"Ermənistanın Konstitusiya və digər hüquqi sənədləri dəyişməkdən başqa yolu yoxdur" - ŞƏRH EDİLDİ

"Ermənistanın Konstitusiya və digər hüquqi sənədləri dəyişməkdən başqa yolu yoxdur" - ŞƏRH EDİLDİ

"Ermənistan 2024-cü il yekun sülh müqaviləsinə imza atmalıdır. Əks halda, sülhün üzanmasının yaratdığı risklər Ermənistanın özü üçün ciddi fəsadlar verəcək. Rəsmi Bakı hazırki durumu de-fakto sülh kimi dəyərləndirir. Bu barədə Prezident İlham Əliyev bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bəyan etdi. Amma təbii ki, bu vəziyyət qaneedici deyil. İki ölkənin şərti sərhədində bir neçə aydır sülh şəraiti hökm sürsə də, bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Deputat sözlərinə belə davam edib: "Hazırda Ermənistan cəmiyyətində ən çox müzakirə olunan məsələ Konstitusiyada və digər normativ-hüquqi sənədlərdə dəyişikliklərin edilməsi ilə bağlıdır. Rəsmi Bakı bu müzakirələri müsbət addım hesab edir. Amma bu müzakirələr də məntiqi sonluğa çatmalıdır. Paşinyan hökuməti və Ermənistan vətəndaş cəmiyyəti institutları başda ana qanun olmaqla digər hüquqi sənədlərin sülhə mane olduğunu düzgün izah etməlidirlər. Əslində Paşinyanın bu günlərdə səsləndirdiyi “Müstəqillik Aktına dəyişiklik olmasa, sülh yox, müharibə olacaq” mesajı reallığı əsk etdirir. Paşinyanın yekun sülhə imza atmasını şərtləndirən bütün addımlar atılmalıdır.

Çünki Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Cənab Prezdientin də bəyan etdiyi kimi, Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi absurd məsələlər təşkil edir. Bu mənada Ermənistan tərəfi hüquqi prosedurların hamısını vaxtında icra etməlidir. İrəvanın Konstitusiya və digər hüquqi sənədləri dəyişməkdən başqa yolu yoxdur. Yalnız belə olan halda yekun sülhdən danışmaq mümkün olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə