Pirotexniki vasitələrdən istifadə edənlər mütləq oxuyun - EKSPERT FAKTLARI AÇIQLADI

Pirotexniki vasitələrdən istifadə edənlər mütləq oxuyun - EKSPERT FAKTLARI AÇIQLADI

“Partlayıcı maddələrin, pirotexniki vasitələrin mülki dövriyyədə satışı və istifadəsi qadağandır. İnsanlar da bunu bilməlidirlər ki, bu cür vasitələrdən istifadə etmək həm özlərinin, həm də kənar şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış olur”. Bu barədə SİA-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspertin sözlərinə görə, təbii ki, bu mövzu ilə bağlı mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən tədbirlər keçirilir: “Bu vasitələrin qanunsuz satışını həyata keçirənlər aşkara çıxarılaraq məsuliyətə cəlb olunur. Ancaq təəssüflər olsun ki, yenə də buna səy göstərən şəxslər var. İnsanlar bunun nə dərəcədə təhlükəli olduğunun fərqinə varmadan bu vasitələrin əldə edilməsinə maraq göstərirlər. Xüsusən də azyaşlı uşaqların bu cür pirotexniki vasitələrdən istifadə etməyə maraq göstərməsi olduqca təhlükəlidir. Bu vasitələr həm yanğın riski yaradır, həm ətrafdakı insanların həyat və təhlükəsizliyini riskə atır, qapalı məkanda istifadə olunduqda insanlarda ağır fəsadlara gətirib çıxara bilir. Nəzərə almaq lazımdır ki, bəzən azyaşlılar bunu valideyndən xəbərsiz gizli yolla əldə edib evdə harasa gizlədib daha sonra istifadəsini həyata keçirir”.

E.Nurəliyev bildirib ki, bu vasitələrin mənşəyi məlum olmadığı, yəni sertifikasiyası olmadığı üçün hansı firmaya məxsus olduğu bilinmədiyi üçün bəzən istifadəsi gözlənilməz faciələrə gətirib çıxara bilir: “Hətta elə olur ki, insanın əlində partlayır, yanğın baş verir. Pirotexniki vasitələri qapalı yerdə istifadə etmək yolverilməzdir. Bu tip vasitələri azyaşlılar gizlin əldə edib evdə saxladıqları yerdə istilik ola bilər. Günəş şüalarının düşməsindən də alışmaya, yanmaya, partlamaya gətirib çıxara bilər. Valideynlər bu cür partlayıcı vasitələri əldə etməkdən uşaqları çəkindirməlidirlər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə