"Siyasi partiyanın "boykot” qərarı acizliyin və məğlubiyyətin etirafıdır" - ŞƏRH EDİLDİ

"Siyasi partiyanın "boykot” qərarı acizliyin və məğlubiyyətin etirafıdır" - ŞƏRH EDİLDİ

“Şəxsi maraqlarını hər şeydən üstün tutan dağıdıcı müxalifətin sosial dayaqdan danışması gülüncdür. Ona görə də ölkədə keçirilən bütün seçki proseslərindən öncə və bir qayda olaraq, həm də sonra, zəifliklərini və məğlubiyyətlərini ört-basdır etmək üçün müxtəlif yollara əl atırlar. Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək siyasi partiyaların namizədlərinin adı bəlli olur. Buna baxmayaraq, müxtəlif bəhanələr irəli sürərək seçkidən imtina edən siyasi partiyalar da var. "Boykot” qərarı verən partiyaların ən əsas bəhanəsi isə hələ seçkiyə hazır olmamaqlarıdır. Halbuki, gecə-gündüz Avropa dəyərlərindən, seçki mədəniyyətindən danışan həmin partiyalar dünya təcrübəsinə görə, istənilən siyasi şəraitə hazır olmalı idilər. Lakin, aydın olur ki, bu siyasi qurumlar illərdir ancaq yalan şüarlar səsləndirməkdən başqa heç nə etməyiblər. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Faktiki olaraq, onlar Azərbaycanın siyasi sistemində heç bir çəkiyə malik olmayan, ölkənin siyasi gündəmi üçün əhəmiyyətsiz qrup kimi xarakterizə olunurlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, seçkilərdə iştirak edib məğlubiyyətə uğramaq, xalqın inamını qazanmamaq onların ən böyük qorxusudur. Özlərini ənənəvi müxalifət kimi qələmə verən siyasi partiya "liderləri" də yaxşı bilirlər ki, 30 ildə heç bir uğura imza ata bilməməyin sonu siyasi arenanı tərk etməklə nəticələnir. Bu faktor, əslində beynəlxalq siyasi təcrübədə də özünü göstərib. Çünki siyasi karyerada ciddi irəliləyişlərə nail ola bilməmək amili həm də, o anlamı verməkdədir ki, həmin fərdlər idarəçilik qabiliyyətinə malik deyillər.Onlar üçün seçkiyə getmək, hazırda rəhbəri olduqları siyasi partiyadan da getmək anlamına gəlir. Çünki seçkilərə qoşulmaq və oradan məğlubiyyətlə ayrılmaq, artıq, siyasi partiyada da nüfuzun itirilməsi deməkdir. Ümumiyyətlə, müxalifət partiyasının sədri iki dönəm lider olaraq qalır və seçkidə bu və ya digər səbəbdən uduzursa, partiya sədrliyindən kənara çəkilir, yerinə digər namizəd keçir. Amma, əfsuslar olsun ki, Azərbaycan siyasi müxalifətində bu ənənə yoxdur. Bu seçkini boykot edənlər həmin o ənənənin yaranmasına maneçilik törədənlərdir. Boykot texnologiyanın strateji hədəfi, eyni zamanda, cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Seçkilərə qatılmayan Əli Kərimli yaxşı bilir ki, uduzduqdan sonra tərəfdarları üzərinə gələcək və "seçkiyə qatılıb, uduzdun, artıq, bu partiyaya layiq deyilsən” fikrini səsləndirəcəklər. Buradan ortaya çıxan məntiq ondan ibarətdir ki, Azərbaycan dövlətinin, xalqının maraqları onlar üçün heçdir, lakin şəxsi maraqları öndədir. Onlar partiyanı əldə saxlamaq, siyasi çəkilərini qorumaq üçün xalqla birlikdə olmaqdan imtina yolunu seçirlər”.

Deputat diqqətə çatdırıb ki, acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Ötən illər ərzində təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri heç zaman Azərbaycan siyasi səhnəsində ciddi şəxslər kimi qəbul olunmayıblar. Bu gün seçkidən imtina edənlər, əmindirlər ki, mövcud hakimiyyətə bu və ya digər formada siyasi rəqabətdə yenə məğlub olacaqlar, daha bir uğursuz tarix yazacaqlar. Ona görə də özlərini sığortalamaq üçün bu yola əl atırlar.

K.Bayramov əlavə edib ki, artıq, hərkəs ictimai-siyasi mühitin sürətlə dəyişdiyi halda radikal müxalifətin özünün seçki və siyasi mübarizə taktikasında heç bir keyfiyyət dəyişikliyi edə bilmədiyini görür. Bu tip qərarların qəbulu radikalların seçki taktikasında qələbə təminatlı dəyişikliklər etmək gücündə olmadıqlarını aydın şəkildə göstərir. Bu baxımdan baykot qərarı sadəcə öz zəifliklərini, sosial bazanın olmadığını ört-basdır etmək üçün verilmiş bir qərardır. Azərbaycan xalq-iqtidar birliyi ilə dünyaya nümunədir. Bu birlik də əbəs yerə deyil. İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” –deyən cənab İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə