"İşğaldan azad olunan torpaqlarımızda 30 ildən sonra ilk dəfə səsvermə keçiriləcək" - DEPUTAT BİLDİRDİ

"İşğaldan azad olunan torpaqlarımızda 30 ildən sonra ilk dəfə səsvermə keçiriləcək" - DEPUTAT BİLDİRDİ

“Prezident seçkilərinin vaxtının müəyyənləşdirilməsi prezidentin konstitusiya səlahiyyətlərindən irəli gəlir. Azərbaycanda demokratik cəmiyyət mövcuddur, siyasi partiyalar qeydiyyatdan keçib. Bu bir daha onu göstərir ki, hər kəs demokratik cəmiyyətdə öz namizədliyini irəli sürə, prezident kürsüsü uğrunda siyasi mübarizə apara bilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan respublikasının prezidenti İlham Əliyev 20 il ərzində ölkənin inkişafı naminə çox böyük uğurlara imza atıb: “Ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, büdcə gəlirləri 30 dəfədən çox yüksəlib, valyuta ehtiyyatlarımız 68 milyard manat təşkil edir, 310 milyard dollar sərmayə qoyulub, 134 milyardlıq ümumi daxili məhsulumuz var və ən başlıcası isə Azərbaycan bu illər ərzində böyük regional layihələrə imza atıb. Misal olaraq TANAP və TAP layihələrini göstərə bilərik. Eləcə də Azərbaycan artıq Orta Dəhliz seqmentində ən önəmli yerlərdən birini tutur. İlham Əliyev bu dəhlizin iqtisadi səmərəsi ilə bağlı öz töhfəsini verib”.

A.Hüseynov bildirib ki, ən böyük qələbə isə Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsidir: “Bu böyük, möhtəşəm bir qələbədir. Bu qələbədən sonra Azərbaycanın nüfuzu daha genişləndi. Növbədənkənar prezident seçkilərində işğaldan azad olunan torpaqlarımızda 30 ildən sonra ilk dəfə səsvermə keçiriləcək. Bütün bunların hər biri onu deməyə əsas verir ki, növbəti prezident seçkiləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etməsini davam təmin edəcək və bizim nailiyyətlərimiz, uğurlarımız daha da geniş olacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə