Doxsanlara qayıdış? - ANALİZ

Bakı ilə İrəvan arasında münasibətlərdə diplomatiya yenidən güclə əvəzlənib

Dörd ölü və bir yaralı Azərbaycan və Ermənistan sərhədində yeni eskalasiyanın nəticəsidir. Hadisə tərəflərin aralarında tezliklə sülhün bağlana biləcəyi barədə dəfələrlə bəyanatlarından sonra baş verib. Eskalasiya bu optimist proqnozlara uyğun gəlmir və diplomatiyanın güclü təzyiqlə əvəzləndiyi əvvəlki təcrübəni daha çox xatırladır. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə baş verən insidentlə bağlı qısa məlumat verib: “Fevralın 13-də Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən Nerkin And kəndi ərazisində yerləşən erməni mövqelərinin atəşə tutulması nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi ölüb, 1-i isə yaralanıb, vəziyyəti orta ağır qiymətləndirilir, hazırda onun həyatı üçün təhlükə yoxdur”. Daha sonra hərbi idarə həlak olanların adlarını hərbi rütbələri göstərilmədən dərc edib və yaxınlarına başsağlığı verib.
Ermənistan Xarici İşlər Nazirliyi daha ətraflı danışıb. Nazirliyin bəyanatında deyilir ki, “Azərbaycan Ermənistana qarşı növbəti təcavüzü həyata keçirib”. Nazirlik əminliklə bildirib ki, “Azərbaycan sərhəddə eskalasiya üçün bəhanələr axtarır. Azərbaycan rəhbərliyi ardıcıl olaraq Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində maraqlı olan tərəflərin Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına yönəlmiş danışıqları bərpa etmək səylərinin qarşısını almağa çalışır. Onlar Azərbaycanın hərəkətlərini “qətiyyətlə pisləyib” və Bakını “danışıqlara qayıtmağa” çağırıblar.

Qeyd edək ki, fevralın 13-də baş verən atışma ilə bağlı Azərbaycan tərəfinin məlumatı Ermənistandan fərqlidir və bu, faktlarla da sübut edilir. Yəni, fevralın 12-də Ermənistan hərbi qulluqçuları tərəfindən Azərbaycan mövqelərini atəşə tutulub. Nəticədə bir sərhədçi yaralanıb. Respublika Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, buna cavab olaraq “Qisas” əməliyyatı keçirilib və atəşin açıldığı post tamamilə məhv edilib. “Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat vəziyyətini gərginləşdirməyə yönəlmiş hər bir təxribatın ardınca bundan sonra daha ciddi və qətiyyətli cavab veriləcək. Baş verənlərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”, - Azərbaycan Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi öz növbəsində İrəvanın təxribatlarla bağlı ittihamlarını “əsassız” adlandırıb: “Azərbaycan tərəfi Ermənistanın hərbi təxribatından sonra bir Azərbaycan əsgərinin yaralandığı barədə məlumat yayıb. Qeyd edək ki, Ermənistan tərəfi əvvəlcə atışma faktını təkzib etməsə də, təsdiqləməyib. Ölkənin Müdafiə Nazirliyi həmin gün məlumatın yoxlanıldığını və araşdırma aparıldığını açıqlayıb: “Bu hal təsdiq olunarsa, günahkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Borrelin həqiqəti və yalanı…

Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə danışıqlar apardığı (Belçikanın paytaxtında Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının iclası keçirilib) Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ermənistanın Azərbaycan əsgərlərini atəşə tutmasından təəssüfləndiyini bildirib. Belə ki, Aİ diplomatiyasının rəhbəri atəşin baş verdiyini etiraf edib. Eyni zamanda, cənab Borrell Azərbaycanın cavabını “qeyri-mütənasib” adlandırıb, çünki Ermənistan Müdafiə Nazirliyinin bu insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoyulmayıb. Nə olursa olsun, mövcud vəziyyət nümayiş etdirdi ki, güc tətbiqi üçün həddi aşağı olaraq qalır, sakitlik isə müvəqqətidir.

Bakı və İrəvan rəsmiləri sülh sazişi üzərində işləməkdə irəliləyişdən dəfələrlə danışsalar da, yeni insident gərginliyin səngimədiyini göstərdi. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell öz ənənəsinə sadiq qalaraq bir sıra anti-Azərbaycan fikirlər səsləndirib. O, sərhəd zonasında uzun müddət davan edən sakitlikdən sonra Ermənistan ordusunun azərbaycanlı sərhədçini yaralaması faktını görməzdən gələrək, Azərbaycan tərəfinin özünü müdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışıb. Aİ nümayəndəsinin qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi ilk növbədə, Azərbaycanın suverenliyinə zidd olmaqla, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumlar üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan Ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir.

Borrel münaqişənin təsirinə məruz qalmış insanlar ilə bağlı növbəti dəfə dini və etnik əsasda ayrı-seçkiliyə yol verərək Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri “qaçqın” adlandırdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə demir. Aİ nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini çətinləşdirməyə və gərginlik yaratmağa çalışır.

Paşinyanın yalan boxçası

Ermənistanın baş naziri yenə Azərbaycanı əsassız ittiham edib, Azərbaycan hökumətinin strategiyasının Cənubi Qafqazda düşmənçiliyi dərinləşdirməyə yönəldiyinə işarə vurub. Guya Azərbaycan silahlı qüvvələrinin Qərbi Zəngəzura “təcavüzü zamanı pilotsuz uçuş aparatlarından istifadə edilib”. Onun sözlərinə görə, bir gün əvvəl Azərbaycan mətbuatı Ermənistan tərəfinin Azərbaycan mövqelərini atəşə tutması barədə məlumat yayıb. Bundan dərhal sonra Ermənistan hərbi polisi Ermənistan Müdafiə Nazirliyinin hər hansı eskalasiyaya yol verməmək, təxribatlara uymamaq barədə ən sərt göstəriş verdiyi üçün araşdırmalara başlanıldığını açıqlayıb. Göründüyü kimi, Ermənistanın baş naziri insidentin erməni hərbçilər tərəfindən başladıldığını etiraf edib.

Hökumət başçısı dörd erməni əsgərinin ölümü ilə nəticələnən son təcavüzün adi bir hadisə olmadığını deyib. Onun sözlərinə görə, Bakının belə siyasəti bütün mümkün vasitələrlə Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmağa yönəlib. Paşinyan hesab edir ki, “buna baxmayaraq, hökumət sülh prosesinə sadiqdir, çünki əminik ki, onun alternativi yoxdur”.

Mirzoyan yenə şikayət edir

Mirzoyan və Borrell söhbətə dörd erməni əsgərinin ölümü ilə nəticələnən son insidentlə başlayıblar. Qeyd edib ki, “Bakı sərhədyanı eskalasiya üçün səbəb axtarır və ardıcıl olaraq Cənubi Qafqazda sabitlik və təhlükəsizliklə maraqlanan tərəflər arasında danışıqların bərpası səylərini pozmağa çalışır”. Görüşdə gərginliyə aparan növbəti addımların qarşısının alınmasının vacibliyi qeyd edilib. Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib. Ermənistan XİN başçısının çıxışında bəzi məqamlar var ki, buna münasibət bildirməmək olmur. Yəni, Mirzoyan Borrellə keçirdiyi görüşdə yenə yalançı sülh tərəfdarı olduğunu və erməni xalqının bunun üçün mübarizə apardığını deyib. Üstəlik də yenə Azərbaycanı hədəfə almaqla “demarkasiya prosesində yeni sərhədlər deyil, Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhədlər yaradılmalıdır”, deyə bəyan edib. Deyək ki, Mirzoyan Rusiyada saxlanılan xəritələrə və Almatı bəyannaməsinə istinad edir. Elə isə bu xəritə və həmin sənəd XİN başçısının yadına niyə indi düşür? Bu barədə onun sələfləri niyə susublar? Əlbəttə, sərf etmirdi deyə, ağızlarına su almışdılar. Bu gün isə vəziyyət hər keçən gün ermənilərin zərərinə işləyir.

A.Mirzoyan Azərbaycanın danışıqlar masasına qayıdacağına və əldə olunmuş razılaşmalara sadiq qalacağına inandığını deyir. Halbuki, Azərbaycan rəsmi olaraq Ermənistan tərəfinə hələ 3 il bundan əvvəl sülh müqaviləsinin 5 baza prinsiplərini göndərib. Qalib ölkə olmasına baxmayaraq Azərbaycan işğalçı və sonda kapitulyasiya etmiş Ermənistana sülh əlini uzadır, amma qarşılığını görmür. İrəvan özünü az qala qalib ölkə kimi aparır, diqtə etməyə, yeni şərtlər irəli sürməyə çalışır.

Mirzoyan Ermənistan-Azərbaycan danışıqlarındakı hazırkı vəziyyətə toxunaraq bildirib ki, Ermənistanın bu istiqamətdə irəliləmək üçün siyasi iradəsi var. “Biz Ermənistanın regionda sülh və təhlükəsiz mühit yaratmaq səylərində üzləşdiyi bütün problemləri müzakirə etdik. Mən Ermənistanın bu günə qədər Azərbaycanla əldə olunan razılaşmalara sadiqliyini bir daha təsdiqlədim. Yeni sərhədlər cızmaq lazım deyil”.

Amma Mirzoyan və onun müdiri olan Paşinyan çox gecikib, bunu Şuşada yallı getməzdən əvvəl düşünmək lazım idi. Həm də Ermənistan ordusu 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisini işğalda saxladığı və azərbaycanlıları öz evindən didərgin saldığı vaxt anlamalı idi ki, özlərinin əbədi düşməni hesab etdikləri bu millət bir gün ayağa qalxacaq və sizi bu torpaqlardan silib-süpürüb bir kənara atacaq.

Keçmiş XİN başçısının yalan maşını

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan artıq xeyli qocalıb, həm də yaddaşını itirib. Sərhəddə baş verən təxribatlara münasibət bildirib və adətinə uyğun olaraq yenə Azərbaycanı ittiham edib: “Azərbaycan inkişaf etmiş Ermənistanı görmək istəmir və ona görə də ortada heç bir sülh formulu yoxdur”. Maraqlıdır, Oskanyan “inkişaf etmiş Ermənistan” deyəndə, nəyi nəzərdə tutur. Bəlkə bizim xəbərimiz yoxdur, büdcəsinin yarıdan çoxunu Azərbaycan torpaqları hesabına əldə etdiyi vəsaitlə dolduran Ermənistan 44 günlük müharibədən sonra yeni gəlir mənbələri tapıb? Hər halda eks-baş diplomasın fikirləri çox paradoksaldır. O, xüsusilə qeyd edib: “Paşinyanın sülh istəyi Əliyevin “revanşizm” siyasəti ilə toqquşur”. Guya, Azərbaycan Prezidenti Ermənistanın diz çökməyəcəyindən qorxur.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da vəziyyətin ölkəsi üçün heç bir uğur vəd etmədiyini bildiyindən yenə çözümü müharibədə görür: “Əhalinin əhəmiyyətli hissəsi ölkəni müdafiə etməyə hazırdır. Hər an döyüş başlaya bilər, hakimiyyət və cəmiyyət buna hazır olmalıdır”. Seyran Ohanyan bildirib ki, 2020-ci ildən sonra biz ordu hazırlığının səviyyəsini birləşdirməli və artırmalı idik: “Əhalinin əhəmiyyətli hissəsi ölkəni müdafiə etməyə hazırdır, sadəcə olaraq bütün prosesləri təşkil etmək lazımdır. Müvafiq rıçaqlar və imkanlar hakimiyyətin əlindədir. Biz keçmişdə təhlükəsizlik sahəsində Rusiya, digər KTMT ölkələri, Gürcüstan, İranla əməkdaşlıq etmişik. Ancaq sərhədləri özünüz qorumalısınız. Sülhün təminatı döyüşə hazır ordu və bacarıqlı diplomatiyadır”.

Həmişə belə olub, hərə öz arşını ilə ölçür, siyasilər çözümü danışıqlarda axtarır, Ohanyan kimilər isə yenə müharibə arzusundadırlar. Ermənistanın müharibə iştahasını birdəfəlik söndürmək üçün Azərbaycanın daha bir addım atması gərəkdir. ABŞ-ı hədəf alan, Harbor aviabazasına hücum etməklə Amerika tarixində bir ilkə imza atan Kvantun ordusunu dayandırmaq üçün Vaşinqton hətta atom bombasından da istifadə etdi. Yaponiyanı ağır şərtlər altında kapitulyasiya aktına imza atmağa vadar etdi. Şərtlərdən biri və ən əsası da o idi ki, Yaponiya dəniz və hava hücumundan müdafiə donanması saxlaya bilməz, Yaponiyada ABŞ hərbi bazası olmalıdır və bu ölkə silahlı qüvvələrinin sayını minimum endirməlidir. İndi həmin yanaşma Ermənistan üçün də olmalıdır, niyə də yox. Bu ölkənin silahlanmasına qəti şəkildə əngəl olmaq lazımdır. Heç bir ölkə işğalçı Ermənistana silah satmamalıdır. Əks təqdirdə…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə