“Xankəndi stadionundakı matç Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldı” - MÜNASİBƏT BİLDİRİLDİ
“30 ildən sonra Xankəndi stadionunda tarixi gün yaşandı. Bu, xalqımız üçün çox önəmli hadisə idi. Işğaldan azad olunmuş ərazilərdə ilk dəfə futbol matçı keçirildi. Təbii ki, Qarabağ-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsinin rəmzi mənası var və Prezident İlham Əliyevin stadionda çıxışı zamanı bəyan etdiyi kimi, azərbaycanlıların inşa etdiyi bu gözəl diyarda 30 il ərzində separatçılar yuva salmışdılar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Deputat sözlərinə belə davam edib: “Faktiki bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Üç ay əvvəl Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Cəmi 2 ay ərzində yenidən inşa edilən Xankəndi stadionu separatizm simvolikasından təmizləndi. Biz tarixi matçları tezliklə Ağdamın “İmarət” stadionunda da izləyə biləcəyik. Yaxın vaxtlarda stadionun yenidən inşasına başlanılacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə idmanın inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini göstərir.
Ümumiyyətlə, 2023-cü il bir çox vacib hadisələrə görə tarixdə əbədi qalacaq. İdman ictimaiyyəti üçün isə bu ilin xüsusi yeri var. İlin ənənəvi idman yekunlarının Xankəndidə keçirilməsi olduqca vacib hadisədir. Qalib ölkənin idmançılarının öz suverenliyimizi bərpa etdikdən sonra Xankəndidə mükafatlandırılması bütün idman ictimaiyyətini qürurlandırdı.
Doğrudan da bu, şox nadir nümunədir. Biz qalib xalq kimi öz dogma torpaqlarımızda bütün ənənələrimizi bərpa edirik. Xankəndidə həm idmançılar, həm azarkeşlər özlərini çox xoşbəxt hiss edirdilər. Bizim qayıdışımızla azad olunmuş ərazilərə həyat qayıtdı. Bunu cəmi 3 ay əvvəl azad olunmuş Xankəndinin dirçələn simasında daha aydın görmək mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB