Son 20 il - Azərbaycanın dünyada nüfuzunun, beynəlxalq münasibətlərdə önəmli rolunun növbəti təzahürü TƏHLİL

Son 20 il - Azərbaycanın dünyada nüfuzunun, beynəlxalq münasibətlərdə önəmli rolunun növbəti təzahürü TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEVİN qlobal təşəbbüslərinin dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bu günün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Məhz bu gün Qalib Sərkərdə Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Və bu gün Azərbaycanın qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 20 il müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimiz, məhz Qalib Liderimiz İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə Güclü ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadətilə ərazi bütövlüyümüz bərpa oldu, haqq, ədalət qalib gəldi. Və bu gün Azərbaycana olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin təsdiqidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını göstərərkən İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas amillərdən biri kimi Prezident İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki, bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır. Bugünkü Qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır. Son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Və bu gün Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Prezident İlham Əliyev bildirir ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Bütün bunlar son 20 ildə Qalib Liderimiz Prezident İlham Əliyevin apardığı uğurla, qətiyyətlə Azərbaycanın haqq, ədalət tərəfdarı olduğunun göstəricisidir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Ümumiyyətlə, regional və qlobal təhlükəsizlik, əməkdaşlıq məsələlərinə dair təşkil edilən önəmli platformalarda Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq mövqeyini, nüfuzunu əyani şəkildə nümayiş etdirir. Bu kontekstdə qeyd edə bilərik ki, Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Bunun təsdiqi üçün çox da uzağa getmək lazım deyil. Sadəcə ölkəmizin qlobal problemlərin öhdəsindən necə uğurla gəldiyini görməyə kifayət edir.

AZƏRBAYCANIN SƏDRLİYİ DÖVRÜNDƏ QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ ALƏMDƏ NÜFUZU DAHA DA YÜKSƏLİB

Məlum olduğu kimi, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr qəbul edildi.

Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib.

Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.

COP 29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNUN GÖSTƏRİCİSİDİR

Bu gün Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu, səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib.

Doğrudur, erməni diasporu və bəzi siyasi qüvvələr revanşist hərəkətlərini davam etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, "Fransada və bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar". Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi təşvişə salıb. Onlar COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə mətn imzalayıblar. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Yəni, Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar aparmağın adekvatlığını və məlumatlılığını nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Bu və ya digər şəkildə Azərbaycanın düşmənləri növbəti uğursuzluqları ilə barışmalı olacaqlar. Əslində, COP29-un Bakıda keçirilməsində gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanıb. Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti, Azərbaycanın Qoşulmama Hərəkatının sədri bu qurumun institusional mexanizmlərin yaradılması səyləri konkret nümunədir. Həmçinin, Azərbaycan qlobal inteqrasiya prosesinə, nəqliyyat-kommunikasiya, loqistika layihələrinə ciddi töhfə verir və bu istiqamətdə səylərini artırmağa hazırdır.

Bundan başqa, Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədəki çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi: "Hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilib. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Vətən müharibəsi günlərində döyüşən orduya tapşırıqlarını birbaşa özü verib. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Beləliklə, bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevrilib.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə