““Boykot” üsulu ölkə və dünya ictimaiyyətinin diqqətini cəlb etmir” - MÜNASİBƏT BİLDİRİLDİ

““Boykot” üsulu ölkə və dünya ictimaiyyətinin diqqətini cəlb etmir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Seçkilərin “boykot” edilməsi köhnəlmiş siyasi mübarizə taktikasıdır. Müasir dünya ölkələrinin demək olar ki, çox cüzi hissəsində, barmaqla sayılacaq qədər ölkələrdə hələ də bu taktikadan istifadə edən siyasi qüvvələrə rast gəlmək olur. Bu taktikanın köhnəlməsini nəzərə alan dünya siyasi qüvvələri, ölkələrdəki partiyalar yeni şəraitə uyğun olan üsullar tapırlar və mübarizələrini davam etdirirlər. Eləcə də Azərbaycanda bu üsulun köhnəlməsinə baxmayaraq, təəssüf ki, buna əl atan siyasi qüvvələr var. Seçkilərin “boykot” edilməsi bir zamanlar dünyada təsirli siyasi mübarizə metodlarından biri sayılırdı. Dünyanın diqqətinin cəlb olunması, beynəlxalq təşkilatların daha aktiv şəkildə prosesə qoşulması, ölkə ictimaiyyətinin diqqətinin cəlb edilməsi, hakimiyyətdə olan qüvvələrin silkələnməsi və onların narahat edilməsi nöqteyi-nəzərindən bir zamanlar müxtəlif dünya ölkələrində seçkilərin “boykot” edilməsi uğurlu taktika sayılırdı. Amma indi dünyanın mütləq əksər dövlətlərində bunlara köhnəlmiş üsul kimi baxırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda da artıq bu yola əl atan dairələr demək olar ki, heç kimin diqqətini cəlb edə bilmirlər: “Son 10-15 ildə dəfələrlə rast gəlmişik ki, müxtəlif siyasi qüvvələr bu taktikadan istifadə etməyə çalışıblar. Ancaq Azərbaycan cəmiyyətində sorğu aparılarsa, seçkini “boykot” edən partiyaları tanıyanların çox az bir hissə olduğunu müşahidə edərik. Bu o deməkdir ki, seçki “boykot”una gedən partiyalar ölkə ictimaiyyətinin diqqətini cəlb edə bilməyiblər. Seçkinin “boykot” edilməsi tutarlı olsaydı, ölkə ictimaiyyətinin bir hissəsi ayağa qalxmalı və onların seçkiyə qatılmasını tələb etməli idilər. Amma son 15-20 il ərzində belə bir faktla rastlaşmamışıq. Çünki “boykot” üsulu ölkə və dünya ictimaiyyətinin diqqətini cəlb etmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə