Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasına həmişə olduğu kimi, yenə də sadiqlik nümayiş etdirməkdədir. Bunun üçün Azərbaycan tərəfindən kifayət qədər iş aparıldığı da göz önündədir. Sülh sazişinin mətninin son variantını yenicə yola saldığımız ilin dekabr ayının sonunda təklif edən rəsmi Bakı həmin təklifə İrəvanın cavabını gözləyir. Amma İrəvanın bununla bağlı mövqeyi hələ də müəmmalı olaraq qalmaqdadır.
Azərbaycan tərəfinin ritorikasından dərhal bəlli olur ki, rəsmi Bakı kommunikasiyaların açılması məsələsinə baxması üçün erməni tərəfinə imkan və vaxt verib. Amma bu o demək deyil ki, Ermənistan tərəfi də məsələni istədiyi qədər uzada, bununla da hansısa şərtlərini irəli sürə, yaxud yeridə bilər. Elə məhz bu fonda da Ermənistan tərəfinin mövqeyini bilmək olduqca marqlı, həm də vacibdir. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın 8 yanvar tarixində Ermənistanın ictimai televiziyasına verdiyi müsahibəsi bu baxımdan diqqəti cəlb edir. “Rəsmi İrəvan 4 yanvar tarixində Bakıdan sülh müqaviləsi ilə bağlı daxil olan təkliflərə yazılı cavab verib və indi Azərbaycan tərəfdən cavab gözləyir... Elə məsələlər var ki, bu barədə şifahi danışıqlar zamanı razılıq əldə olunub. Hətta biz gördük ki, sülh müqaviləsinin mətnində hələ irəli gedilən məqamlar da var”, deyən Armen Qriqoryan digər təfərrüatları açıqlamasa da, onun sözlərindən bəlli olur ki, müsbət tendensiyalar gözləniləndir.
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri öz müsahibəsində xüsusilə vurğulayıb ki, sülh sazişini mümkün qədər tez yekunlaşdıraraq, onu imzalamağı tərəflər çoxdan gözləyirlər. Məsələ burasındadır ki, danışıqların hansı formatına üstünlük veriləcəyi barədə Ermənistan tərəfi öz fikrini açıq şəkildə bildirmir. Məhz elə bunun fonunda da ikitərəfli formatın Ermənistan hakimiyyəti üçün qəbul olunması, yaxud da qəbul olunmaması barədə hələ də qəti qənaətə gəlmək olmur. Bilinmir ki, rəsmi İrəvan ikitərəfli format barədə düşünür, yoxsa, yenə də hansısa vasitəçilərin, ələlxüsus da Qərbin iştirakı ilə danışıqlar aparmaq istəyir. Yalnız onu demək olar ki, danışıqların aparılmasının vacibliyi artıq qəti şəkildə qəbul olunur.
Bəzən elə olur ki, erməni cəmiyyəti tərəfindən fərqli fikirlər səsləndirildiyinin də şahidi oluruq. Hərdən elə bir təəssürat yaranır ki, elə bil erməni cəmiyyəti bəzi məqamları ya görə bilmir, ya da görməməzliyə vurur. “Ermənistan heç vaxt konkret şərtləri, yeri və vaxtı bəlli olan birbaşa təklif almayıb. Belə bir təklif olanda erməni tərəfi düşünəcək ki, onu qəbul etsin, yoxsa rədd etsin. Biz ictimai bəyanatları konkret təklif kimi qəbul edə bilmərik”, deyən Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyanın bu fikirləri qəribə görünməyə bilməz. Əvvəla ona görə ki, bu vaxta qədər Ermənistan birbaşa olaraq, təkliflər alıb, özü də həmin təkliflərdə konkret şərtlər də, vaxt da bəllidir və erməni cəmiyyəti üçün düşünəcək, qəbul edəcək məqamlar kifayət qədərdir. Digər tərəfdən də axı komitə rəhbərinin bundan artıq konkretlik, konkret təkliflər gözləməsi heç bir məntiqi əsaslarla izah edilə bilməz. İrəvanın yerinə də Azərbaycan tərəfindən təkliflər irəli sürülməsi gözlənilir yoxsa? Hər halda, onun yanaşması məhz çox absurd yanaşma olaraq qiymətləndirilməkdədir.
Maraqlıdır, nəticə, təklif barədə fikirlər səsləndirən ermənilər Bakı və İrəvanın ötən ilin 7 dekabr tarixli birgə bəyanatını hesaba amırlar, yoxsa, nəzərə almaq niyyətində deyillər? Nə qədər təklif irəli sürülə bilər? Sonsuza qədər təkliflər irəli sürülməlidirmi? Axı bu qədər təkliflərdən sonra indi artıq təklif irəli sürmək yox, konkret razılıqlar əldə etmək zamanıdır. Razılıqların əldə olunması üçün şərait çoxdan yetişib və belə bir mərhələ artıq çoxdandır ki, gözlənilən idi. Məhz elə bu mərhələdə təşəbbüslərə kölgə salacaq müvafiq məsuliyyətsiz fikirlərin səsləndirilməsi prosesə, sülh prosesinə mane olmaq kimi görünür. Hər halda, erməni cəmiyyəti, ələlxüsus da Ermənistan hakimiyyəti bunun fərqindədir.
Sülh sazişinin mətninin ilkin variantı ilə tanış olan Ermənistan parlamentinin bəzi müxalifət yönümlü deputatları həmin sazişin yalnız Azərbaycanın maraqlarını əks etdirdiyini iddia edirlər. Amma onların belə bir iddia ilə çıxış etmələri heç də qəbuledilən, hətta anlaşılan deyil. İndi bütövlükdə erməni cəmiyyəti bilməlidir, başa düşməlidir ki, əslində, sözügedən sazişin elə ilk növbədə, məhz qalib ölkənin, yəni Azərbaycanın maraqlarını təmin etməsi məntiqidir. Ümumiyyətlə, dünya təcrübəsində bunun əksinə bircə dəfə də rast gəlinməyib. Sülh sazişinin qalib ölkənin maraqlarını təmin etməsi hər zaman müşahidə edilib və eyni zamanda müşahidə edilib ki, sülh sazişinin imzalanmasında qalib ölkə deyil, məğlub ölkə maraqlı olub və bunda daha çox can atıb. Hazırda isə sülh sazişi təklifini məhz rəsmi Bakı irəli sürüb və təklifləri də ən çox, məğlub tərəfi, Ermənistan tərəfini maraqlandırmalıdır. Həm də ermənilər bilməlidirlər ki, onlar üçün sülh sazişi bir tarixi şansdır. Bunu başa düşməyənlərə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan cavab olaraq bildirib ki, Ermənistanın maraqları sülh müqaviləsi vasitəsilə ölkənin ərazi bütövlüyü və suverenliyini qorumaqdan ibarətdir və Ermənistan tərəfi məhz bu istiqamətdə danışıqlar aparır.
Doğrudur, Qərbin iştirakı ilə və ya iştirakı olmadan danışıqların aparılması məsələsilə bağlı müzakirələr hələ də davam edir və erməni cəmiyyətində son bir nəticəyə hələ də gəlinməyib. Qərbin dəstəyi və iştirakı ilə danışıqların aparılmasını arzu edənlər ümid edirlər ki, gündəliyə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında bir bənd də daxil edə bilərlər. Amma başa düşə bilmirlər ki, əvvəla, buna onların qətiyyən hüquqları çatmır. Digər tərəfdən də anlamırlar, yaxud da anlamaq istəmirlər ki, Qərb, yaxud hansısa bir ölkə bu xüsusda onlara yardımçı ola bilməz. Əgər ermənilərin böyük əksəriyyəti bunu başa düşsəydi heç bir vasitəçi olmadan danışıqlara üstünlük və razılıq verərdi. Lakin biz bunu müşahidə edə bilmiriksə, deməli, tərəddüd hələ də davam etməkdədir.
ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı son demarşı fonunda Birləşmiş Ştatların Qafqaz üzrə danışıqlarla əlaqədar baş müşaviri Lui Bononun Ermənistana səfəri, Bakıya səfər etməməsi bir sıra məntiqi nəticələr hasil etmək üçün əsas verir. Ələlxüsus da onu deməyə əsas verir ki, hazırki mərhələdə rəsmi Vaşinqtonun Bakı ilə danışıqlar aparmağa heç bir vasitəsi yoxdur. Maraqlıdır, o zaman baş müşavir Lui Bono Ermənistanda səfəri zamanı ermənilərdə nə danışıb, yaxud nədən dəm vurub? Doğrudur, ermənilərə məxsus mətbuat səhifələrində yayılan məlumatlara görə, Ermənistanın Təhlükəsizlik Şurasından daxil olan məlumatda qeyd olunur ki, Bono və Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini və son danışıqların nəticələrini, eləcə də danışıqlar zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Hətta Qriqoryan onu da bəyan edib ki, Bono Ermənistana ABŞ-da üçtərəfli görüş təşkil etmək niyyətini və təklifini bildirmək üçün gəlib. Ermənistan Respublikasının Təhlükəsizlik Şurası sədrinin sözlərinə görə, Ermənistan hətta iştirak etməyə razılıq da verib.
Üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq, kommunikasiyaların açılması üçün İrəvanın hələ də yansısa qənaətə gəlmədiyi göz önündədir. Ən azından, çox fərqli bir durumun, müəmmalı vəziyyətin olduğu istisna edilə bilməz. Bəli, sülh prosesini təxirə salmaq niyyətinin olmadı da təkzibedilməzdir. Amma hələ də hansı şəraitdə, hansı şərtlər daxilində sülh imzalanması Ermənistan üçün müəmmalı olaraq qalır. Bununla belə, erməni siyasətçiləri özləri də başa düşürlər ki, rəsmi İrəvan hələ də qəti və konkret qərarlar verə bilmir. Hələ də şirnikləndirici Qərb resurslarından istifadə etmək arzusu Ermənistanı qərarsız hala salıb. Halbuki, rəsmi İrəvan birbaşa danışıqlar masasına üstünlük verə bilər. Bunun üçün ilk növbədə, ermənilər məhz vasitəçilik etmək istəyənlərə iradə nümayiş etdirməli, qərar qəbul etmək üçün qətiyyətli olmalıdırlar. Əks halda, real bir razılıq haqqında danışmaq mümkün görünmür. Rel bir razılaşmanın əldə olunması üçün üçüncü dövlətlərin regionun işlərinə qarışmaması tələb olunur və bunu Ermənistan tərəfi nə qədər tez başa düşsə, sülh razılaşması bir o qədər də tez baş tuta bilər. Elə müəmmalı mövqe deyildikdə də məhz bu məqamın ermənilər tərəfindən ya dərk edilməməsi, ya da qəbul edilməməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB