"Başqa dövlətin ərazisi ilə bağlı hansısa niyyətimiz yoxdur” - HƏRBİ EKSPERT BİLDİRDİ

"Başqa dövlətin ərazisi ilə bağlı hansısa niyyətimiz yoxdur” - HƏRBİ EKSPERT BİLDİRDİ

ABŞ kəşfiyyatının “İllik təhdidlərin qiymətləndirilməsi” hesabatında Azərbaycan və Ermənistan arasında yeni müharibənin ola biləcəyi proqnozlaşdırılır. SİA olaraq mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovun fikrini öyrəndik.

Ü.Cəfərovun sözlərinə görə, qərb dairələrinin bəzi mərkəzləri zaman-zaman elə bəyanatlar verirlər ki, sanki prosesi onlar idarə edir: “Azərbaycanla qərarları yalnız Azərbaycan siyasi-hərbi rəhbərliyi verir. Azərbaycan hansısa müharibə etmək fikrində deyil, belə bir niyyəti də yoxdur. Bu gün Azərbaycanın bir nömrəli məsələsi azad olunmuş ərazilərdə vətəndaşlarının məskunlaşdırılmasıdır. Azərbaycanın başqa niyyəti olmayıb, yoxdur. Bunu ölkə rəhbərliyi də həm Azərbaycanda rəsmi tədbirlərdə, eyni zamanda xarici jurnalistlərlə görüşlərində dəfələrlə qeyd edib. Ona görə də ABŞ-nin belə bəyanat verməsi Ermənistana bəraət qazandırmaq meyli kimi görünür. Son vaxtlar bəzi dövlət Ermənistanı silahlandırır. Bunun fonunda bir sıra dövlətlər İrəvana dəstək ifadə edirlər. Yaxın illərdə müharibədə uduzan tərəf kimi Ermənistana dəstək olmaq lazım olduqlarını qeyd edirlər. Yəni öz addımlarına bəraət qazandırmaq üçün qərb dairələri bu kimi fikirlər ortaya atırlar. Azərbaycanın müharibə etməklə bağlı fikri yoxdur. Azərbaycan artıq ərazilərini işğaldan azad edib. Bizim başqa dövlətin ərazisi ilə bağlı hansısa niyyətimiz yoxdur”.

Ekspert bildirib ki, Azərbaycan dəfələrlə danışıqlar prosesini gündəmə gətirib: “Bunların fonunda ABŞ nə üçün belə hesabat verdiyinə aydınlıq gətirsə yaxşı olardı. Fransa, Hindistan, Yunanıstan Ermənistana silah-sursat ötürürlər. Hətta dünən birdən-birə Avstriya nümayəndələri də Ermənistanda peyda oldular. Bu ölkələr Ermənistana dəstəklərini əsaslandırmaq üçün dövriyyəyə belə məlumatlar buraxırlar. Artıq aylardır deyilir ki, Ermənistan və Azərbaycan arasında güclü toqquşma gözlənilir. Hətta vətəndaşlarına sərhədə getməməklə bağlı xəbərdarlıq edirlər. Amma hansısa müharibə yoxdur. Belə fikirlər lazımsız ajiotaja səbəb olur. Bu da bəzi hallarda Ermənistan üçün əlavə imkanlar yaradır ki, silah-sursat dəstəyi əldə etsin”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə