Avropanın "çırpıntıları" və ya yel qayadan nə aparar?

Avropanın "çırpıntıları" və ya yel qayadan nə aparar?

Azərbaycanın son 20 illik siyasi müstəvisi inkişaf etmiş bir çox ölkələrin 200 ildə qət etdikləri yola bərabərdir. Azərbaycanın 2003-cü ilə qədərki inkişaf tarixi, müstəqillik dövrü Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu müstəqilliyin möhkəmləndirilməsi və əbədi olması, ölkəmizin dünya arenasında tanınması və qəbul edilməsi uğrunda mübarizəni əks etdirirdisə, 2003-cü ildən etibarən başlayan dövr isə Heydər Əliyev ideyalarının təntənəsi kimi dəyərləndirilməlidir. Ulu öndər hər bir zaman xalqına doğru olan yolu göstərdi. Biz bu gün onun nə qədər haqlı olduğunu, tarix qarşısında, ölkəsi və xalqı qarşısında göstərdiyi xidmətlərin nə qədər əvəzsiz olduğunu görürük. Keçdiyimiz ən yeni tarix bunu bir daha bizə isbat etdi. Ulu Öndər heç vaxt yanılmırdı və son nəfəsində belə "mən ona özüm qədər inanıram və bilirəm ki, mənim başladığım, lakin sona çatdıra bilmədiyim işləri şərəflə davam etdirəcək" deməsi belə bunun sübutudur. Nə yaxşı ki xalq da öz rəhbərinin - Heydər Əliyevin göstərdiyi yolun arxasınca getdi və 2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində Ulu Öndərin fiziki, mənəvi, siyasi davamçısı olan İlham Əliyevə səs verdi. Həmin gündən keçən 20 illik tarix gözümüzün önündədir. Bir daha qeyd etmək istərdim ki, 200-300 illik demokratiya, dövlətçilik təcrübəsi olan ölkələrin belə keçə bilmədiyi yolu Azərbaycan 20 ilə qət edə bilib. 20 ildə sözün əsl mənasında bəlkə də 2 əsrə bərabər yol qət olunub. Bu yol hamar yox, çətin yol idi. Bu yol torpaqları işğal altında olan, müharibə şəraitində yaşayan bir ölkənin getdiyi yol idi. Bu yolun üzərində qaçqın düşərgələri var idi, bu yolun üzərində yerlı yeksan edilmiş torpaqlarımız var idi, bu yolun üstündı Azərbaycanın mənfur düşməni və onun havadarları var idi və ən nəhayət bu yolun üstündı Azərbaycanın inkişafını istəməyən qüvvələr var idi. Bunlar bu gün də var təbii ki. Lakin bütün maneələrə, böyük çətinliklərə, süni əngəllərə rəğmən, ötən illər ərzində həm iqtisadi, həm hərbi, həm sosial baxımdan Azərbaycan çoxsaylı uğurlara imza atdı və bu uğurların hər birinin arxasında özünün vəd etdiyi kimi, hər bir Azərbaycan vətəndaşına sıradan yox, yaxşı prezident olmağı bacaran cənab İlham Əliyevin imzası, dəmir iradəsi, dəmir yumruq siyasəti dayanır. Bu siyasət, bu praqmatiklik bənəticəsində biz mümkün olmayanları mümkün etdik. Ulu Öndər Heydər Əliyev "mənim başladığım, lakin sona çatdıra bilmədiyim işlər" dediyi zaman, əlbəttə ki, Qarabağ münaqişəsini nəzərdə tuturdu. Prezident İlham Əliyev böyük bir sərkərdəlik bacarığı ilə bu məsələnin öhdəsindən gəldi və Azərbaycan cəmi 44 gün çəkən müharibə nəticəsində möhtəşəm zəfərə imza atdı. Bütünləşmiş zəfərimiz isə yeni başa vurduğumuz 2023-cü ilin sentyabr-oktyabr aylarında əldə edildi. Bir zamanlar, bundan 20-25 il əvvəl mövcud olan "digər torpaqlar qayıtsa da, Şuşa, Xankəndi, Laçın qayıtmayacaq" düşüncəsi Prezident İlham Əliyevin iradəsiylə sözün əsl mənasında alt-üst oldu, xalqın arzuları gerçəkləşdi. Prezident İlham Əliyev bizi bütövləşdirdi, bizi Qarabağlı, Xankəndili, Xocalılı, Şuşalı, Laçınlı etdi, mümkün olmayanı reallığa çevirdi. Bu 20 il ərzində - prezident İlham Əliyevin Azərbaycanda rəhbərliyi dövründə həm daxildə böyük quruculuq işləri ilə məşğul olduq, həm də düşmənlə mübarizə apardıq. Bir ölkə göstərin ki, torpaqlarında müharibə gedə-gedə, münaqişəli şərait ola-ola, inkişafının belə yüksək nöqtəsinə çata bilsin, 5-10 il ərzində bölgənin parlaq ulduzuna çevrilsin, bütün dünyaya xitab edə bilsin. Əlbəttı ki, bu uğurların arxasında güclü təcrübə, siyasi iradə dayanır. Eyni zamanda ən əhəmiyyətli faktor rəhbərin öz xalqını, ölkəsini canından artıq sevməsidir. Ötən illər ərzində Prezident İlham Əliyev atdığı hər addımla xalqının yanında olduğunu isbat etdi. Özü və ailəsi üçün əhəmiyyətli olan günləri qaçqın düşərgələrinə qeyd etdi, onların yarasına məlhəm olmağa çalışdı. Son 3 ildə isə bu əhəmiyyətli günlər, elə özünün şücaəti, əzmi, dəmir iradəsi ilə geri qaytardığımız torpaqlarımızda qeyd edilir. Biz boyük qürur, fəxarət hissi yaşayırıq, çox xoşbəxtik ki, belə bir ölkənin vətəndaşlarıyıq və prezident İlham Əliyev kimi Prezidentimiz, Sərkərdəmiz, Ali Baş Komandanımız var.

Prezident İlham Əliyevin yeni ilin ilk günlərində yerli televiziya kanallarına verdiyi müsahibədə açıq və konkret şəkildə dilə gətirdiyi fikirlər, təkcə ölkə mətbuatına deyil, bütün dünyaya xitabən verilən dəmir iradə siyasətinin növbəti mesajı idi. Cənab prezident sülh müqaviləsinin bağlanmasında vasitəçilərə ehtiyac duyulmadığını bəyan etdi. Biz 30 illik münaqişə zamanı heç bir tərəfin, heç bir vasitəçinin faydasını görmədik. Çox təəssüflər olsun ki, sırf bu münaqişənin həlli üçün yaradılmış olan ATƏT-in Minsk Qrupu öz missiyasını həyata keçirtmədi, həyata keçirmək istəmədi belə. Onların münaqişə zonasına gəlişləri turist səfərlərinə bənzəyirdi və sadəcə tövsiyyə edici məqamlardan ibarət olurdu. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, biz münaqişəni hərb yolu ilə həll etməyə qadirik, lakin Azərbaycan qan axıdılmasını istəmədiyi üçün son çarə tükənənə qədər danışıqlar masası arxasında danışıqları davam etdirəcəyik. Lakin nə Ermənistan, nə onun havadarları, nə də beynəlxalq qurumlar Axərbaycanın bu çağırışlarını düzgün dəyərləndirmədilər. Elə buna görə də bu gün hansısa tərəfdaşdan söhbəti gedə bilməz. Daha əvvəl münaqişənin iki tərəfi olduğu kimi bu gün müqavilənin də iki tərəfi var - Ermənistan və Azərbaycan. Sülh müqaviləsinin imzalanması bölgə üçün lazımlı olan vacib faktordur. Sülh müqaviləsi bölgınin inkişafı baxımından çox əhəmiyyətlidir. Bunu Ermənistan, onun bölgədə marağı olan havadarları dərk etməlidirlər. Bu müqavilə ilə Azərbaycanın inkişafı ilə yanaşı, Ermənistanın da sosial durumu xilas olur, eyni zamanda bölgədə yeni maraqlar üzərindən müsbət addımlar atılmış olur. Yaşadığımız dövr onu göstərir ki, müharibə heç kimə lazım deyil, sülh müqavilələri nə qədər tez imzalanarsa bundan qazanan xalqlar, millətlər və bütün bəşəriyyət olar. Bizim də istədiyimiz, Azərbaycan dövləti olaraq dəstəklədiyimiz siyasət dövlət başçımızın dəmir yumruq siyasəti ilə harmoniyada həyata keçirilən humanizm siyasətidir ki, bu siyasət özündə məhz insan amilini və faktorunu ehtiva edir.

Biz illərdən bəri ikiüzlü standartlarla çox qarşılaşmışıq. Dünya ictimai rəyini çaşdırmaq üçün çoxsaylı absurd fikir və iddialar ortaya atılıb. Həqiqətə əsaslanmayan dezinformasiyalar ilə gündəmi sadəcə bir neçə saat məşğul etmək olar. Avropa İttifaqının təmsilçisinin də paylaşdığı dırnaqarası xəbərdarlıq bu qəbildəndir. Nəzərə almaq lazımdır ki dünya ictimaiyyəti təkcə Azərbaycana təzyiq göstərməyə çalışan ermənipərəst qüvvələrdən, havadarlardan ibarət deyil, dünyada tərəqqipərvər, siyasəti dərindən bilən qruplar da var. Bir məqama toxunmaq istəyirəm ki, 44 günlük müharibə dövründə hətta o günə qədər Azərbaycan həqiqətlərini görmək istəməyən, danan dövlətlərin ekspertləri, jurnalistləri belə etiraf etmək məcburiyyətində qalırdılar ki, Azərbaycan dünya hərb tarixinin ən uğurlu taktikasını həyata keçirir. Bu gün də öz doğru yolunda dönmədən irəliləyən Azərbaycanın inkişafı bölgədə marağı olan bəzi tərəfləri narahat edir. Onlar dezinformasiya xarakterli əsassız fikirlərlə öz arzularına çatmaq istəyirlər. İllər boyu irqçilik siyasəti həyata keçirən, işğal altında saxladığı Əlcəzairin gəlirlərinə ortaq olan, öz torpaqlarında digər ölkələrin nümayəndələrinə qarşı ayrı-seçkilik siyasəti yürüdən Fransa, o cümlədən digər Avropa ölkələri, illərdən bəri Şərqdə, Afrikada, Asiyada gərginlik yaradan ölkələr elə Qarabağ münaqişəsi baxımından da eyni mövqedə dayandılar. Azərbaycan vətəndaşları 30 ilə yaxın müddət ərzində qaçqın düşərgələrində yaşayarkən bu qüvvələr niyə məsələyə münasibət bildirmirdilər? Bir daha vurğulamaq istəyirəm ki, bunlar sadəcə təhrikedici, çaşqınlıq yaratmaq məqsədilə ortaya atılan iddialardır. Prezident İlham Əliyevin də söylədiyi kimi, əgər Azərbaycan təhdid edilərsə, torpaqlarına, suverenliyinə qarşı təhlükə yaranarsa, Azərbaycanın buna cavab verməyə imkanı, qüvvəsi var. Azərbaycan istər ordu quruculuğu, büdcəsi, iqtisadiyyatı baxımından, istərsə də ən əhəmiyyətli faktor olan xalq-dövlət birliyi baxımından buna qadirdir. Artıq aksioma, atalar sözünə çevrilmiş bir düşüncə var. Biz müharibəni üç böyük qüvvənin vəhdəti, həmrəyliyi nəticəsində - Xalq, Ordu Prezident birliyi vasitəsilə qazandıq. Biz bu birliyi bütün dünyaya isbat etmişik və Azərbaycan bundan sonra da hər zaman bu vəhdətə, bu birliyə sadiq qalaraq bir ovuc qaragüruhun qarşısından geri çəkilməyəcək, doğru bildiyi yolda inamla irəliləyərək daha böyük inkişafa, uğurlara imza atacaqdır.

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə