İrəvan: onları ərazimizdə görmək istəmirik - ŞƏRH+AKTUAL

İrəvan: onları ərazimizdə görmək istəmirik - ŞƏRH+AKTUAL

Məhv edilmiş separatçı və qondarma rejimin saxta başçısı Şahramanyanın, sözün həqiqi mənasında, öz sözünü "yeməsi" və rejimin Ermənistanda fəaliyyətini davam etdirəcəyini iddia etməsi İrəvanda hiddətlə qarşılanmaqdadır. Artıq bir sıra rəsmi şəxslər açıq şəkildə bəyan edirlər ki, bu kimi iddia ölkəyə qarşı təxribat məqsədi daşıyır, həmçinin, Ermənistan üçün yeni təhlükələr yaradır.

Taron Çaxokyan: "Ermənistanda ikinci hökumət və ya ikinci dövlət ola bilməz"

"Rəsmi İrəvan Qarabağ "dövlət institutlarının" ölkədə mövcudluğunu mümkün hesab etmir". Bunu baş nazir Nikol Paşinyanın mətbuat katibi Taron Çaxokyan mediaya açıqlamasında deyib. "Bu, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır", deyə o fikirlərini də məhz bu cür açıq şəkildə ifadə edib. Çaxokyan deyib: "Ermənistanda ikinci hökumət və ya ikinci dövlət ola bilməz və separatçı qurumlar yalnız öz müqəddəratlarını düşünür, eləcə də Qarabağdan köçmüş insanların problemini həll etməyə qadir deyil".

Lili Minasyan: "Hələ də baş aça bilmirəm ki, nəyə görə hakimiyyət orqanları müvafiq hüquq-mühafizə orqanlarına daha sərt tədbirlər görmək üçün ciddi tapşırıqlar vermir?"

Daha bir hakimiyyətə yaxın siyasətçi, deputat Lili Minasyan da separatçıları təxribatda ittiham edib və deyib ki, hüquq-mühafizə orqanları onlara qarşı sərt qanuni tədbirlər görməlidir.

"Mən hələ də baş aça bilmirəm ki, nəyə görə hakimiyyət orqanları müvafiq hüquq-mühafizə orqanlarına daha sərt tədbirlər görmək üçün ciddi tapşırıqlar vermir?", - deyə Lili Minasyan sual edib.

Artur Hovhanisyan: "Ermənistanı [Azərbaycanla] yeni hərbi provokasiyaya çəkmək planları məhv ediləcək və onun müəllifləri ağır cəzalandırılacaq"

Digər iqtidar nümayəndəsi, Vətəndaş Sazişi partiyasının katibi Artur Hovhanisyan isə bəyan edib ki, Ermənistanda yalnız bir – xalq tərəfindən qanuni seçilmiş hazırkı hökumət mövcuddur. "Ermənistanı [Azərbaycanla] yeni hərbi provokasiyaya çəkmək planları məhv ediləcək və onun müəllifləri ağır cəzalandırılacaq", - deyə o bildirib.

Hətta bu arada, separatçı hökumətin Fransada yerləşməsinə dair təkliflər də səslənməkdədir...

Qeyd edək ki, bu istiqamətdə inkişaf edən ölkədaxili proseslərdə müxalifətdən olan bəzi təmsilçilər də separatçıların Ermənistanda qalmalarını təhlükə kimi qiymətləndirirlər. Hətta bu arada, separatçı hökumətin Fransada yerləşməsinə dair təkliflər də səslənməkdədir. Maraqlıdır ki, məhz Fransanın Azərbaycana qarşı təxribatçı əməllərindən və hər iki ölkənin diplomatlarını arzuolunmaz şəxs qismində elan etmələrindən sonra Fransaya köçmək "ideyası" ortaya atılıb. Hətta bu məsələni Parisin sifarişi kimi də qiymətləndirmək olar. Bunun üçün isə bəzi politoloqların "məsləhətləri" ortaya atılır. Bu baxımdan, müxalifətyönlü siyasi təhlilçi Hmayak Hovhannisyan deyib ki, separatçılar "Ermənistanı, erməni xalqını və Qarabağdan köçən erməniləri dəstəkləməyə qətiyyətlə sadiq olan" Fransaya köçməlidir...

Paşinyan da etiraf edib ki...

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin "öz müqəddaratını təyinetmə haqları üçün mübarizə" aparmaqdansa, öz ölkəsinin gələcəyinə üstünlük verəcəyini bəyan edib və bildirib ki, "dqr" adlı qurum dünyada heç vaxt tanınmayıb, hətta Ermənistanın özü belə, verdiyi hərbi və maliyyə dəstəklərinə baxmayaraq onu tanımayıb.

Ermənistan 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə ki, parlamentin spikeri Alen Simonyan bəyan edib ki, Ermənistan Azərbaycanın suverenliyini tanıyır.

Qarabağ separatçılarının saxta "millət vəkilləri" İrəvanda "Ədalət və Qayıdış" adlı qondarma "qeyri-hökumət təşkilatı" yaratdığını bəyan ediblər

Lakin buna baxmayaraq, revanşçılar və separatçılar hələ də öz nağıllarına inanmaqda davam edirlər.

Qeyd edək ki, ötən il dekabrın 27-də Qarabağ separatçılarının saxta "millət vəkilləri" İrəvanda "Ədalət və Qayıdış" adlı qondarma "qeyri-hökumət təşkilatı" yaratdığını bəyan ediblər. Onlar ermənilərin Qarabağa qayıdışı və regionun "öz müqəddəratını müəyyənetmə haqqı üçün mübarizə aparacaqlarını" bildiriblər.

Ancaq bütün bu kimi nağılbazlıqların və oyunbazlıqların fonunda rəsmi Bakı dəfələrlə (!) bəyan edib ki, Qarabağı tərk etmiş ermənilər ölkə vətəndaşlığını qəbul etmək şərti ilə geri qayıda bilərlər. Azərbaycan tərəfi həmçinin bəyan edir ki, Ermənistan da öz növbəsində 1980-ci illərin sonundan Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməlidir.

Təəssüf ki, artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olunduqdan sonra da Ermənistanda öz nağıllarına inananlar tapılır. Hər halda, Paşinyan iqtidarının belələrinə qarşı sərt tədbirlər görəcəyinə inanmaq istərdik...

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə