Ermənistanın KTMT-dən çıxması nəyi dəyişəcək? - ŞƏRH EDİLDİ

"Görünən odur ki, Ermənistan planlı şəkildə KTMT-dən çıxmağa hazırlaşır. Rusiya ilə münasibətlərini açıq şəkildə gərginləşdirməkdən çəkinən Ermənistan mərhələli formada bu prosesi reallaşdırmağı hədəfləyir. Xüsusilə də Paşinyan Rusiya tərəfindən çevrilişə cəhd ehtimalını nəzərə alaraq rus hərbçilərinin Ermənistanda təsir dairəsini azaltmaq istəyir. Bu boşluğu isə Fransa və ya İran ordusu ilə doldurmağı hədəfləyir. İran tərəfi də bu məsələdə maraqlıdır. Çünki Ermənistan İran üçün bir qapıdır və onu itirmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı müşahidə missiyasını Ermənistana yerləşdirdiyi gündən etibarən Rusiyanın bu ərazidən çıxacağı təqdirdə Fransa onun boşluğunu doldurmaq üçün dəridən-qabıqdan çıxır və Ermənistanı planlı şəkildə silahlandırır: "Əgər Ermənistan KTMT-dən həqiqətən çıxacaqsa, bu onun müstəqilliyi üçün çox böyük bir təhdidə çevriləcək. Onsuzda müstəqilliyi tam olaraq əlində olmayan Ermənistan bu addımı ilə özünü daha da təhlükə qarşısında qoyur. Ermənistanda vətəndaş qarşıdurması yaşanma ehtimalı da var. Bir sözlə, Rusiya Ermənistanın onu arxadan bıçaqlamasını heç cür qəbul etməyəcək. Rusiya nə vəchlə olursa-olsun Ermənistandan çıxmağın qarşısını almaq, Türkiyə ilə sərhədlərdə mövcudluğunu davam etdirmək və NATO-nun onun ərazilərini ələ keçirməsini əngəlləmək üçün müxtəlif variantları sınayacaq".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistanın KTMT-dən çıxması onun Ukraynaya çevrilmə ehtimalını artırır: "Eyni zamanda, bu halda Ermənistan Rusiya ilə olan iqtisadi əlaqələrini də gərginləşdirəcək. Əgər Avropa, xüsusilə də Fransa iqtisadi cəhətdən riskləri qarşılaya biləcəksə, Ermənistan KTMT-dən çıxacaq. Əks təqdirdə Ermənistan həm siyasi, həm də iqtisadi cəhətdən çox çətin vəziyyətə düşəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə