Almaniya Bundestaqının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsinin, AŞPA-nın Azərbaycana qarşı son dərəcə sərt qərarının əsas təşəbbüskarlarından birinin, daha dəqiq desək, Frank Şvabenin BBC-yə müsahibəsi diqqəti cəlb etməyə bilməz. Bu müsahibə ələlxüsus da əsas problemlərin nəzərdən keçirilməsi kontekstində daha böyük maraq doğurmaqda və daha çox incələnməkdədir, çünki Avropa Şurası, ATƏT və hətta BMT kimi demokratik təsisatların fəlsəfəsinə və fəaliyyət prinsiplərinə qətiyyən uyğun gəlmir və bu baxımdan da müzakirələrə səbəb olub.
Göründüyü kimi, Azərbaycana və Türkiyəyə münasibətdə AŞPA tərəfindən tamamilə fərqli yanaşma, ədalətsiz mövqe sərgilənir və heç bir əsas olmadan hər iki ölkənin ittiham edilməsinə, ən azından qınanılmasına maraq da diqqətdən yayınmır. Hər iki ölkə ilə əlaqədar ən xırda məsələlərin müzakirəsinə can atan AŞPA adlı bir qurum heç bir əsas və arqument olmadan qərəzli yanaşma ortaya qoyur və artıq hər kəs bunun fərqindədir. Amma bütün dünya onun da fərqindədir ki, Ermənistanın işğalçılıq siyasətinə, təcavüzkarlığına, həmin ölkənin vəhşiliyə, vandallığa rəvac verməsinə onillər boyu bu təşkilat susaraq heç bir reaksiya belə bildirməyib. Nə Xocalı faciəsi kimi dünyanın yaddaşına həkk olunan insanlıq dramına, nə ermənilər tərəfindən törədilən digər qətliamlara, nə insanlara verilən işgəncələrə, nə azərbaycanlıların öz yurd-yuvalarından ölüm təhdidi ilə didərgin salınmasına AŞPA-nın Şvabe kimi ikiüzlüləri tərəfindən heç bircə dəfə münasibət belə bildirilməyib.
Qarlı qış gecəsində Xocalıda insanları qətlə yetirənlərə, sonra da cəsədlər üzərində təhqiramiz hərəkətlər edənlərə bu təşkilatın Şvabe kimi ikiüzlüləri bir kəlmə narazılıqlarını belə ifadə etməyiblər. Bütün bu qansızlığın, vəhşiliyin müəllifi olan ölkəyə, Ermənistana da qətiyyən etiraz belə edilməyib. Maraqlıdır, görəsən nəyə görə? Nəyə görə Ermənistanın silahlı qüvvələri, daha doğrusu terrorçuları, separatçıları azərbaycanlıları öz doğma torpaqlarında qətlə yetirəndə, onlara məhz insanlığa sığmayan işgəncələr verəndə Şvabe kimiləri ağızlarına su alıb susurdular? Ölüm, əsirlik, işgəncə təhdidi fonunda ayaqyalın, başıaçıq qarlı dağ yolları ilə azərbaycanlılar canlarını qurtarmaq üçün kilometrlərlə məsafə qət edib öz yurd-yuvasından didərgin düşəndə həmin bu ikiüzlülər hara baxırdılar? Faciədən sonra foto və video materialları da görməmişdilərmi? Görmüşdülər, amma müşahidəçi mövqe sərgiləyirdilər. Nə səbəbə müşahidəçi mövqe sərgiləyirdilər, ona görə ki, qətlə yetirilənlər müsəlmanlar, azərbaycanlılar idilər? Dinmirdilər ona görə ki, onları qətlə yetirənlər xristianlar idi? Təkcə bu fakt onu deməyə əsas vermirmi ki, bu təşkilatlar mahiyyətcə xristian klublarından biri olub və elə indi də həmin klubdan başqa bir şey deyil? Şvabenin timsalında o zaman dinməyən, münasibət belə bildirməyən digər ikiüzlülər də xristian klubunun təmsilçiləri olub, desək yanılmarıq deyilmi? Qətiyyən yanılmarıq. Qarlı dağ yolları ilə ayaqyalın kilometrlərlə yol qət edən azərbaycanlıların bəziləri don vurması səbəbindən ayaqlarını itirdikləri zaman AŞPA-da təmsil olunan Şvabe kimi ikiüzlülər buna məhəl də qoymadılarsa, amma avtomobil yolu ilə və heç bir təhdid, heç bir təzyiq, heç bir qorxu olmadan, özü də köməkliklər edilərək, özlərinə məxsus olmayan torpaqları şəxsi maşınları ilə tərk edən ermənilərə görə vay-şüvən qaldırırlarsa, bunların toplaşdığı quruma, təşkilata xristian klubu adı verməkdə qətiyyən yanılmırıq.
Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə heç bircə dəfə də olsa işğal olunmuş ərazilərdə monitorinq barədə düşünməyənlər nə əcəb Laçın dəhlizi barədə qondarma söz-söhbətlər uydurulan kimi bu qurumun divarları arasında qondarma humanitar fəlakət həyəcanını süni şəkildə yaratdılar və müşahidə missiyasının təşkil olunması barədə müzakirələr aparmağa başladılar? Ermənistanın işğal etdiyi ərazilərə müşahidə missiyasının göndərilməsini 30 il ərzində olmayan ağıllarına belə gətirməyənlər 2020-ci ilin noyabrından sonra nədənsə Qarabağdakı ermənilərin təhlükəsizliyi və mədəni irsi problemləri ilə çox maraqlanmalı oldular. Yenə də sual olunur ki, niyə? Niyə 30 il ərzində azərbaycanlıların təhlükəsizliyi və mədəni irsi barədə maraqlanmayanlar ermənilərlə bağlı dərhal maraqlanmalı oldlar? Əgər insanların təhlükəsizliyi bu Şvabe kimi ikiüzlüləri maraqlandırırdısa, beş-on erməni yox, bir milyondan artıq azərbaycanlının təhlükəsizliyi onları maraqlandırardı. Həmçinin, mədəni irsə görə narahat olanlardılarsa, hayların olmayan irsinə yox, Azərbaycan xalqının mədəniyyət beşiyi sayılan Qarabağın mədəni irsinə görə narahat olmalı idilər. Biz bunların heç birinin 30 il ərzində “narahat” olduğunu qətiyyən görmədik. Azərbaycan xalqına məxsus saysız-hesabsız mədəniyyət abidələri, yüzlərlə məscid, minlərlə qəbirüstü abidələr, sərdabələr, daş yaddaşında olan kitabələr erməni vandalları, separatçıları tərəfindən dağıdılanda, məhv ediləndə, Ermənistan da buna düz 30 il rəvac verəndə indi eynən Şvabe kimi bir dənə də yaxasını cıran tapılmadı. Niyə? Ona görə ki, mədəniyyət abidələri talan edilən xristian dini mənsubiyyətli xalq deyildi? Ona görə ki, islam dini mənsubiyyəti olan xalqın mədəni irsi talanırdı? İndi də boğazları cırılana qədər çığırırlar ona görə ki, müzakirə mövzusu məhz xristian ölkəsi olan Ermənistanın olmayan mədəni irsidir? AŞPA-nın Şvabe kimi ikiüzlüləri özlərinin həmin o xristian klubundan çoxmu razıdırlar və görəsən belə bir qurumda, təşkilatda təmsil olunmaqdan nə dərəcədə “qürur hissi” keçirirlər?
2008-ci ildə dinc aksiya iştirakçılarının Ermənistan hakimiyyəti tərəfindən atəşə tutulmasına AŞPA niyə reaksiya vermədi? 2018-ci ilə qədər Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətinin hər ikisinin jurnalistləri həbs etməsinə, söz azadlığına imkan verməməsinə, həmin ölkənin iqtisadiyyatdan gələn gəlirləri hər ikisinin öz vəsaiti kimi mənimsəməsinə AŞPA niyə illər ərzində susdu? Yaxud indiki Ermənistan hakimiyyətinin özünün bütün siyasi rəqiblərini dəmir barmaqlıqlar arxasına salmasını da 5 ildir ki, görməməzliyə niyə vurmaqdadırlar? Koçaryanın da, onun oğlunun da siyasi məhbus olmasını da bilmirdilər? Bilirdilər, amma bunları görməməzliyə vururdlar. Bütün bu görməməzliklərin fonunda isə AŞPA-nın Azərbaycan üzrə Monitorinq Qrupunun hesabatlarında hətta müxalifətçilər arasında baş verən toqquşmalar da, media və QHT-lərin kobud qanun pozuntuları da ölkəmizin hakimiyyətinin guya demokratiya və azadlığı boğmaq cəhdi kimi səciyyələndirilib. Bu qədər də ayrıseçkilik olmaz və bu qədər aydın şəkildə biruzə verən ayrıseçkiliyi ancaq AŞPA kimi tanınan, eləcə də ikiüzlü Şvabe kimilərin təmsil olunduğ xristian klubu edə bilər.
Ölkədə ifadə azadlığı barədə ağız dolusu danışan, daha doğrusu, müsəlman ölkələrinə ağız büzən avropalılar bilmirlərmi ki, elə Avropanın düz ortasında, Fransada, İspaniyada və digər ölkələrdə nümayişçilərə nə dərəcədə divan turulub? Katalonlar öz səslərini çıxardıqları zaman rezin güllələrlə, gözyaşardıcı qazlarla onların səsini İspaniya hökumətinin necə boğduğunu da bilmirlər? Şvabe kimi ikiüzlülər bilmirlərmi ki, etirazçıların üstünə itlərin salınması, atların ayaqları altında onların əzilməsi də elə Avropa ölkələrində müşahidə olunan hallardır? Azərbaycan kimi ölkələri müzakirə etməzdən əvvəl həmin o xristian klubunun ikiüzlü təmsilçiləri, məhz korrupsiyanın Aİ iqtisadiyyatına hər il vurduğu ziyanın 120 milyard avroya yaxın olduğunu niyə yada salmırlar? İndi Makronun oyuncağı, marioneti kimi çıxış edən Şvabe bilmirmi ki, Fransa kolonial siyasət aparıb və bir çox Afrika ölkələrində milyonlarla yerli əhalinin qətlini həyata keçirib? Şvabe kimi ikiüzlülər guya Fransanın müstəmləkəçiliyi barədə, fransızlar tərəfindən törədilən vəhşiliklər barədə də bilmirlər? Bilirlər, amma səslərini çıxarmırlar. Ona görə ki, Fransa da xristian ölkəsidir və bu ölkə barəsində müzakirə belə ikiüzlülərin təmsil olunduğu təşkilatda qəbuledilməzdir. Belə çıxır ki, AŞPA adlı quruma haqq, ədalət, qanun, reallıq, həqiqət və digər məsələlər qətiyyən lazım deyil. Bu qurum üçün sadalananların heç biri də maraqlı hesab olunmur. Maraqlı olan müzakirə olunacaq ölkənin hansı dini mənsbiyyətli olmasıdır. Əgər islam ölkəsidirsə, deməli, haqqı da, ədaləti də, qanunu da, beynəlxalq hüququ da tapdalayıb vicdansızcasına hücum etmək həmin qurumun Şvabe kimi ikiüzlüləri üçün məqbul sayılır. Yox əgər xristian ölkəsidirsə, günahı belə görməməzliyə vurulur, hətta müdafiə də edilir. Yəni bir xristian klubu kimi, xristian ölkələrinin tərəfini saxlayanların klubu kimi fəaliyyət göstərir. Bəli, bu dərəcədə cılızlıq nümayiş etdirilir və qurum artıq özünü belə tanıdıb.
Onu da diqqətə çatdıraq ki, cinsi azlıqlar məsələsini də AŞPA məhz Azərbaycana qarşı başqa bir problem kimi qabardır. AŞPA-nın “Azərbaycan parlament nümayəndə heyətinin əsas etibarilə təsdiqlənməmiş səlahiyyətlərinə etiraz edilməsi” adlı qətnamənin 3-cü bəndində “Cənubi Qafqazda LGBTİ hüquqlarının iddia edilən pozulması” qətnaməsinə açıq şəkildə istinad edilir. Uqanda məktəblərində LGBTİ ideyalarının təbliği ilə məşğul olan AŞPA adlı qurum və onun Şvabe kimi ikiüzlüləri ya başa düşə bilmirlər, ya da başa düşmək istəmirlər ki, Azərbaycan Uqanda deyil, müsəlman ölkəsidir və bizim ölkəmiz üçün belə bir məsələ qəbuledilməzdir. Onlar dərk etmək istəmirlər ki, bizim ölkəmizdə orta məktəblərdə bu mövzuda hər cür təbliğat qəti şəkildə qadağandır. AŞPA adlı qurum, onun Şvabe kimi ikiüzlü təmsilçiləri cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı qanunları pozmaqda Azərbaycanı ittiham etməyə çalışır və nəzərə də almır ki, bizim ölkəmiz müsəlman ölkəsidir və bu məsələ Azərbaycan xalqının mentalitetinə tamamilə zidd olan məsələdir. Cinsi azlıqların təbliğatı, eynicinslilərin nigahı və sair buna müvafiq məsələlər bizim üçün tamamilə yaddır, qəbuledilməzdir və bizə avropalıların belə bir iradı da qətiyyən qəbul edilə bilməz. Bunu qoy elə həmin o xristian klubu özü qəbul etsin və öz-özünə də şamil etmiş olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB