İllər sonra yurduna qayıdan Laçın sakinlərinin TƏƏSSÜRATLARI - SORĞU
Bu gün Laçın şəhərinə və rayonun yenidən salınan Zabux kəndinə köç karvanı yola düşüb. Köç karvanının Bakı şəhərinin Qaradağ rayonundan yola düşdüyü bu mərhələdə Laçın şəhərinə 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb. SİA illər sonra doğma yurdlarına qayıdan laçınlıların təəssüratlarını öyrənib.
Laçın sakini Əlfaim Bağırov: "Axırıncı dəfə Laçından çıxanda 14 yaşım var idi. Çox ağrılı günlər, acılı anlar yaşamışıq. Heç kimə elə günlər arzulamaram. Hər kəs öz yurdunda, öz torpağında yaşasın. Artıq 46 yaşım var və Vətənimə geri qayıdıram. Elə bir hislər gedirəm ki, sanki itirdiyim uşaqlığımı, gəncliyimi geri qaytaracam. İlk gedəcəyim yer evimiz və oxuduğum məktəbim olacaq.
Allah Prezidentimizə, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin. Çünki biz onların sayəsində bu sevincli anları yaşayırıq".
Laçın sakini Günel Bağırova: "Sevincimizin həddi-hüdudu yoxdur. Hislərimizi ifadə etməyə söz tapmırıq. Laçından çıxanda 9 yaşım var idi. Uşaqlığımın ən gözəl çağları idi. Laçın keçirdiyim günlərin hər birini bircə-bircə xatırlayıram. Həmin xatirələri yadıma salanda öz övladlarıma deyirəm ki, sizin uşaqlığınızı yaşamırsınız.
Bilirsiniz, hər kəs Vətənini sevər. Amma bəlkə də heç kim biz məcburi köçkünlər qədər bu torpaqları sevə bilməz. Çünki biz illərdir Vətənimizdən ayrı qalmışıq, torpaq həsrəti çəkmişik. Şükür ki artıq öz yurdumuza qovuşuruq. Laçına çatan kimi uşaqlığımı keçirdiyim yerləri gəzəcəm".
Laçın sakini Vaqif Həsənov: "Bu gün bizim sevincli günümüzdür. 1992-ci ildə ağlaya-ağlaya gəldiyimiz Laçına sevinc göz yaşları ilə qayıdırıq. Şükürlər olsun ki, bu gün mən həyat yoldaşım və oğlum ilə dədə-baba yurduma qayıdıram. İndi oğlum da öz ata yurdunda rahat yaşaya biləcək. Təbii ki, bütün bunlar Ali Baş Komandanımızın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində baş verib. Allahdan şəhidlərimizə rəhmət diləyirik".
Laçın sakini Solmaz Kərimova: "Bugünkü gün haqqında çox şey danışmaq olar. Çünki Azərbaycan öz tarixində çiçəklənən dövrünü yaşayır. Azərbaycana bu dövrü yaşadan dünya prezidentləri içində böyük hörmət və nüfuzu olan dövlət başçımızdır. Mən həmişə deyirəm ki, bizim ölkə rəhbərimiz çox xoşbəxt prezidentdir. Çünki onu bütün xalq sevir. Nəinki sadəcə Azərbaycan xalqı, bütün türk dünyası onu sevir və onunla qürur duyur.
Azərbaycan Prezidenti elə bir Zəfər çaldı ki, bu, dünya tarixində heç vaxt görülməyib. Cənab İlham Əliyevin adı gələndə hər kəs bir ağızdan ona can sağlığı, hər zaman dövlətimizin başında olmağı arzulayır. Allah qazilərimizə də can sağlığı versin, bu torpaq uğrunda canlarını fəda edən şəhidlərimizə rəhmət eləsin".
Laçın sakini Cavanşir Musayev: "Uzun illərdən sonra ilk dəfədir ki, doğma Laçınıma qayıdıram. İndi xoş hislər keçirirəm, amma Laçından Bakıya məcburi köçürüləndə çox əziyyətlər çəkmişik. Bu gün sevinirik deyə həmin günləri də unuda bilmərik. Heç ağlımıza da gəlməzdi ki, yenidən Laçına qayıdarıq. Amma cənab Prezidentin, güclü Azərbaycan Ordusunun şücaətləri nəticəsində başımıza gəldi. Şah İsmayıl Xətaidən sonra torpaqlarımız bölünə-bölünə gedirdi. Amma Müzəffər Ali Baş Komandanımız buna bir son qoydu və Azərbaycanın bütövlüyünü təmin etdi. Hər birimiz dövlət başçısına, şəhidlərimizə və qazilərimizə hər zaman minnətdar olacağıq".
Laçın sakini Zahid Əli: "O yerləri heç vaxt görməsəm də, hər zaman ürəyimdə Laçına qarşı sevgi ilə böyümüşəm. Bugünədək Laçına getmək ümidi ilə yaşamışam. Allah bu sevinci bizə qismət elədi. Bu Zəfəri, bu sevinci şəhidlərimizə, qazilərimizə, əsas da ordunun güclü sərkərdəsi cənab İlham Əliyevə borcluyuq. Onların sayəsində 18 yaşımda Laçına getmək kimi ən böyük arzularımdan biri gerçək oldu".
10 yaşlı Laçın sakini İbrahim Kazımov: "Mən Laçını heç görməmişəm. Amma anam da, atam da o yerlər haqqında çox danışıblar. Görməsəm belə bilirəm ki, Laçının gözəl təbiəti, isti bulağı var. Laçının bütün fəsilləri gözəl keçib. İndi mən də gedirəm, Laçın haqqında eşitdiklərimi öz gözlərimlə görüm. Təhsilimə Laçında davam edəcəm. Yaxşı oxuyub valideynlərimin bu sevincini ikiyə qatlamaq istəyirəm".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB