə olaraq, sirnikləndirilirlər. Hər hala, erməni cəmiyyətində Aİ üzvülüyünün nə demək olduğu barədə formalaşan fikirdən də məharətlə istifadə edilir və onlar şinikləndikləri halda arzularının tələsinə düşmüş olurlar.
Torpağı qorumadan, uğrunda can vermədən ona bayağı şəkildə vətən deməyə, heç bir zəhmət, heç bir əziyyət çəkmədən hər şeyə yenə də bayağı şəkildə sahib çıxmağa alışqan olan haylar, elə bilirlər ki, onları qızıl qabın içərisində böyük təm-təraqla Avropa İttifaqında bərabərhüquqlu üzv kimi oturtmaq üçün avropalılar əldən-ayaqdan gedirlər. Elə zənn edirlər ki, elə bil avropalılar onlar üçün dəridən-qabıqdan çıxmaq üçün yarışa giriblər. Amma bir sual vermilərlər ki, axı niyə? Hansı səbəbə avropalılar onlar üçün belə canfəşanlıq etməlidirlər? Ermənistan Aİ üçün niyə, nəyə görə maraqlı ola bilər axı? Əslində, maraq doğuracaq heç nə yoxdur və deməli, yenə də aldadılırlar. Səbəb olmadan yağlı vədlər verirlərsə, deməli, oyuna salınıblar. Bir zərb məsəlində deyiləni haylara başa salmaq yerinə düşərdi. “Havayı pendir ancaq tələdə olar”, atalar misalında deyildiyi kimi, haylar anlamalıdırlar ki, heç nə müqabilində Ermənistana Aİ-nin bərabərhüquqlu üzv təklifi edilməsi, elə tələdəki pendirdən başqa bir şey deyil. Tələdəki həmin pendir isə hayların gözünə çox şirnikləşdirici görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB